Həyat yoldaşımın evini satdım

Əli Kərimli: “Heç bir zaman hakimiyyət vasitəsilə varlanmayacam!”

“Qaynar Qazan”da bu dəfəki qonaq AXCP sədri Əli Kərimlidir. Onunla bir aydır danışıqlar gedirdi, ancaq heç cür müsahibə alınmırdı ki alınmırdı. Müsahibə ideyasını isə “Qaynar Qazan”ın 2-ci buraxılışının qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vermişdi. Rauf Arifoğlu müsahibə boyu Əli Kərimlinin üzərinə getmiş, onun haqqında danışmış, onu ciddi tənqid etmişdi. Biz bu mənada Əli Kərimliyə həm də bir cavab haqqı tanımaq istədik. Uzun zaman ötsə də, nəhayət, cənab Kərimli müsahibəyə razılıq verdi. Ancaq bu da asan olmadı. Öncə köməkçisi Faiq Əmirli bir neçə ad çəkərək, onlar haqqında danışmamaq və sual verməmək barədə razılıq əldə etmək istədi. Bu, daha doğrusu, qadağa idi. Razılaşa bilməzdik və razılaşmadıq. Sonra məlum oldu ki, Əli Kərimli heç bir şərtsiz müsahibəyə razılıq verib, amma görüşəndə eyni qaydada və eyni sözləri eşitdik. O ovqatda da müsahibəyə başladıq. Hətta bir ara bizə elə gəldi ki, ümumiyyətlə, müsahibə alınmayacaq.

Ancaq zamanla parlaq bir müsahibə alındı. Nəzərdə tutduğumuz bütün sualları verdik və hamısının da cavabını aldıq. Hətta bir ara verməyi planlamadığımız sualları belə yönəltmək imkanımız oldu. Müşahidələrimizə görə Əli Kərimlidə bəzi tərəddüdlər varmış. Tərəddüdlər aradan qalxdıqca, söhbət tam müstəqil mətbuat sərhədləri daxilində irəlilədikcə, Əli Kərimli də açıldı və bizim qənaətimizə görə, tarixə düşəcək bir müsahibə alındı.

Əvvəldə bir çox qadağalarla üzləşəcəyimizi düşündüyümüz halda, kimlər haqqında danışmadıq ki. Təxminən hamı haqqında. İndi qalır onu oxumaq və müsahibəyə baxmaq. Sonra yenə müzakirə edərik…

Əvəz Zeynal

III-sonuncu hissə

(Müsahibənin əvvəlki iki hissəsi bu linklərdə:

I hissə – https://www.xural.com/?p=26485

II hissə – https://www.xural.com/?p=26512)

 

Doğrudanmı, Mirzə Sakitin dişlərini qırmaq istədiniz?

– Əli bəy, bu sualı mütləq verəcəm.

– Buyurun…

– Çünki bilirəm ki, bu sualı verməklə sizə qarşı sui-istifadə edirəm… Mirzə Sakit israrla bir neçə sual yazdı. İctimai əhəmiyyət daşıyan bir sualın üzərində durdum. Mirzə Sakit deyir ki, “Mən həbsdən çıxdıqdan sonra Cəbhənin iclaslarından birində Əli Kərimli dedi ki, Mirzə Sakit öz həbsilə avtoritar rejimin repressiya maşınının dişlərini qırmağı bacardı.”

– Hə, demişəm…

– “… Amma sonra özü mənim dişlərimi qırmaq istədi…”

– Mənim onunla heç vaxt işim olmayıb.

– “Azadlıq”da işləmək məsələsi və s. Hamısını sizə bağlayırlar. Əksəriyyətdə belə bir fikir var ki, “Azadlıq” qəzetinin arxasında siz durursunuz. Orada müəyyən polimika vardı. Jurnalistlərdən biri yazmışdı ki, “Əli Kərimli məni işdən çıxarıb”. Sonra müzakirələr əsnasında aydın oldu ki, o, başqa bir məsələdir. Mən də onu suallara daxil eləmədim. Amma Mirzə Sakit bütün bu məsələlərdə, həm yazıb, həm cəbhənin içərisində olub, həm də sizinlə çox yaxın olub, indi isə çox uzaqdır. Doğrudanmı, siz Mirzə Sakitin dişlərini qırmaq istədiniz?

