Həkim səhvi nədir?

Həkim səhvinin növləri

Tibbi xidmət də digər peşə fəaliyyətlərində olduğu kimi riskli işdir. Bir tərəfdən insan sağlamlığından şikayət etdiyi üçün artıq var olan problem ilə həkimə müraciət edir – başqa problemlə qarşılaşıldığında isə xəstəliyi, yəni mövcud problemi günahkar çıxarmaq asandır. Amma digər tərəfdən, həqiqətən tibbi xidmətin də səhvləri olur, deyilmi? İndi biz, ortada problem varkən kimin yaxasından yapışacağıq – həkiminmi, yoxsa xəstəliyinmi?!

Əvvəlcə insanlarımızın tibbi xidmət haqqında yanlış olan təsəvvüründən bir nümunə verəcəyəm. Çoxumuz mətbuatda falanca marka maşınlarda xəta tapıldığı üçün istehsalçı şirkətin filan qədər təzminat ödədiyini eşidirik. Yaxud telefonumuzu ustaya aparıb ekranını dəyişdiririk – işləməyincə də, əlbəttə, ustanın yaxasından yapışacağımız gün kimi aydındır. Lakin ilk baxışdan bənzər olsa da, insan orqanizmi digər texniki vasitələrlə eyni deyildir.

Birincisi, bütün texniki vasitələr müəyyənləşdirilmiş tələblərə uyğunlaşdırılır. Məsələn, götürək ki, maşınların hava yastığı saniyədə 10 metr sürətlənmə hiss etdiyi zaman açılmalıdır deyə texniki tələb var. Bunu hava yastığını maşına quraşdırmadan əvvəl stenddə sınaqdan keçirmək asandır və bir seriya buraxılışında hər cihaz bir-birinin praktik olaraq eynisidir – standartdır bir növ. İnsan üçün isə bu, keçərli deyildir. İnsan orqanlarını və ya sağlamlığını cihaz kimi əvvəlcədən stenddə sınaqdan keçirmək olmur və insanlar da zavoddan standart “buraxılmırlar” axı.

İkincisi, sizin telefonunuza taxılmış ekran işləmirsə, burada ekranın istehsalçısını da, ustanı da gühanlandırmaq olar. Amma sizin mədənizi kiçiltdikdən sonra hələ də çəki itirmirsinizsə, həmən həkimin üstünə düşməyin, zira hələ də kökələn orqanizmi “ekspluatasiya” – istismar edən sizin özünüzsünüz, həkim deyil.

Amma bu sətirləri tibbi xətaların olmadığını iddia etmək üçün yazmıram. Tibbi xətalar da mövcuddur, həkim səhvi də. Əslində, məsələ kifayət qədər qarışıq və uzundur. Lakin yenə də kiçik bir sinifləndirmə aparmaq olar.

İnsanın peşə fəaliyyəti nəticəsində ortaya çıxan xətalara “malpraktiz” deyilir. Hüquqi termin olaraq “malpraktiz”, mal – xəta və practice – peşə fəaliyyəti sözlərinin birləşməsindən əmələ gəlib və peşə fəaliyyətinin xətası kimi anlaşılır. Bütün peşə növlərində malpraktiz mövcuddur və bütün peşələrdə malpraktiz hüquqi məsuliyyət yaradır.

Həkimlik peşəsində malpraktiz növləri

Yanlış diaqnoz. Öz-özlüyündə hələ müalicəyə başlanmamış səhv diaqnoz qoyulması artıq malpraktizdir. Axı həkim hələ müalicəyə başlamayıb, əməliyyat etməyib ki, xəstəyə zərər qeydə alınsın deməyin.

1. Yanlış diaqnoz. Xəstəyə yanlış müalicə aparılmasına gətirib çıxarır. Həmişə ziyanlı olmasa da, yanlış müalicə lüzumsuz olduğu üçün belə artıq zərərlidir.

Xəstəyə lazımlı müalicənin aparılmasını gecikdirdiyi üçün də səhv diaqnoz ciddi xəta sayılır.

