HƏYACAN! AZADLIQ QƏZETİ BAĞLANA BİLƏR

01.09.2012

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azadlıq qəzetinin bağlanması təhlükəsi ilə üzləşməsindən ciddi narahatçılıq keçirir.  RATİ hesab edir ki,      ölkənin müstəqil qəzetlərindən olan “Azadlıq” qəzetinin maddi problemlərə görə bağlanılması ölkə mətbuatının durumunun ağır olduğunu göstərir.

“Azadlıq” qəzeti sentyabrın 3-nə kimi “Azərbaycan ” nəşriyyatına borcunu ödəməsə qəzetin fəaliyyəti dayan bilər. Bu barədə RATİ-yə qəzetin redaktoru Rahim Hacıyev məlumat verib. Hacıyevin sözlərinə görə, qəzetin nəşriyyata 14 min manat həcmində çap xərcləri, 11 min manat həcmində isə kommunal borcu var. Redaktor belə durumun yaranmasına əsas səbəb kimi “Qasid” mətbuat yayım firmasının qəzetə olan 28 min manat maliyyə vəsaitini ödəyə bilməməsidir. Bununla bağlı qəzet rəhbərliyi firma ilə dəfələrlə danışıqlar aparsa da danışıqlar nəticəsiz qalıb. Belə ki, son vaxtlar “Qasid” mətbuat yayım firmasının köşklərinin çoxu yığışdırıldığından firmada ağır maliyyə vəziyyəti yaranıb.
R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını xüsusi vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir.  Rəsmi qurumların səyyar qəzet yayımına icazə vermədiyini deyən redaktor iqtidarın bu qanunsuzluğu səyyar yayımçıların “nəqliyyatın hərəkətinə mane olması” kimi cəfəngiyyatla əsaslandırmağa çalışdıqlarını söyləyib.
RATİ bəyan edir ki, hökumət tərəfindən müxalif və müstəqil mediaya ciddi nəzarət  var. Belə ki, tirajları az olan qəzetlərə reklamlar verildiyi halda Azadlıq  qəzetinə reklam qadağası qoyulub. Hətta qəzetlərin bəzi regionlarda satışına da bəzi vaxtlar qadağalar qoyulur.

RATİ həmçinin onu da xatırladır ki, “Azadlıq” qəzetinə qarşı son zamanlar məhkəmələr tərəfindən cərimələrin (“Azadlıq” qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir , Anar Məmmədovun iddiası üzrə 4000 manat cərimələnib) tətbiq edilməsi qəzetin maddi vəziyyətində daha da problemlərin yaranmasına gətirib çıxarıb.

RATİ Azərbaycan hökumətini müstəqil və müxalif mediaya edilən təzyiqlərdən əl çəkməyə, məmurları isə jurnalist tənqidinə qarşı dözümlü olmağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button