Onun dişlərini qırmaq mənim nəyimə lazım idi?

– Nəyimə lazım idi? Onun dişlərini qırmaq mənim nəyimə lazım idi? Bir dəfə də olsun siz hansısa mətbuat orqanında Mirzə Sakitin adını çəkib, onunla bağlı heç olmasa, dolayısı ilə bir işarə eləyib fikir səsləndirdiyimi görmüsünüz?

Məni niyə qınayırsınız ki?

– Yox…

 

– Mirzə Sakit vaxtında bu rejimdən əzab çəkib, məhrumiyyətlər yaşayıb. Doğrudan da həbsxanadan möhkəm çıxıb. Mən də bu fikri ifadə eləmişəm, mətbuatda da bu fikir yazılıb. Ümumiyyətlə burada – mövzunu unutmayacağam – haşıyə çıxaraq demək istəyirəm, mənə irad bildirirlər ki, həbsdə olanda filankəsləri-filankəsləri müdafiə edirdin, həbsdən çıxandan sonra görürsənmi nə edir? Məni niyə qınayırsınız ki, buna görə? Mən darda olan, haqsız yerə mühakimə olunan, rejimin əsirliyində olan hər kəsi müdafiə edirəm. Özü də ögey-doğmalıq qoymadan. Haqsız yerə həbs olunubsa, hamısını müdafiə edirəm. Və siz də bunu bir az əvvəl dediniz. Amma artıq insan öz taleyini özü yazır. Həbsdən çıxandan sonra artıq o mərhumiyyətləri yaşayan insan, mən demirəm, demokratik hərəkat demirəm, özünün tərcümeyi-halına sədaqətli qala bilmirsə, bu mənim suçum deyil axı… Bu fikirlərimi sualınıza haşiyə olaraq demək istədim. Çünki bu istiqamətdən də çoxlu suallar gəlir. Burada hamı öz payını götürdü ki, mən həbsdə müdafiə elədiyim çoxsaylı “siyasi məhbus”ları – hansı ki, bu gün hökumət onların hər birini bir əsgər kimi səfərbər eləyib mənə qarşı mübarizəyə – vaxtında müdafiə elədiyimə görə peşiman deyiləm. Çünki o zaman mən haqlı idim. O zaman onlar hələ satılmamışdılar, sınmamışdılar və mən də onları müdafiə edirdim.

– İşin qəribəsi də odur ki, onlar yenə həbs olunsalar, yenə müdafiə olunmalıdırlar. Haqsız həbs olunsalar…

– Haqsız həbs olunsalar, bəli… İndi gəlirəm, Mirzə Sakitlə bağlı sualı yekunlaşdırmağa… Çox təəssüf edirəm ki, o ağır mərhumiyyətləri yaşamış adam sonradan nələrinsə təsiri altında, yenə də vurğulayıram ki, qəzetə yox, mənə yox, demokratik hərəkata yox, özünün tərcümeyi-halına və özünün zəhmətlərinə münasibətdə dürüst davranmadı. Bu qədər!

– AXCP-də Ziya Zöhrab maraqlı bir sual verib. Əslində cavab verdiniz, amma sual verib deyə mən də demək istəyirəm: AXCP-dən ayrılanlarla AXCP-yə qoşulanlar arasında keyfiyyət və kəmiyyət baxımından nə kimi fərq var? Yəni gedənlərmi, yoxsa gələnlərmi?

– Çox maraqlı sualdır. Əvvəla keyfiyyət baxımından, çox böyük fərq var. Təsəvvür edin ki, bu gün Xalq Cəbhəsindən – əvvəla gedənlər olduqca az sayda adamlardır. Hər gün bir yerdə yalandan tədbir keçirib deyirlər ki, Cəbhədən gedənlər var, onlar yalandır.