2. Doğuş zədələri. İnsanın dünyaya gəlməsi prosesi öz-özlüyündə müəyyən risk daşısa da, tibbi heyətin xətası ucbatından da əlavə ziyan dəyməsi ehtimalı vardır. Öz peşə fəaliyyətimdə əkiz erkək dölün normal doğuşu zamanı həkim barmaqları arasında sıxışmış xaya ilə qarşılaşmışam. Sonradan o xaya balacalaşaraq nə vaxtsa normal fəaliyyət göstərmək qabiliyyətini itirdi. Doğrudur, digər sağlam qalan xayası da gələcəkdə kifayət edəcəkdi, amma yenə də xoş bir hadisə deyil.

Ailə həkimdən şikayətçi olmadı, əksinə şükr etdilər, çünki uşaqlar böyük məşəqqətlərdən sonra yardımçı nəsilartırma metodları (süni mayalanma) ilə ərsəyə gəlmişdilər. İldən çoxdur onların işinə tər tökən ginekoloqu incitmək istəmədilər. Amma istəsələr, incidə bilərdilər.

Doğuş travmalarında günahkar hər zaman tibbi xəta deyildir. Əslində, doğuş zamanı həkimin vəzifəsi doğuşu düzgün aparmaq deyil – doğuş özü düzgün getməlidir – doğuş prosesində xətanın qarşısını almaqdır. Amma yenə də doğuş xətalarında aşağıdakı hallara diqqət etmək lazımdır.

Doğuşu çətinləşdirən hallar mövcuddurmu? Məsələn, çanaq balacadır və qadın artıq başlamış doğuş prosesi ilə müraciət edib. Burada həkimin dölün mümkün olduqca zədəsiz doğuşuna çalışması gərəklidir. Əgər vaxt varsa, dərhal qeysəriyyə əməliyyatına keçmək lazımdır. Gecikmiş hallarda bu, hər zaman mümkün deyil və artıq riskli prosesi birtəhər idarə etmək lazımdır.

Gördüyünüz kimi, vəziyyət kifayət qədər mürəkkəb və risklidir. Belə doğuş sırasında körpənin baş dərisi altında qansızması müşahidə edilərsə, peşəkarlar həkimi təbrik edərlər. Yaxşı, başqa vaxt belə hematoma görə tənbeh olunmaq da mümkündür axı?! Bəli, mümkündür, amma ikinci halda yəqin ki, qadında çanaq patologiyası yox imiş.

Doğuşu çətinləşdirən heç bir hal yox ikən xəta çıxması. Normal qeysəriyyə əməliyyatı zamanı uşağın bazu sümüyünün qırılmasını birmənalı həkim xətası kimi qiymətləndirmək olar.

3. Dərman istifadəsi xətaları. Ən çox görülən malpraktiz növüdür. Məsələn, həkim sizə lazımsız dərman təyin etdi. Hətta bu dərman sizə ziyan verməsə belə, lüzumsuz olduğu üçün belə təyinat artıq xətalı sayılır.

Dərman istifadəsində ən çox danışılan və gözə batan dərmana qarşı reaksiyadır. Birinə əzələdaxili edilən antibiotikdən sonra şok hadisəsi yaşanaraq xəstənin itirildiyini düşünək. Belə hallar nadir olsa da, mümkündür. Həmən hər kəs həkimi və ya tibb bacısını günahlandırır. Ancaq tibb elmi və hüquq məsələyə başqa cür baxır.

Verilən dərmana qarşı allergiya olması, nə qədər qəribə səslənsə də, xəstənin öz problemidir. Buna hazır olmaq və qarşısını almaq isə artıq həkimin məsuliyyətindədir.

Dərman allergiyasına bağlı şok hadisəsi (əslində Kvinke ödəmi) ilə həyatımda iki dəfə qarşılaşmışam. Birincisi, bundan düz 20 il əvvəl İstanbulda kənar məhəllələrdən birində kiçik bir klinikada baş vermişdi. Aylıq 65 dollar təqaüdə yaşamaq çətin olduğu üçün gecələr belə klinikalarda növbələrə çıxırdım. On beş yaşında ən az 85 kiloqram bir oğlan əlləri cibində klinikaya daxil oldu. Arxasından isə əllərini göbəyinin qarşısında çarpazlamış və boynunu bir az bükmüş, sanki təzim edirmiş kimi sakit pozda anası gəlirdi. Oğlan kök idi və gözlərinin altındakı şişliyi buna bağlamaq asan idi. Amma oğlan bir az əvvəl ağrıkəsici içdiyini və göz qapaqlarında şişkinlik hiss etdiyini söyləyincə, işimin çətin olduğunu anladım. Hər şeyi ilə normal görünən, camaatın dili ilə desək, “bir az gözü şişmişdi” deyəcəyimiz xəstənin başına bir azdan nə pəstahanın gələcəyini ancaq həkimlər bilir.

