Həbsxanada yatmaq da pulludur

images-cms-image-000016089

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının hesabatında kameraların qiyməti, eləcə də sifarişli hökm oxuyan hakimlərin, istintaqçıların qara siyahısı yer alıb

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesabat hazırlayıb. Alyansın Meydan TV-yə göndərdiyi hesabatda göstərilir ki, müəlliflər qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin həbsxanalarla bağlı fikirləri də hesabatda yer alıb.

Bəşir Süleymanlı: “Həbsxanada yeməyin keyfiyyəti çox aşağıdır”

–        Təcridxanada 4 nəfərlik yerdə bəzən 6 nəfər, 8 nəfərlik yerdə 10 və daha artıq təqsirləndirilən şəxs saxlanılır. Bunu tutulanların sayının coxlugu ilə izah edirlər. Cəzaçəkmə müəsissəsində vəziyyə daha da acınacaqlıdır. Məhkumlar üçün nəzərdə  tutulan yer sahəsinə nəinki əməl edilmir, hətta onlar daha da sıx yaşamağa məcburdurlar. 30 kv.m. yerdə 20 nəfər saxlanılır və kvadrat artdıqca da çox məhkumun yerləşdirilməsinə başlanılır. Ümumiyyətlə,  cəza çəkmə müəsissələrində normadan artıq məhkum saxlanılır. Bunu sadə hesablama ilə də öryənmək olar ki, əgər cəzaçəkmə müəsissəsində qanunda nə qədər adam saxlanılmalıdı, ancaq real nə qədər məhkum saxlanılır. Bizdə hətta yerin çatışmazlığından korpuslarda olan televiziya otaqlarını ləğv edib yataq otaqları düzəldirdilər. Əvəllər korpusların hər birində televiziya otagı olub. İndi yalniz korpusdan kənarda 2 televiziya otağı qalıb.

Tualet və əl-üz yumaq yerləri isə çox bərbad və natəmizdir. Qışda isti su verilmir, bu da daha çox xəstəliklərin yaranmasına və yayılmasına rəvac verir.

Həbsxanada yeməyin keyfiyyəti çox aşağıdır. Dustaqlar yalnız evdən gondərilən ərzaqlarla və həbsxananın içərisində olan dükandan ərzaq almaqla keçinirlər. Imkansız dustaqlar isə həbsxananın yeməyini yeməyə məhkumdurlar.

 

Əvəz Zeynallı: “Hətta “zon”-da yatmaq da pulludur”

 Dustaqların məhkəmələrdə saxlanılması qaydaları insan ləyaqətinə uyğun deyil. Xüsusilə, Bakı Ağır Cinayətlər Məhkəməsində saxlama yeri bərbaddır. Ora əvvəlcə milyonçuların atlarının saxlanıldığı at tövləsi olub. Havalandırma sistemi yoxdur. Orada bir neçə dəqiqə qalmaq belə insan sağlamlığı və ləyaqəti üçün təhlükəlidir. Yarıqaranlıq at tövləsində saxlanılan dustaq özünü müdafiə edə bilməz.

“Zon”- larda hər şey daha mürəkkəb və çətindir. Hava da, az qala nəfəs almaq da pulludur. Görüş, uzunmüddətli görüş, hamam, telefon, növbədənkənar görüş – hamısı pulludur.

Hətta “zon”-da yatmaq da pulludur. 2-3 manatını ver, yatmağına kimsə qarışa bilməz. Vermədinsə, vay halına, dərhal yazacaqlar və səni saatlarla “kars”ın qapılarında gözlədib başına oyun açacaqlar.

Dustaqlar arasında elə mühit yaradıblar ki, bir şey istəmək bir az da ayıb sayılır. Sistem özü bunda maraqlıdır ki, heç kim heç nə tələb etməsin. Başqa tərəfdən, hamı özü üçün hər şeyi evindən gətirir. Ona görə də hökumətin sabun-şotkasına ehtiyac duymur. Bu da yenə sistemə yarar gətirir. Çünki minlərlə dustağın adından ayrılan milyonlarla dəyəri olan vəsaiti mənimsəyirlər.

