Hədiyyə Şəfaqət: “Nə zamansa var olduğun üçün çox sağ ol…”

Hədiyyə Şəfaqət

 

 

Bu gün atam gedən gündür…

Atam dörd il əvvəl, bu gün gedib, o gündən bu günə atam məndən hər gün gedib…
Qəlbim dolu-doluydu…
Susdum…
Sevgi üçün çox sağ ol…
Gülümsəyən gözlər üçün çox sağ ol…
Məni heç zaman qırmadığın, sarsıtmadığın, üzmədiyin üçün çox sağ ol…
Nə zamansa var olduğun üçün çox sağ ol…
Mənim atam olduğun üçün çox sağ ol…
Güvəndiyin üçün çox sağ ol…
Dostluğun üçün çox sağ ol…
Hər şey üçün çox sağ ol…
Bilirsənmi, istəmişəm ki, məni sənin məzarında dəfn etsinlər…
Görüşəcəyik, amma indi yox, sənin bütün yarımçıq qalan arzularını gerçəkləşdirmədən olmaz…
Salamat qal…
Səni sevirəm…

 

Bu gecə atamın yatağında yatdım…

 

Köhnə,
Quru,
İyini itirmiş yatağında
Sahibinin kimliyini itirmiş yatağında…

Başımı yastığına qoydum – nəfəsin soyuqluğuna…
Ayaqlarımı bətnimə sıxdım – atamın evimizdəki yoxluğuna…
Körpəm…

Kədər
Kədər
Kədər…

Pəncərədən o üzdə narın qar…
Yığışdırılmamış süfrədə şərab…

Bir az da sərxoşdum,
Deyəsən
Ağlımın itdiyi yerəcən sayaqladım…

Ağladımmı?
…Heç bircə damcı da ağlamadım…

 

…Atam

 

Ağaclar ölməz-deyərdi, uşaqdım-
Ağaclar da adam kimidir…

…Və tək istədiyi
Ağaclar kimi olmaqdı-
Ölmədiklərinə inandığı…

…Mənə gözlərimdəki kədər də ondan qaldı,
Parıltı da
Sevgi də ondan qaldı insanlara və hər şeyə…
Sanki taleyimi də o vermişdi-yolçu ruhuyla,
Hey deyərdi ki, olmaq istədiyi yerlərdə olmadı…

…Uzaqları deyirdi,
Bir zaman oralardan çıxıb gəlmişdi
Təkdi…

Dünyaya sığışmayan bir halı vardı,
O halına uysaydı gedəcəkdi,
Bəlkə də bir az da mənim xətrimə, bir az da anamın-
İçinə gömmüşdü arzularını
Çölüylə yaşamağa başlamışdı-sakit, sevgi dolu, gülümsəyərək…

Bir gün öldü…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button