Həsən Şirinovun “adamı” “Montin”də aylıq “taksa” yığır – VİDEO

tural memmedov

Nərimanov rayonunda “Montin” qəsəbəsi kimi tanınan Daş Karxanası küçəsindən dəmir tullantıları yığan sakin Tural Məmmədov sahə müvəkkili Asim Əliyevin ondan aylıq 200 manat taksa tələb etdiyini deyir

Xural.com-a şikayayətlə müraciət edən Tural Məmmədov bildirir ki, maşınının “podpres”ini, yan güzgülərini, şüşələrini, “kapotu”nu sındırıblar, akkumlyatorunu yerə çırpıb dağıdaraq, yerinə qoyublar. Bütün bu təzyiqlər də o zaman başlayıb ki, ətrafda metal toplayaraq, satan Tural Məmmədovdan Nərimanov rayon 17-ci PB-nin sahə müvəkili Asim Əliyev hər ay 200 AZN rüşvət tələb etməyə başlayıb. A.Əliyev belə də deyib, “bu ərazidə göy satandan tutmuş iri market sahibinədək mənə aylıq “taksa” verir, sən kimsə ki, verməyəsən”.  Maşının təkəri altına qumbara qoyulmasından tutmuş, bədən xəsarətilə işgəncələrə məruz qalmağadək edilən bütün təzyiqlərlə üzləşən T.Məmmədovun sözlərinə görə, sahə müvəkkili hər yerdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun “adamı” olduğunu deyir. Dəfələrlə hüquq mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq, T.Məmmədovun şikayətlərinə nəinki baxılmır, hətta üzərinə olan təzyiqlər artır, münasibətlər gərginləşir. Nərimanov rayon 17-ci PB-nin “xüsusi tapşırığı” ilə T.Məmmədovun maşını hər addımda DYP əməkdaşı Mehdi Səlimov tərəfindən saxlanılaraq, əsassız olaraq “cərimə meydançası”na aparılır. Bu il fevralın 2-də maşınını əsassız saxlayaraq 50 manat cərimə protokolu yazandan sonra ikinci dəfə maşını “cərimə meydançası”na aparılır. Mehdi Səlimov şərt qoyur ki, ya 150 manat ödəməlisən ki, maşınını buradan çıxaraq, ya da Asim Əliyev barəsində Nərimanov rayon prokurorluğuna elədiyin şikayət ərizəsini geri götürməlisən. O zaman maşınını bir qəpiksiz buraxarıq”.

T.Məmmədov deyir ki, çağırıldığı bütün hüquq-mühafizə orqanlarında açıq şəkildə  sahə müvəkili Asim Əliyevin “Həsən Şirinovun adamı olduğunu” təsdiqləyiblər.

T.Məmmədov keçən il dekabrın 9-da sahə müvəkili Asim Əliyev tərəfindən fiziki təzyiqə məruz qaldığını deyir. M.Nağıyev adına xəstəxanadan bədən xəsarəti alması ilə bağlı ekspertiza rəyi alıb. Şəkillərini çəkdirərək bütün müvafiq qurumlara göndərib. “Boğazımdakı seplə məni boğmağa çalışdı. Dedi, siz yerazları bura göndərən belə-belə olsun. Başa düşə bilmirm ki, niyə yerlipərəstlik edirlər. Bəyəm biz Azərbaycanın övladı, vətəndaşı deyilik?”

Ombudsmana etdiyi müraciət Daxili İşlər Nazirliyinin üzərinə, o isə öz növbəsində Nərimanov rayon Prokurorluğuna baxılmaq üçün göndərilib. Əllərində kifayət qədər fakt olmasına baxmayaraq heç bir orqan məsələni araşdırmayıb.

Məktubla, 102 xidmətindn istifadə edərək şikayətini bildirən T.Məmmədovu Bakı şəhər Baş Polis İdarəsinin Polisə Nəzarət İdarəsinin rəisinin yanına çağırılır və orada vəziyyəti ətraflı izah edir. İkinci dəfə iş tapşırılan əməkdaşa zəng vurub, vəziyyətlə maraqlananda T.Məmmədova deyir ki, “o işə baxmıram, mənlik deyil”

T.Məmmədov ölkədə qanunlara hörmət edilmədiyini, məmurların əraziləri bölərək, vətəndaşlardan rüşvət tələb etməsinə etirazını bildirir: Sahə müvəkili Asim Əliyev dediyinin üzərində duraraq, hər gün ona “taksa” verməkdən imtina edən Tural Məmmədova qarşı yeni təzyiq növləri fikirləşir və tətbiq edir.

“Mən kasıbçılıqla iki ailə dolandırıram. Oradan buradan dəmir tullantılarını yığıb, çörək pulu qazanıram. Onsuz da vəziyyətimiz ağırdır. Bir trəfdən də Asim Əliyevin tələbləri ayağa qalxmağa imkan vermir. Bu ölkədə hansı qanunda yazılıb ki, mən Asim Əliyevə rüşvət verməliyəm?” – deyən T.Məmmədov sonda onu da qeyd etdi ki, yayda Asim Əliyev ətrafda belə çörək pulu qazanan bir nəfəri də döyüb və onun videoçəkilişi də əlindədir, Dəfələrlə bu haqda məlumat verməyə çalışsa da, A.Əliyevin qanunsuz hərəkətlərini araşdıran olmayıb.

A.Əliyevin bu gün də ona hədə-qorxu gəldiyini söyləyən Tural Məmmədov deyir: “Mən canımdan da qorxuram, qardaş. Deyir maşınına tapança, narkotika qoydurub, səni tutduracam. Ya da sabah birini göndərəcəm, əsəblərinlə oynayacaq, söyüb, vuracaqsan, səni ilişdirəcəm. Elə bil bu ölkənin yiyəsi Asim Əliyevdir”.

Sahə müvəkili Asim Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button