 

“Elə vur, izi qalmasın”

Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində zorakılıq və işgəncə halları azalmır. Bunu Penitensiar Xidmətdə baş verən ölüm halları da təsdiq edir; “Mən 10 saylı Cəza Çəkmə Müəsissəsində cəza çəkdiyim zaman elə hallar olub ki, 20 gündən bir bir məhkumun cənazəsini evinə göndərmişik. Bunların çoxu əcəli ilə ölüb, amma maraqlıdır ki, CÇM-lərdə tibbi-sanitar hissələr xəstələr üçün nəzərdə tutulsa da, orada xəstəliyi olmayan zəngin adamlar qalır. Bu özü işgəncədir. Xəstələr müalicə oluna bilmirlər. “Zon”- larda gecə həkim növbətçisi olmur. Bu da insanların ölməsinə səbəb olur. Penitensiar Xidmət bu haqda informasiyaları tam gizlin saxlayır. Bir neçə dəfə sorğu ilə müraciət eləsəm də, cavab verməyiblər.

“Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar. Amma rəislər razvodun qarşısında belə işgəncə metodlarından fəxrlə danışırlar. Xatırlayıram, bir dəfə 10 saylı CÇM rəisi Mirsaleh Seyidov razvodun qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: “Elə vurun ki, izi qalmasın. O üsulları biz bilirik. Heç olmasa bizdən öyrənin”. İronik deyilmişdi, amma dəstə ilə dustaqları tapdaladıqları hər gün ölüm risqi var. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər.

Siyasi məhbuslara təzyiqlər və işgəncələr

Hesabatda qeyd olunur ki, həbsdə olduğu müddətdə Sülh və Demokratiya İnstitunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusa qarşı həmişə hakimiyyətin psixoloji təzyiqləri olub.

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus, REAL hərəkatının sədri İlqar Məmmədov, ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP fəalı, siyasi məhbus Elvin Abdullayev, AXCP fəalı, siyasi məhbus Murad Ədilov və digərləri işgəncələrə məruz qalıblar.

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin

 QARA SİYAHISI;

Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər;

1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədi

2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi

3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi

4. Əlifağa Qasımov- Sabirabad rayon polis şöbəsinin rəis müavini

5. Vüsal Şəbəndiyev- DİN Sabirabad polis şöbəsi cinayət axtarış şöbəsinin rəisi

6. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin keçmiş növbətçi hissə rəisi

7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib

8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi

9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş rəisi

10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi

11. Rauf Məmmədov- 12 saylı CÇM- nin rəisi

12. Qacay Aslanov- 17 saylı CÇM- nin keçmiş rəisi müavini

13. Babək İsgəndərov- 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”

14. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi

15. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi

16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi

17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi

18. Əli İbrahimov- 14 saylı  CÇM-nin rəisi

19. Nizami Quliyev- Vərəm Dispanserinin rəisi

20. Elçin Əlicanov – 17 saylı CÇM- nin rəisi

21. Fəqan Yaqubov – Bakı İstintaq Təcridxanasının əməkdaşı

22. Fikrət Qafarov – Qobustan Qapalı həbsxanasının rəisi və s.

23. Tərlanov Elman Zöhrab oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

24. İmanov Pərviz Nüsrət oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

25. Kazımov Azər Əzizağa oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

26. Məmməd Mahmudov- 16 saylı CÇM- nin keçmiş rəisi

Həbs yerlərində korrupsiya halları

Aparılan araşdırmalar göstərir ki, həbs yerlərində hər il korrupsiya nəticəsində böyük həcmdə pullar yığılır və dövriyyədə olur. Bu pullar ölkədə mövcud olan korrupsiya iyerarxiyasına  uyğun şəkildə toplanır və yuxarılara ötrülür.

“10-cu “zon”-un rəisinin aylıq gəliri 280.000 manatdır”.

Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi bütün maddələri ilə korrupsiya predmetidir; “Qanunun tələb etdiyi hər şey pula çevrilib məhkuma qaytarılır. Məhkuma həftədə 2 dəfə qanuni telefon haqqı verilir, amma məhkum hər gün danışa bilir. Bir 15 dəqiqə 1-5 manat arasıdır (zonlara görə dəyişir, məsələn, 10-ci zonda 1-2, manat, 13-14-cü zonlarda 3-5 manat arası). Bir məhkum gündə 3-5 dəfə də danışa bilər, puluna minnət. Hər gün telefonda oturan nəzarətçiyə hər danışığa görə pulunu da ödəməlidir.

Hamam eləcə. Qanun həftədə 2 gün icazə verir çimməyə. Amma hər gün çimə bilərsən. 30 dəqiqə 50 qəpikdir. Bəzi “zon”-larda 2-3 hamam var. İmkanı olanlar ayrı hamamda – 2 nəfərlik, tək adamlıq hamamlarda çimə bilərlər. 10-cu “zon”- da 1 saatı 2 manata hamam da var, 1 saatı 1 manata da hamam var, yarım saatı 50 qəpiyə də…

Bütün qalan məsələlər də eləcə. Mən bu haqda elə cəza çəkə-çəkə – içəridə araşdırma aparmışam. 10-cu “zon”- un rəisinin ayda götürdüyü xalis gəlir 280.000 manatdır. Hər şey məhkumun gözlərinin qarşısında baş verir.

Minlərlə dustağın hər gün 3 dəfə yeməli olduğu yeməklərin, ildə 2 dəfədən az olmayaraq verilməli olan pal-paltarların pulları sakitcə mənimsənilir”.

   

“Burjuy” kamera – 500- 2 000 manat

 

 
Sıra

Sayı

Alınan rüşvətin təyinatı Rüşvətin həcmi Qanunda dövlət rusumu nəzərdə tutulurmu?
1. Məhbusa sovqat və ya bağlama göndərmək 5- 15 manat Xeyr
2. Məhbusla görüş 20-100 manat Xeyr
3. Aşağı çarpayıda yatmaq 150- 200 manat Xeyr
4. “Burjuysku” kamerada yer almaq 500- 2000 manat Xeyr
5. CÇM- lərdə xüsusi otaqlarda qalmaq 1 ayı 150-300 manat Xeyr
6. Saç saxlamaq 10- 20 manat Xeyr
7. İdman zalında məşq etmək 10-30 manat Xeyr
8. Telefonla danışmaq 1- 10 manat Xeyr
9. ½- lə vaxtından qabaq azad olmaq ayı 350- 400 manat Xeyr
9. 1/3- lə vaxtından qabaq azadlığa çıxmaq ayı 200- 250 manat Xeyr
10. Fərdi qaydada hamamda çimmək 1-5 manat Xeyr
11. Camaşırxanada paltar yumaq 1 paltar 50 pik-1 manat Xeyr
12. Tibbi Müəsissəyə (“Sançasta”) getmək 200- 500 manat Xeyr
13. Əlavə olaraq Tibbi Müəsissədə qalmaq ayı 150- 200 manat Xeyr
14. Uzun müddətli görüş almaq 150- 300 manat Xeyr
15. “Karmoşka”- nı (gözlüyü) açdırmaq 1 saatı 5 manat Xeyr
16. Kamerada vintiliyator və elektrik pilətələrinin saxlanması 1 ayı 10- 30 manat Xeyr
17. Yeməkxanada yemək 1 porsiyası 3- 7 manat Xeyr
18. Çarpayının 1- ci yarısında yer almaq 150- 200 manat Xeyr
19. Karantində məcburi əməyə cəlb edilməmək üçün 250- 300 manat Xeyr
20. Kompyuter mərkəzində oyun oynamaq saatı 5 manat Xeyr

Hesabatda siyasi məhbuslar haqqında hökm çıxaran hakimlər, istintaqı aparan prokurorluq adamları, saxta rəy verən ekspertlərin qara siyahısı tərtib olunub. Həmçinin İnsan Haqları üzrə Birgə İşçi Qrupunun fəaliyyəti də qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button