Hacı Tahir-Elmar Vəliyev savaşı yenə başladı

Gəncənin “İmamzadə” ziyarətgahında bir qrup şəxslə polis arasında insident olub.
BakuPost.az xəbər verir ki, dünən axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar üçün nəzərdə tutulan girişdən içəri keçməyə cəhd göstərib, nəticədə insident baş verib. İnsidentin qarşısı asayiş keşikçiləri tərəfindən alınıb.
Gəncə Şəhəri Baş Polis İdarəsindən yayılan məlumata görə, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşrutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb.
Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların çoxluğundan əsəbiləşən bir qrup şəxs, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstərib. Nəticədə insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranıb.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər.
Hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.
Xural.com-un özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, bu insident əslində Gəncənin axundu Hacı Tahirin adamları ilə Elmar Vəliyevin adamları arasında baş verib. Bir müddətdir, atəşkəs vəziyyətində yaşayan Hacı Tahirlə şəhərin icra başçısı Elmar Vəliyevin münasibətləri Aşura öncəsində yenə gərginləşib. Elmar Vəliyev Hacı Tahirin Aşura günündə edəcəyi çıxışından narahat olub və onun çıxışını pozmaq üçün ön sıralara öz adamlarını yerləşdirmək istəyib. Hacı Tahir plandan xəbərdar olub və qadınların keçməli olduğu yerdən öz dəstəsini keçirməyə çalışıb ki, bu da Elmar Vəliyevin adamlarının əlinə girəvə verib. Beləcə, atəşkəs növbəti dəfə pozulub…
Xatırladaq ki, ötən il Hacı Tahirin Aşura çıxışından sonra Hacı Tahirlə Elmar Vəliyev arasında ölüm-dirim müharibəsi başlamışdı. O zaman Hacı Tahir iddia edirdi ki, Elmar Vəliyev İmam Hüseyni və onun ailəsini təhqir edib. Sonra onların arasındakı münaqişə ölkənin ali rəhbərliyinə çıxmışdı və Hacı Tahirlə Elmar Vəliyev zorla barışdırılmışdı. Görünür, müharibə yenə başlayır. Hacı Tahir İmam Hüseyni təhqiri Elmar Vəliyevə keçməyəcəyini demişdi…
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button