Hacı Tahir işdən uzaqlaşdırılmayıb

Gəncənin icra baçşısı Elmar Vəliyev mətbuatda dezinformasiya yaydırır

Gəncədə “İmamzadə” kompleksinin mütəvəllisi və Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahirlə şəhərin icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında baş verən insident Azərbaycanda böyük əks-səda yaradıb. Bir neçə ildir Hacı Tahirlə Elmar Vəliyev arasında davam edən bu qarşıdurma bu ilin Aşura günündə özünün pik nöqtəsinə çatmışdı. Aşura günündə prezidentə xütbə edən Hacı Tahir buna görə Elmar Vəliyevin qəzəbinə tuş gəlmiş və başçı prezidentə dua etdiyinə görə, Hacı Tahirə şəhər ictimaiyyətinin qarşısında “bütpərəst” demişdi.

Allahşükür Paşazadə

Xural.com-un əldə etdiyi məlumata görə, bundan sonra hakimiyyət daxilində müəyyən hərəkətlənmələr olsa da, günümüzə qədər hadisə haqqında bir nəticəyə gəlinməyib. Elmar Vəliyev bir neçə dəfə Bakıya çağırılıb və bu haqda onunla söhbətlər olub. Ancaq Elmar Vəliyev bu söhbətlərdən görünən odur ki, bir nəticə çıxarmayıb. O, indi bütün imkanlarını səfərbər edərək, Hacı Tahir haqqında ölkə rəhbərliyinə şikayətlər yağdırmaqda və mətbuatın əli çatan hissəsində dezinformasiyalar tirajlamaqdadır. Ondan bəhrələnən bəzi media orqanlarında Elmar Vəliyev informasiya yaydırır ki, Hacı Tahir guya vəzifəsindən çıxarılıb.

Məsələ haqqında kiçik araşdırma apardıq. Deyilənlərin Elmar Vəliyevin xırda və önəmsiz dezinformasiyası olduğu üzə çıxdı. Məlum oldu ki, Hacı Tahir işinin başındadır. “İmamzadə”dən sorğumuza cavab olaraq bildirdilər ki, Hacı Tahir heç bir yerə getməyib və öz işinin başındadır: “Burada sadəcə, Namiq adlı bir adam var ki, o da kommunal təsərrüfat idarəsinin fəhləsidir. Bütün üstünlüyü isə Elmar Vəliyevin yaxın qohumlarından biri olmasıdır. O, burada təxribatla məşğul olur və biz bilirik ki, məqsədi aranı qarışdırmaqdır. Hacı Tahir İmamın 40 mərasimini də özü verdi və “İmamzadə”də oldu. İndi də öz işi ilə məşğuldur.”

haci

Qafqaz Müsəlmanları İdarəsi ilə də əlaqə saxladıq. Sorğumuza cavab olaraq QMİ-dən bildirdilər ki, Hacı Tahir öz işinin başındadır: “Hacı Tahir işinin başındadır və onu kimsə işindən azad etməyib. Hacı Tahir ölkənin tanınmış din adamlarından biridir. O, təkcə Gəncədəki “İmamzadə”nin mütəvəllisi yox, həm də Şeyx Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə nümayəndəsidir. Qərb bölgəsi isə bir neçə rayonu əhatə edir. Hansısa bir icra başçısının Qərb bölgəsinin ruhanisini, tanınmış din xadimini işdən çıxarmaq səlahiyyəti yoxdur. Hacı Tahiri vəzifəyə təyin edən də, onu oradan çıxaran da Şeyx Allahşükür Paşazadədir. Yayılan xəbərlər yalandır.”

Adının çəkilməsini istəməyən əməkdaş bu dezinformasiyanın başında Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin durduğunu dedi.

elmar-500x312

Sonda Hacı Tahirə yaxın adamlardan aldığımız məlumata görə, yaranan sakitlik fırtınaöncəsi sakitlikdir. Hacı Tahirin mübarizəyə hazır olduğunu və Gəncənin icra başçısı haqqında sensasion açıqlamalar verəcəyini bildirən mənbə onu da dedi ki, Hacı Tahirin artıq videoya çəkilmiş kasetləri var ki, onlar yayılanda Elmar Vəliyevin hansı din müqəddəsinə nə dediyini hamı biləcək.

Xural.com olaraq Gəncənin icra hakimiyyətinin aparatı ilə əlaqə saxlamaq imkanlarımız alınmadı. Telefonun dəstəyini götürən olmadı. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button