Vaxt az idi. Xəstəyə təcili “Kortikosteroid” və allergiya əleyhinə dərman vurulmalı idi. Həm də mütləq damar daxilinə. Əzələyə vurulan dərmanların mənimsənilməsi bir az vaxt aparır, təcili hallarda mümkün olduğu qədər tez fayda almaq üçün dərmanları damar daxilinə yeritmək lazımdır. Amma nə tibb bacısı, nə də mən xəstənin venasını tapa bilmədik. Həm köklük, həm də artıq başlamış şok bütün venalarını gizlətmişdi. Çox gözləmədim – üçüncü cəhd də alınmayınca,“Dekzametazon”u birbaşa bud əzələlərinə vurdum. Xəstəni çevirərək, iynəni sağrısına vurmağa artıq vaxt yox idi. Elə bu sırada xəstənin ürəyi dayandı.

Özümüzü bir anlıq xəstənin anasının yerinə qoyaq: bir az gözlərinin altı şişmiş top kimi oğlu öz ayağı ilə klinikaya gəldi və həkimin vurduğu iynədən sonra …öldü. İnanmaq nə qədər asandır, deyilmi? Çığırmağa başlayan anasını həmən otaqdan çıxarıb ürək masajı və süni tənəffüsə başladıq. Hava yolunu artıq yerləşdirmişdim, amma nəfəs borusuna kateter taxmağa vaxt yox idi. Bu sırada təcili yardım maşınımızı da hazırladılar və oğlanı mən masaj və süni tənəffüs edə-edə 200 metr uzaqlıqdakı xəstəxanaya apardıq. Anası da qaça-qaça arxamızca gəlirdi.

Xəstəxanaya girdiyimiz vaxt anası bizə yetişdi. Elə bu sırada gözünü açan oğlan:

– Anne, bu ne ya? Bunlar ne yapıyor? -dedi.

Sonra da ayağa qalxıb yenə əlləri cibində deyinə-deyinə anası ilə birlikdə xəstəxanadan çıxıb getdi. Beş dəqiqə əvvəl əzələsinı vurduğumuz “Dekzametazon” ancaq indi təsir etmişdi. Amma o oğlan və anası bunu heç vaxt başa düşməyəcəkdilər.

Dərmana qarşı allergiyanı əvvəlcədən hesablamaq və ya sınaqdan keçirmək mümkün deyildir. İynə vurulmadan əvvəl qola qoyulan “prob” isə mənasız vaxt itkisidir. Dərmana qarşı allergiyada işə yardım edən ancaq xəstənin nəyə qarşı allergiyası olduğunu bilməsi (əgər belə bir hal ilə əvvəl qarşılaşıbsa) və ən vacibi həkimin buna hazır olmasıdır. Məhz bu hazırlıq şərtindən ötürü bütün əzələ və venadaxili dərmanlar mütləq xəstəxana şəraitində vurulmalıdır.

4. Anesteziya xətaları. Əməliyyat etmədən əvvəl uyuşdurucu və ağrıkəsici fəaliyyətlərin, yəni narkozun özü risklidir. Vaxtilə bunun haqqında geniş bir yazı yayınlamışdım. Amma qısa şəkildə burada da yazmaq mümkündür.

Anesteziya hadisəsi özü riskli bir prosesdir. Əməliyyata qərar verərkən həkim bütün güncəl məsələlərlə yanaşı, anesteziya riskini də gözə alır. Bütün xəstələr anesteziya cəhətdən 4 qrupda qiymətləndirilə bilər (əslində, hazırda tibbdə daha mükəmməl başqa bir sinifləndirmə tətbiq edilir).