Cəbhədən gedən adamların sayı 6-7 nəfərdir

– Əvvəllər beş dəfə gedənlər də indi gedir…

– Bəli… 2000-2001-ci ildən əvvəl və s. Yəni real olaraq, Cəbhədən gedən adamların sayı 6-7 nəfərdir. O adamarın da təqribən motivlərini bilirik. Ona görə də Xalq Cəbhəsindən ayrılıb hansısa sosial problemlərini həll etmək kimi xırda məqsədi qarşısına qoyan adamla Xalq Cəbhəsini odun, atəşin ortasında görə-görə, məhz haqqa dayaq olmaq motivi ilə bura qoşulan adamları necə eyni tərəziyə qoymaq olar? Məsələn, bu günlərdə tanınmış iqtisadçı alim Vahid Məhərrəmli Xalq Cəbhəsinə qoşulmaqla bağlı ərizə verdi. Mənim özüm üçün də çox sürpriz oldu. Çox alqışladım. Tanınmış ziyalıdır, oturuşmuş adamdır. Azərbaycanda hamı onu tanıyır.

Bir ziyalı kimi özümə borc bildim ki…

– Demək, indi onun gəlişi, daha sanballıdır?

– Bəli. Çünki adam ərizəsində nə yazdı? Yazdı ki, “görürəm, təkcə Xalq Cəbhəsi əzilən insanları təmsil edir bu rejimin qarşısında və rejim də əlində olan bütün vasitələrlə Xalq Cəbhəsinin üzərinə gedir. Belə bir məqamda bir ziyalı kimi özümə borc bildim ki, mən də o sırada olmalıyam”. Belə bir adamla özünün xırda problemini həll eləmək üçün getdiyi yoldan imtina eləyib, o xırda problemini 3 günlük, 5 günlük üstün tutan adamı necə bir tərəziyə qoymaq olar? Bu keyfiyyət fərqi… Kəmiyyət baxımından isə Ziya bəy də, bizim başqa tamaşaçılar da bilməlidirlər ki, 10 ildən artıqdır bu proses davam edir. Əgər gələnlər gedənlərdən çox olmasaydılar, bu gün də Xalq Cəbhəsi hökumətin qarşısında əsas rəqib kimi qala bilərdimi? Deməli, gələnlər gedənlərdən də artıqdır. Ən böyük bazamız da Azərbaycan gəncliyidir. Açığı, Azərbaycan gəncliyindən hər zaman böyük dəstək görmüşük. Demək olar ki, hər gün partiya üzvlüyünə qəbul olunmaq üçün müraciətlər var, çox da parlaq insanlar gəlirlər. Açığı, bu şəraitdə təşkilata gələn insanlar – ola bilsin ki, hansısa istisnalar ola bilər – amma kütləvi halda indi gələn insanlar, çox mübariz insanlardır. Və onlar məhz bilə-bilə ki…

– Yəni bilirlər hara gəldiklərini?.. Əslində, beləsi daha yaxşıdır…

– Bəli, birlirlər. Onlar bilirlər ki, bura gələcəklər, burada onları risklər gözləyir – onların işdən çıxarılması, həbs olunması, şərə düşməyi var. Amma yenə də gəlirlər.

– Qohumların imtina məsələsi var…

– Bəli…

Maddi imkanları haradandır?

