Vətən!

Hacı Xaliq Bəşər

Bir yanın azaddı, bir yanın əsir,
Gündə bir yanını qılınclar kəsir,
Bu necə tilsimdi, ah, bu necə sirr?
Sənin bu halını kim anlar, Vətən?

İş adı gələndə yorğun qaldılar,
Elə süst düşdülər,durğun qaldılar,
Var-dövlət üstündə qırğın saldılar,
Dərdinə gözünü yumanlar, Vətən!

Hamıya qeyrəti verməz yaradan,
Hünər gözləməzlər qəlbi qaradan,
Dar gündə sürüşüb çıxdı aradan,
Xoş gündə varına cumanlar, Vətən!

Vicdanı, qeyrəti satıb getdilər,
Beləcə günaha batıb getdilər,
Səni bu meydanda atıb getdilər,
Özünə xəzinə yığanlar, Vətən!

Dönər ədalətə insanlar, haçan?
Önündə diz qoyar satqınlar, haçan?
Başının üstündən çəkilər haçan?
Bu qara buludlar, dumanlar, Vətən?!

Doymadı…

Xar olmuşlar hardan hara getdilər,
Hər arzuya üzü qara yetdilər,
Nəimini neçə para etdilər,
Lal haraylar yeri-göyü dağladı
Əlincənin daşları da ağladı!

Yaltaqlar bizi yaman günə qoydular,
Barmaq salıb gözümüzü oydular,
Nəsimini “əvvəl-axır soydular!”,
Son mənzili Hələb oldu bilmədik
Kim ağladı, kim saç yoldu, bilmədik!

Şah İsmayıl yenilməyən ər oldu,
Yağılara qan udduran nər oldu,
Əməlindən külli-aləm zər oldu,
Bir səhviylə qaraladı baxtını
Öz əliylə viran qoydu taxtını!

Şər fikirlər neçə yerə buruldu,
Hər addımda dar ağacı quruldu,
Nadir, Qaçar yatağında vuruldu!
Rüşvət xalqı bir olmağa qoymadı
Rüşvətxorlar pul yığmaqdan doymadı!

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button