Hacı Xaliq Bəşər

ALLAH

Talanır xalqımın varı, dövləti,
Ötürülür xaricə gizli, xəlvəti,
Arzusu artırmaq pulu, dövləti,
Nankorlar varını düşünür, Allah!

Qəddarlar, qatillər yolunu azıb,
Yoxsula talehi Allahmı yazıb?!
Neyləsin həyatda binəva kasıb,
Bir baş bir qarnı düşünür Allah!

Namərd pak dünyanı eyləməsin dar,
Qəbul etməz onu müdrik, xiridar,
Bəşər boyu yaşar namus, qeyrət, ar,
Həyalı arını düşünür Allah!

Taleyimə düşən ulduz parlaqdır,
Əqidəm, vicdanım – həqiqət haqdır,
Haqq səsim dünyada ucalacaqdır,
Haqlı söz haqqını düşünür Allah!

NƏSİHƏT

Müdrik kəlamınla olarsan natiq,
Zehni düşüncəyə ruhən ol sadiq,
Yersiz boş danışıq salar nüfuzdan,
İnsanı ucaldar dərrakə, məntiq.

Vəzifə, şan-şöhrət əfsanəlikdir,
Arzuya çatmamaq divanəlikdir.
Elmilik, aqillik əql üçündür,
İnsanı ucaldan tək sadəlikdir.

Təbiətə baş çək, ol səyahətdə,
Öyrən sirlərini, ucal sənətdə,
Qazanc güdmə heç vaxt pak əməlindən,
Dost qazan, dostuna dost ol həyatda!

Ruhunu incitmə yalqız insanın,
Batar, xar olacaq eldə ad, sanın,
Hər kəsin qəlbinə yol tap paklıqla
İnam xudanındır, taleh yazanın.

Heç kimin varında olmasın gözün,
Vardan qiymətlidir, dəyərli sözün,
Həyatda əbədi qalmaq istəsən,
Kimsəyə bənzəmə, özün ol, özün!

İLAHİ

Əzəldən dünyaya dualı gəldim,
Qoymadım yaxına namərdi, gəldim.
Bir az küskün gəldim, həyalı gəldim,
Meylimi sevginə saldım, İlahi!

Hicran ürəyimi sıxa bilmədi,
Kimsə meydanıma çıxa bilmədi,
Kədər çox çalışdı, yıxa bilmədi,
Qüvvəti adından aldım, İlahi!

Yol azan dumanda, çəndə mən oldum,
Səbrimə söykəndim, mən də mən oldum,
Hamıdan inadkar bəndən mən oldum,
Könlümü elminə saldım, İlahi!

Dərdim məndən əvvəl cahanə gəldi,
Kədər şah könlümə şahanə gəldi!
Bilmədim dalınca daha nə gəldi,
Dözüb xəyallara daldım, İlahi!

Xaliqəm hər dərdi çəkən mən oldum,
Sevincdən gözləri dolan mən oldum,
Duası müstəcəb olan mən oldum,
Bəs niyə atasız qaldım,İlahi!?

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. Hörmətli Xural qəzetinin baş redaktoru!
    Mən artıq uzun illərdir ki,siyasi-publisistik mövzularda kitablar yazır və bu istiqamətdə tədqiqatlar aparıram.Əgər xatırlayırsınızsa bu tədqiqatlarımdan bir-neçəsini daha dəqiq desəm “Kreml liderlərinin psixoqramması”,”M.C.Bağırov ,Açilmamış səhifələr”,”Siyasilərin psixoloji portretləri “ kitablarım ictimayyətdə böyük əks-sədaya səbəb olmuşdur..Onuda qeyd etmək istəyirəm ki, ”Siyasilərin psixoloji portretləri “kitabımda Sizin şəxsiyyətinizə qarşı haqsız aparılan siyasəti ittiham etmiş və bu səbatsızları ifşa etmişəm.
    Hörmətli dostum!
    Xüsusən sizin qəzetin fırıldaqçilara qarşı apardığı mübarizə bir çox ziyalılarımız kimi Mənim və rəhbərlik etdiyim təşkilatımın bütün üzvüləri tərəfindən də böyük rəğbətlə qarşilanibdır. .Ancaq görünür ki,yanımızda olan insanlarıda hecdə yaxşı tanımırıq. .O, cümlədəndə Xaliq Bəşəri..Belə ki,Xaliq Bəşər Mənim müəlifi olduğum “Siyasilərin psixoloji portretləri”(2000-ci il) və “Baş tutmamış çevriliş”(2003 -cü il) kitablarimin fotosürətini çıxararaq 2009 -cu ildə yeni adla “Diktatorların bilinmıyın sirlərii” kimi öz adına çıxarmışdır.Təsəvvür edin ki”Diktatorların bilinmıyın sirlərii” kimi təqdim olunan kitabın 253 səhifəsi mənim kitablarimin fotosürətidir..Öz-özlüyümdə fikirləşdim ki,bu plagiatı iffşa etmək üçün Sizə müraciət etməyib,kimə müraciət edim. Ağsaqqal müdrüklüyünüzə sığınaraq, bu özbaşnalığa və harınlığına son qoymaqda Mənə yardımçı olacağınızdan tam əmin olduğum ücün məhz Sizə müraciət edirəm!

    Bakı –Seul körpüsü” ictimai birliyinin sədri
    Azərbaycan yazıçılar birliyinin üzvü
    tədqiqatcı –yazıçı Adıgözəl Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button