– Əli bəy, çətin suallardan bir neçəsi daha qalıb. Amma yekunlaşırıq. İllərdir hakimiyyət mətbuatı yazır, danışır – oğlu Londonda oxuyur, imkanları yaxşıdır, mühafizəçi ilə gəzir, bu qədər imkanı haradandır? Toğrul Allahverdili də bu haqda soruşur ki, maddi gəliri haradandır? İstəsəniz, cavab verin…

– Deməli, Əvəz bəy, əvvəla bu təzə xəbər deyil. Mən artıq oğlumun oxuması ilə bağlı – Allah qapısını açsın, Xədicə xanım həbs olunmamışdan “Azadlıq” radiosunda suallara cavab vermişəm. Amma bir qrup adam var ki, – rəhmətlik Bəyin məşhur sözü var idi, “Sən nə çalırsan, çal, mən “Heyvagülü” oynayacam” – nə eşitsələr də özlərini eşitməməzliyə vururlar. İndi yenə sizin qarşınızda danışacam, eşidəcəklər, amma yenə həmin adamlar bir həftədən, bir aydan sonra yenə nəsə deyəcəklər. Amma yenə də mən yorulmadan ifadə eləyirəm: 1. Geniş maddi imkanlarım yoxdur. Hal-hazırda gənc mütəxəssis kimi aldığım üçotaqlı evdə yaşayıram. Oğlumu oxutmaqdan ötrü həyat yoldaşımın gənc mütəxəssis kimi aldığı evi satmışıq. Ondan sonra da Avropa Məhkəməsindən aldığım 30 min avronu oğlumun təhsilinə yönəltmişəm.

Həyat yoldaşımın evini satmışıq

– Yəni, sırf mübarizənin pulu ilə oxuyur?

– Burada başqa bir şey yoxdur. Bəli… Oğlum oxuduğu müddət ərzində ya yataqxanada qalıb, ya da kirayədə. Əli Kərimlinin – vaxtı ilə Azərbaycan hökumətində 4-5 adamdan biri olmuş adamın oğlunun hamı kimi nə maşını yoxdur, özü də yataqxanada yaşayır. Özümün də bu 3 otaqlı mənzildən başqa əmlakım yoxdur. Daha doğrusu, bir bağ sahəm də var, amma imkan vermirlər tikib başa çatdırmağa… Amma həyat yoldaşımın gənc mütəxəssis kimi aldığı evi bu məqsədlə satmışıq. Burada bir haşiyə çıxmaq istəyirəm. Qohumlardan biri deyir ki, “siz Sovet hakimiyyətini niyə yıxdınız? Sovet hökuməti sizin kimi iki gənc adama iki ev vermişdi”.

– Söhbət Sovetin vaxtında aldığınız evdən gedir?

– Bəli… Bəli… Həyat yoldaşım Sovetin vaxtında alıb, mən Əbülfəz Elçibəyin. Amma mən də Sovetin vaxtında gənc mütəxəssis kimi Yasamal rayonunda, Universitetdən növbəyə durmuşdum. Həyat yoldaşım isə Nərimanov rayonunda durmuşdu. Həmin evdə də siyasi mühitin xeyli adamı olub. Çünki mənim evimin qapısı 4 il qaynaqlı olub – mən həbsdə olduğum zaman. Deməli, mən 1994-cü ildə həbs olunanda evimin də qapısını qaynaqlayıblar. Necə ki, 2011-ci ildə də bizim qərargahımızın qapısını qaynaq ediblər. İndi camaat bilir ki, bizim 2014-cü ilin fevralında axırıncı qərargahımızı partlatdılar, sonra da sökdülər. Amma ondan əvvəlki qərargahımızın qapısını qaynaqlayıblar, bu gün də o qaynaq durur. Bu “qaynaq” da mənim üzərimdə eksperiment olunub. 1994-cü ildə mən həbs olunanda da evimin qapısına qaynaq vurublar. 1997-ci ilə qədər o qaynaqlı olub və biz o biri evdə yaşamışıq. Sonra mən o evi satıb, oğlumun təhsilinə yönəltmişəm. Yəni mənim məqsədim pul qazanmaq olmayıb, Əvəz bəy! Mən pul qazanmağı qarşıma məqsəd qoysaydım, çox pul qazanardım. Özü də demirəm ki, nəyisə satmaqla… Mən heç bir zaman nəyisə satmağı özümə rəva görmərəm. Sadəcə ən müxtəlif üsullarla pul qazanmağı seçsəydim, mən pul qazna bilərdim. Uzaqbaşı burada qazanmazdım, xaricdə qazanardım. O imkanlarım da olub. Mən o yolu seçməmişəm, pul mənim gözümdə çox xırda şeydir. Və əgər mənim azacıq bir əliəyriliyim olsaydı… Fikir verin, bu hökumət 22 ildir mənə olmazın şər-böhtan deyir, siz haradasa rast gəlmisinizmi, mənim adım korrupsiyada hallansın?

