Hədəf, mübarək olsun!

idris-heyderli-kose12aznsdfgfd

Bu coğrafiyada son söz sahibliyimiz Xanlıqlarla bitdi.
İşğal edildik.
İşğaldan sonra ilk olaraq hərbi idarəetmə-komendantlıq, sonra isə qubernatorluq tətbiq olundu. Çar siyasi düşüncəsi coğrafi olaraq bizi Qafqazın parçası olaraq görmək istəyirdilər. Nəticə ala bilmədilər.
Qafqazı isə ideoloji xristian kimlik mərkəzi etmək istəkləri baş tutdu. Bu ideoloji tətbiqdə müsəlmanlar şiə və sünni olaraq qarşılaşdırıldıqca xristian kimliklər idarəetmə mövqelərini gücləndirdilər.
Nəticə belə bir mənzərə yaratdı ki,
Siyasi idarəetmə Xanlıq sistemini dondurdu, hərbi rejim miras olaraq “Komendant saatı”na döndu.
Coğrafi olaraq bizim sərhəd olaraq sahib olduğumuz Qafqazın əsarətinə alındıq.
Kimlik olaraq isə şiə və sünni olaraq Xristian mərkəzli Qafqazın qapısındakı sahiblikdən Qula döndük.
Kimlik durumumuz şiə və sünni adlandırmalardan tatar, tərəkəmə, qarapapaq, türk, tat, talış…, tanımasına doğru ilk olaraq yazılarda görünməyə başlandı.
Çar Rusiyasının bizlərdən istəyi “böyük çəpər” olaraq qalmamız idi.
Yalnız siyasi, hərbi və ticarət dili ilə ünsiyyət qurmaq arzusunda oldu və nəticəsini də ala bilirdi.
Qacarların siyasi və ideoliji ağırlığı isə zaman içində hiss olunmağa başlandı.
1700-cü illərdən sonrakı halımız 1900-larda harada idi, nə olmuşdu, nəticələr necə idi, bilmədən hədəf qoya bilməyəcəyik, Hədəf olacağıq.
Qacarların mədəniyyət dili coğrafiyamızda çevikləşdikcə, Osmanlı mədəniyyət dili də 20 yüzildən görünməyə başladı.
Coğrafiyamızda kimlik inşası nə Çarın, nə Qacarların, nə də Osmanlının ağlında var idi. Hər üçü bizi öz kimliyin parçası kimi görmək cəhdində idilər.
Sovetlərin gəlişi hər iki dili arxa plana qoydu.
Sovetlər siyasi, hərbi, ticari dilə mədəniyyət dilini də əlavə etdi.
Azərbaycan sovet mədəniyyəti beləcə azərbaycanlı kimliyini yaratdı.
Azərbaycanlı kimliyi tarix və zaman olaraq sovet kimliyində Qafqazla İran arasında müəyyən olunmayan miraslara sahibliyi ilə şəkilləndi.
İrana qarşı hazırlanan Azərbaycan ilə Qafqazların qulu olan Azərbaycan məsələsini həll edə bilməyən sovetlər çöküşü ərəfəsində müstəqil Azərbaycana bu iki mirası dərd olaraq buraxdı.
Qafqaz Azərbaycanının dərdi xristian erməni məsələsi 300 illik bir yara olaraq qaldı.
İrana qarşı istifadə olunacaq Azərbaycanı isə mədəniyyət dili yara olaraq parçaladı.
Hədəflər nəticə verdi.
Hədəf olmaq nişana tüş gələcəksən deməkdir.
Hələ də hədəf olaraq görülürük.
Rus komendatlığı hələ də davam edir. Dövlət olsaq belə ” komendant saatı” ilə Xanlıqların davamıyıq.
Geostrateji olaraq ingilis düzəninin Xəzər qapısıyıq, Araz səddiyik.
Kimlik olaraq isə azərbaycanlı,
Mədəniyyət dili olaraq isə…
Arxamızda qaranlıq, önümüzdə işıq olduğca kim yol göstərdisə ora doğru gedəcəyik.
Çarəmiz arxamızda olan qaranlıqları aydınlatmaqdan başlar.
Hədəf seçməyincə hədəf olmaq qəzamız olacaq.
Bayramınız mübarək olsun.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button