Həkim-siyasətçini işə bərpa etmirlər

Bir müddət öncə Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov Ali Məhkəməyə üz tutur. Rayon və Bakı Apellyasiya Məhkəməsi siyasətçi-həkimin şikayətini rədd edib.

İşdən qanunsuz çıxarıldığını iddia edən H.Rüstəmov əvvəlcə Nəsimi rayon Məhkəməsinə üz tutub. Ötən ilin noyabrında rayon məhkəməsi H.Rüstəmov işdən uzalaşdırılmasını haqlı hesab edib.

“Bakı Apelyasiya Məhkəməsinə şikayət vermişdim. Dünən (16 mart) hakim Elnur Həsənovun sədrlik etdiyi məhkəmə heyəti Nəsimi məhkəməsinin qərarını qüvvədə saxladı”, deyən H.Rüstəmov apellyasiya instansiyasının qərarının onun üçün təəccüblü olmadığını Turan-a bildirib.

“Çünki mənim siyasi sifarişlə işdən azad olunmağım tam aydın idi. Hakimiyyət hesab edir ki, dövlət sektorunda çalışan ya hakimiyyət partiyasının üzvü olmalıdır, ya da ölkədə baş verən haqsızlıqlara laqeyd qalaraq heç bir siyasi etiraza qatılmamalıdır”.

Həsrət Rüstəmov Ali Məhkəməyə şikayət edəcəyini, hüquqları bərpa olunmazsa, Avropa Məhkəməsinə üz tutacağını bildirib.

Yada salaq ki, H.Rüstəmov bundan əvvəl AzadlıqRadiosuna ötən il oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə Səbail Rayon Polis İdarəsində sorğu-sual edildiyini açıqlamışdı. Daha sonra isə onu çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarıblar.

H.Rüstəmov işdən çıxarılmasının siyasi sifariş olduğunu bildirmişdi. Ancaq Bakı Şəhər Təcili Yardım Stansiyası H.Rüstəmovun siyasi sifarişlə işdən çıxarılması fikrini qəbul etmir, onun əmək intizamını pozduğunu iddia edir.

Bundan öncə də müxalif partiya təmsilçiləri siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətlər dilə gətiriblər.

Demokratik Qüvvələrin Milli Şurası ötən ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan AXCP-nin üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi. Onlardan ikisi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirlər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.

Sonra isə Milli Şuranın aksiyasında iştiraka görə Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ayşad Məmmədov və bir poçtalyonun işdən çıxarıldığı bildirilmişdi. Hərçənd, rəsmi qurumlar onların sırf mitinqdə iştiraka görə cəzalandırıldıqları haqda deyilənləri təsdiq etməyiblər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button