– Əgər belə bir fakt olsaydı, nələr eləməzdilər…

– Necə eləməzdilər? Necə o fürsəti ortalığa çıxarmazdılar? Ona görə də Əvəz bəy, mən sizə, oxucularımıza hörmət əlaməti olaraq, bu barədə növbəti dəfə danışıram. Yenə də danışacam, suallar verildikcə… Çünki ən böyük biclik, düzlükdür…

– Təbii ki…

– Mənim gizlədəcək bir şeyim yoxdur. Sadəcə, bəzi şeyləri vurğulamaq istəyirəm. Mənə nə təsir eləyir? Bu sual bir qayda olaraq o adamlardan gəlir ki, o adamlar bir dəfə cəsarət eləyib, İlham Əliyevin, ailəsinin, qızlarının adına olan bu milyardlıq mülkiyyətlərlə bağlı bir dəfə sual verməyə risk eləmirlər…

– Hətta elə bilirlər ki, o təbiidir…

– Bəli…

Mən hakimiyyət vasitəsilə heç zaman varlanmayacam

– Elə olmalıdır…

– Bəli… Bəli… Ona görə də müqayisə qüsurludur və mən bunu özümə heç bir zaman rəva görə bilmərəm. Hər zaman mən millətin qarşısında açıq olacam. Bütün əmlakımın vəziyyətini hamı biləcək. Mən hakimiyyət vasitəsilə heç zaman varlanmayacam. Bunu bütünlükdə, millətin qarşısında vəd edirəm. Mənə hakimiyyət, hakimiyyətdə olmaq, hər hansı bir vəzifəni yerinə yetirmək, qətiyyən varlanmaq mənbəyi kimi lazım olmayıb, olmayacaq da… Mənim o niyyətim yoxdur.

– Bu ölkəni idarə edə bilərsinizmi? Bu zənginləşmiş, bu klanlaşmış, ordulaşmış oliqarxiyanın içərisində baş çıxarmaq çətin olmaz ki sizə? Özünüzü hazır hesab edirsinizmi? Yeri gəldi deyirəm, bu, prezidentliyə namizədlərə verilən sualdır, əslində…

– Əvəz bəy, doğru deyirsiniz ki, ölkədəki vəziyyət günü-gündən pisləşir. Həqiqətən də indiki problemlər…

Bu hökumətdən sonra, ölkəni idarə eləmək çox çətin olacaq

– Üzr istəyirəm, indilərdə məlumat aldım ki, Bakıya rayon maşın nişanları olan avtomobilləri buraxmırlar, rayonlarda da Bakı nömrə nişanlı maşınları daşa basırlar.

– Görürsünüzmü, nə qədər ziddiyyətlər yaradırlar… Deməli, bu hökumət özündən sonra çoxlu sayda problemlər qoyacaq və mənim bu sahədə – bayaq ifadə elədim və bir daha vurğulamaq istəyirəm – mənim ölkədə demokratik islahatların sürətlənməsinə çalışmağımın da əsas motivi odur ki, ölkənin altına bu qədər mina basdıra bilməsinlər. Heç olmasa imkan olsun, bir az tez bu dəyişikliklərə başlayaq. Amma həqiqətən də bu hökumətdən sonra, ölkəni idarə eləmək çox çətin olacaq. Çoxlu ziddiyyətlər, çoxlu qapalı cinayətlər, ən müxtəlif zəmində qarşıdurmalar və s. bundan sonrakı hakimiyyətə miras qalacaq.

– Siz edə bilərsinizmi?