  1. Risk yoxdur. Bəli, riskin tapılmaması öz-özlüyündə bir qrupdur. Hətta əməliyyatdan əvvəl yoxlamada heç bir risk aşkar edilmədiyi faktı belə nə isə baş verməyəcəyindən bizi sığortalamır. Risk olmadığı hallarda belə, əməliyyat vaxtı həyatı təhdid edən halların başvermə ehtimalı kobud olaraq yüz mində birdir. Bu cür hallarda eynilə allergik reaksiyaya tətbiq etdiyimiz məntiqlə çıxış edirik: nə isə olacağına hazır ol.
  2. Risk azdır. Bu vəziyyətdə kobud olaraq həyati təhlükə ehtimalı yüzdə birdən azdır.
  3. Risk ortadır. Həyati risk kobud olaraq onda birdir.
  4. Risk yüksəkdir. Artıq həyati risk üçdə bir ilə yarıbayarı arasındadır.

Əməliyyatdan əvvəl anestezioloq

  1. Əməliyyat riskini düzgün müəyyənləşdirməli.
  2. Aşkar edilməsi və ortadan qaldırılması, şiddətinin azaldılması mümkün olan riskləri ortadan qaldırıb və ya şiddətini aşağı saldıqdan, nəzarət edə bildikdən sonra əməliyyata icazə verməli,
  3. Aşkar edilməsi mümkün olmayan risklərə isə hazır olmalıdır.

Bütün hallarda xəstə və yaxınları mümkün risklər haqqında əvvəlcədən məlumatlandırılmalıdırlar. Belə bir məlumatın verilməməsi artıq öz başına bir xətadır.

5. Əməliyyat xətaları. Çox şikayət edilib, əslində az rastlanan qəbildən riskdir.

Cərrahi əməliyyat sırasında cərrahdan asılı olmayan xətalar çıxa bilər. Məsələn, böyrəkdən qapalı daş çıxarılması sırasında damar zədələnməsinin bir forması kimi arterio-venoz fistullar. Bütün dünyada bu xəta ilə mində 3 ehtimalla hər kəs qarşılaşır. Öz praktikamda 3 000 əməliyyata 5 hadisə ilə qarşılaşmışam. Cərrah əvvəlcədən bunun qarşısını ala biləcək heç bir tədbir görə bilməz. Artıq problem özü baş verdiyi zaman ortadan qaldırmaq üçün tədbir görülməlidir. Ortadan qaldırılması üçün cərrahın maddi məsuliyyətə çəkilməsi də yolverilməzdir. Əgər qapalı böyrək daşı çıxarılması sırasında arterio-venoz fistul ilə qarşılaşdınızsa, bu, xəstəliyin problemi sayılır, həkimin deyil.

  • Cərrahi əməliyyat sırasında texniki və ya peşə vərdişlərinin çatışmazlığı kimi səbəblərdən, xəstəliyin özünün ağırlaşdırmadığı xətalarla da qarşılaşmaq mümkündür. Məsələn, adi böyrək çıxarılması zamanı onikibarmaq bağırsağın zədələnməsi və xüsusi bir hal kimi bunun gözdən qaçırılması. Mənim şəxsi praktikamda onikibarmaq bağırsaq zədələnməsi bir dəfə qeydə alınıb. Böyrək daşı səbəbilə böyrək və peritonarxası sahənin absesi (irinləməsi) üçün apardığımız əməliyyatda adi bir tampon toxunuşundan bağırsaq cırıldı. Zədə çox kiçik idi, amma 4 millimetrlik bu dəliyi görmək mənə qismət oldu. Yerindəcə təmir etdiyimiz üçün də sonradan heç bir problem yaşanmadı. Amma sadə bir böyrək əməliyyatında belə bir hal baş vermiş olsaydı, yaxud yırtıldığını görmədən əməliyyatı bitirsəydik, ciddi xəta sayılmalıydı.