– Hesab edirəm ki, bəli. Əgər elə bir şərait yaranarsa və millət bu vəzifəni mənə həvalə eləsə, mən özümdə o gücü hiss edirəm. Amma mən bunun üçün çalışmıram. Mən bir az əvvəl də vurğuladım ki, ölkədə dəyişiklikləri hansı düstur sürətləndirəcəksə, mən o düsturu qəbul edəcəm. Mən heç bir zaman öz ambisiyam təmin olunsun deyə, bu proseslərin ertələnməsinə imkan verməyəcəm.

– Görünür, cəbhəçidir, Həzi Şəmistan. Sual verir ki, “görəsən bir də nə zamansa sizin kimi dəyərli lider dünyaya gələcəkmi?”

(Gülür) Sağ olsun…

– Belə sualları da verək ki, tənqidi sualların yanında olsun…

– Olacaq. Millətimiz, bizdən də, qabiliyyətli və bacarıqlı liderlər yetişdirəcək. Millətimizin potensialı çox böyükdür.

– Elnur Yusubov soruşur: “Bu qədər haqsızlığa, satqınlığa nə cür dözürsünüz? İnsana bu qədər səbir, təmkin haradan gəlir?” Buna bənzər daha bir cəbhəçi sualı var. Güman ki, cəbhəçidir, mən şərti olaraq, deyirəm.

– Siz qəbul edin ki, cəbhəçi olmayanlar da belə düşünə bilərlər…

Millətimiz bir yaltağa, satqına, ikiüzlüyə, dönüyə hörmətlə baxmayıb

– Təbii ki… Ona görə deyirəm. Faiq Saatlı sual verir ki: “Dostlar, bir sual edin. Əli bəy, partiya sədri oandan bəri, saysız təqib-təzyiqlərə, şərə-böhtanlara necə cavab verə, duruş gətirə bilibsiniz? Haradandır sizdə Vətənə, millətə olan bu qədər sevgi?”

– Sağ olsunlar bəylər… Əvəz bəy, həqiqətən çətinliklərimiz çox olub və çətinliklərin bundan sonra da çox olacağını gözləyirəm. Heç bir illüziyam yoxdur. Azərbaycanda dəyişikliklər asanlıqla olmayacaq. Azərbaycandakı dəyişiklər bundan sonra da bizdən çox fədakarlıqlar etməyi tələb edəcək. Necə dözürük? Haradan alırıq bu gücü? Birincisi, Azərbaycan xalqına sevgidən. Mən artıq bütövlükdə özümü həsr etmişəm ki, Azərbaycan xalqının xilas olması, demokratik, azad cəmiyyətdə yaşamasına nail olmağı həyatımın əsas mənası elan eləmişəm. Özümün daxili qərarımı vermişəm. Bu, mənim üçün ən böyük amaldır. Bu işə hər şeyimi həsr eləməyə hazıram. İkincisi, əlbəttə ki, millətimizin böyük bir hissəsindən dəstəkdən…

– Məşhur bir aforizm var: Mən həyatımın bundan sonrakı hissəsini Azərbaycana həsr edirəm! Ona oxşamasın?

– Oxşamaz, inşallah… (Gülür) Amma ikinci güc qaynağı isə, xalqın böyük bir hissəsindən dəstəkdir. Bir hissəsinə siz də şərait yaratdınız, ifadə olundu. Həqiqətən də bu qədər ağır təzyiqlərə, yüzlərlə, bəlkə minlərlə saatlıq və minlərlə kitablıq əks-təbliğatlara, böhtanlara, şərə baxmayaraq, millətin çoxlu sayda vicdanlı insanlarından dəstək görürəm. Və millətimizin içindəki ədaləti görürəm. Fikir verin, bütün tarix boyu baxın. Millətimiz bir dənə yaltağa, satqına, ikiüzlüyə, dönüyə hörmətlə baxmayıb. Milli qəhrəmanlarımıza baxın – mən bunu rəsmi yox, ictimai rəydəki qənaətə əsaslanaraq deyirəm – millətimizin müsbət obrazlarına baxın, bircəciyi yaltaq deyil, bircəciyi satqın deyil, dönük deyil, iradəsiz deyil. Ona görə də millətimiz yaxşı millətdir. Və mən də inanıram ki, bu millətlə biz Allahın köməkliyilə bir tərəfə çıxacağıq və Azərbaycanı xilas edə biləcəyik.

– Əli bəy, seçkilərə qatılırsınız, yoxsa boykot qərarı var?

– Artıq bu gün qərarımız oldu. Siz bir qədər gecikdiniz. Qərarımız oldu, yəqin ki, artıq internetdə yayımlanıb. Biz Milli Şura olaraq, bu şəraitdə heç bir demokratik seçki mühiti olmadığına görə…

– Boykot qərarı verdiniz…

– …Biz hesab etdik ki, bu seçkidə iştirak eləməyin artıq bir mənası yoxdur. Bizim iştirakımız bu seçkilərə az-çox legitimlik qazandıra bilər. Ona görə də iştirakdan imtina eləmişik..

Boykot – nə dəyişdi?!

– Onunla bağlı suallar var. Görünür, ictimai rəy artıq sizin boykot edəcəyinizi bilir. Orxan Məmməd deyir: “Seçkilərə getməməkdə məqsəd boykotdursa, boykotda məqsəd seçkinin şəffaflığına inanmamaqdırsa, niyə 2013-cü il seçkilərində iştirak edirdilər? Onda şəffaf idi?” Bizim tanınmış jurnalist Əfqan Muxtarlının da belə bir sualı var: “2010-cu il parlament seçkilərində durum indikindən yaxşı idimi? Onda seçkilərə qatıldınız, indi isə imtina edirsiniz?” Rafiq Cəlilov soruşur ki, “2002-ci il avqust referendumu zamanı AXCP Sumqayıt Rayon Şöbəsinin seçkilərdə iştirak etməmək haqqında qərarı niyə Mərkəzi qərargahda qınağa səbəb oldu və Əli Kərimlinin adından “referendumda iştirak edin” qərarı verildi? Həmin referendumun Azərbaycanın avtoritarlaşmasında rolu danılmazdır. AXCP olaraq, həmin referendumda iştirak etdiyinizə görə, hər hansı peşimançılıq hiss edirsinizmi?” Söhbət nədən gedir? Yəni indi boykot varsa, o zaman seçkilər şəffaf idimi?

– Aydındır. R.Cəlilova bildirmək istəyirəm ki, ya yaddaşı onu aldadır, ya da ona səhv məlumat veriblər. 2002-ci il çox uzaq tarix deyil. 2002-ci ildə həmin referendumun əleyhinə AXCP “Qələbə” meydanında mitinq eləyib. O zaman biz necə həmin referendumda iştirak edə bilərdik? Biz o referendumu boykot eləmişik və onunla əlaqədar olaraq da mitinqlər keçirmişik. Ona görə də, ilk olaraq bu məsələni aydınlaşdırdıq. 2013-cü ilin seçkilərilə müqayisə eləməyə gəlincə, bilirsinizmi, Əvəz bəy, hər seçkidə siyasi qüvvələr durumu dəyərləndirirlər.

– “Dün dündür, bu gün bu gün?..”

– Əlbəttə… Hər situasiya fərqlidir. Ümumiyyətlə, bu yanaşma səhvdir ki, bir dəfə iştirak eləmisənsə, daha gərək boykot elan eləməyəsən, bir dəfə boykot eləmisənsə, daha gərək iştirak eləməyəsən… Bu səhvdir. Hər zaman situasiya nəzərə alınır. 2013-cü illə, 2015-ci il arasında fərq varmı? Əlbəttə, var. 2013-cü ildə Əfqan bəy, Bakıda idi, indi haradadır?