Əməliyyatlarda qarşılaşılan digər xəta növü də orqanizm daxilində alət və ya tampon unudulmasıdır. Bütün dünyada bu, tibb bacısının xətası sayılır. Xəstə daxilində bir şey unutmamaq üçün bütün alətlər dəst olaraq açılır və tamponlar, alətlər tək-tək sayılır. Əməliyyat sonunda alət və ya tampon əksikdirsə, tibb bacısı, …bəli, bəli, tibb bacısı əməliyyatı sonlandırmağı qadağan edə bilər. Çox vaxt cərrahların əməliyyat otağının “əsas oğlanı” və ya qəhrəmanı olduğunu düşünürük. Əslində elədir də, amma alət və tampon sayımı düz gəlməzsə, tibb bacısı vəziyyətin ağasıdır. Mən, şəxsən 2 dəfə tampon sayımını gözləmişəm. Birində yarım saatdan çox çəkdi, yorğun idim, darıxırdım və deyinmək haqqımı da özümdə saxladığım üçün əməliyyatxanadakılara dişimin dibindən çıxanı deyirdim. Lakin yaranı tikmirdim: tibb bacısı icazə vermədən heç bir cərrah yaranı bağlaya bilməz.

Əlbəttə, çox pis hərəkətdir: tibb bacısı da fağır bir qız idi, ağlamaq tutmuşdu. O zaman çox utanmışdım, amma bilmirəm, könlünü daha sonra ala bildimmi?! Sonunda o qədər axtardığımız tampon mənim başımdakı bonenin altından çıxdı. Alnımdakı tər yaraya düşməsin deyə tibb bacısının verdiyi dəsmalı sanitar taxdığım bonenin altına qoymuşdum.

Həkimlik fəaliyyəti sırasında xətalar istəməsək də, həmişə çıxacaqdır. Bütün dünyada, xüsusilə də inkişaf etmiş cəmiyyətlərdə bununla mübarizənin yolları axtarılır. Minlərlə hüquqi və tibbi prosedur qaydaları tətbiq edilir. Xəstə və yaxınları olaraq sizin, əlbəttə, bu qaydaları bilməyiniz tələb olunmur. Amma xüsusi riskli, inkişaf etməmiş cəmiyyətin nümayəndələri olaraq bizim digər ölkə vətəndaşlarından fərqli olaraq xəstəliyimiz, keçirəcəyimiz müalicə prosesi haqqında bir az daha çox məlumat almağa çalışmağımız, oxumağımız, məsləhətləşməyimiz lazımdır.

Xəstələr problemlə qarşılaşdıqlarında nə etsinlər?

Birinci növbədə, vəziyyəti anladığınızı həkimə söyləyin. Bunu mümkün olduğu qədər nəzakətlə və mehribancasına edin. Həkim də insan övladıdır – basqı altında qaldığında işi uzada bilər, lazımi məsləhətləşmələri aparmaya bilər, yalan da danışa bilər. Cəsarətlə problemin və hay-küy salan xəstə yaxınlarının qarşısında duruş gətirən həkim çox azdır. Tibbi personal hay-küy altında effektiv işləyə bilmir. Sizə qarşınızdakı problemdən qurtulmaq lazımdır, onsuz da tibbi xidmətdən narazılığınız səbəbilə istədiyiniz vaxt şikayət edə bilərsiniz. Amma o anda soyuqqanlılığı qorumaq və həkimə

  • Nə baş verdiyini və
  • Bununla başa çıxıb çıxılmayacağını soruşmaq lazımdır.

Həkim xəstə yaxınlarının aqressiv olmayan davranışını gördüyündə o problemi həll etmək üçün daha effektiv çalışacaqdır. Basqı altında qalan həkim hadisəni ört-basdır etməyə çalışa bilər – bu gün Azərbaycan məhkəmələrində nə hoqqalar çıxarıldığını yəqin siz də bilirsiniz. Üstəlik, bu hoqqabazlıqlar həkimlərin ucbatından olmasa da, həkimlər özləri bu hoqqalardan istifadə etmək istəyinə düşə bilərlər.

“Nə baş verir, bunu həll etmək üçün nə etməliyik” suallarını verib sakitliyi qorusanız, Azərbaycanda sizin probleminizi mütləq həll edən biri tapılacaq. Çünki hamımızın birlikdə zibilini çıxardığımız bu cəmiyyətdə az-çox səlis işləyən elə səhiyyə sistemidir.

meydan tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button