 

– İndi Gürcüstanda…

– Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyəti adına kimsə qalıb? Anar Məmmədli seçkiləri müşahidə eləməyə neçə min adam cəlb eləmişdi. İndi Anar Məmmədli haradadır? Azərbaycanın hüquq müdafiəçiləri haradadır? Xədicə İsmayıl, Leyla Yunus, İntiqam Əliyev və başqa çoxlu sayda adamlar indi haradadırlar?

– Həbsdə…

– Azərbaycanda repressiyaların piki 2014-15-ci illərdə olub. Bəli, o zaman da var idi, siyasi məhbuslar. Amma repressiyaların piki 2014-2015-ci illərdə oldu və bunu da bütün dünya qəbul edir ki, məhz bu illərdə repressiyalar öz pikinə gəlib, çatıblar. Bu, ən önəmli faktordur. 2013-cü ildə Avropa parlamenti deyirdi ki, müşahidəçi göndərməyin Azərbaycana, çünki seçkilərin nəticəsi məlumdur? Məgər bunu tək biz deyirik? Bu gün kimin ağlına gələ bilərdi ki, – bilirsiniz ki, Qərb hər zaman boykotun əleyhinə olub – Avropa Parlamenti belə ir qərarla çıxış edəcək? Mən bilirəm ki, biz nə vaxt seçkiləri boykot etmək istəmişik, bu Qərb tərəfindən heç bir zaman təqdir olunmayıb.  Amma indi Qərb özü boykota qərar verir. Deməli, bunu başa düşmək də çox çətin olmamalıdır ki, bu günkü vəziyyət 2013-cü ildəkindən fərqlidir. Və nəhayət, subyektiv faktor da var və bunu da demək lazımdır. 2013-cü ildə, hətta bir çoxları səmimi istəməsələr də, amma çoxlu sayda siyasi qüvvələr müxalifətin birliyinə daxil olmuşdular. Müxalifət Milli Şuranın çatısı altında ən maksimum birliyinə qovuşmuşdu və heç bir zaman da belə olmamışdı. Və bu, insanlarda müəyyən qədər ümid yaratmışdı ki, bəlkə bu böyük birlik imkan yaradar ki, həmin o saxtakarlıq mexanizmi sındırılsın…

– Rüstəm İbrahimbəyov, başqa ziyalılar var idi..

– Bəli… Maksimum böyük birlik idi. Amma etiraf eləmək lazımdır ki, Azərbaycan müxalifəti belə bir geniş çevrədə birləşməmişdi. Lakin o faktor da olmadı. Ondan sonra seçkidə o siyasi qüvvələr bir-bir o Milli Şuranı tərk elədilər, bəziləri siyasti də tərk elədilər. Bu başqa bir söhbətdir. Amma fakt budur ki, həmin o 12-13-cü ildəki Birlik bizi xilas edəcək təsəllisi də indi insanlarda yoxdur. Ona görə də bu gün insanlar özləri bizim qərarımız olmadan seçkiləri boykot edirlər. Siz baxarsınız, seçkilərə nə qədər az adam gələcək. Bu günkü şərait heç bir seçki şansı vermir.

– O zaman 2018-ci il seçkilərilə bağlı sual da cavablandırılmamış qalır. 2018-ci ildə artıq vəziyyətə görə qərar veriləcək.

– …Əlbəttə 2018-ci ilədək nələr olacaq, onu əvvəlcədən kim bilə bilər ki? 2018-ci ilin proqnozlarını indidən aparmaq yersiz olar…

– Bizə bir deputat sual göndərmişdi. Mən imkandan sui-istifadə etmədim və onun da sualını vermədim…

– Sağ olun!

– Sağ olun. Təşəkkür edirəm…

– Təşəkkür edirəm…

Son

11998117_939435796118095_770397504_n 11995544_939435822784759_1052951351_n 11845200_939293309465677_304625747777645163_o 11997875_939435812784760_1225729830_n 11997152_939435819451426_836021586_n 11995710_939435816118093_456315564_n 11958117_939293312799010_8487733858856377075_o 11998707_939435826118092_1078175946_n

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button