Hacıbala Abutalıbov və Z.İsmayılov kütləvi cinayət törədiblər?

VAMBP Prezident İ.Əliyevə müraciət edib…

Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz əməlləri ilə bağlı partiya adından Prezident İ.Əliyevə məktub ünvanlayıb.

Məktubda xatırladılır ki, ölkə qanunvericiliyinə görə əmlakın dövlət satınalması ilə bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Lakin şəhərin mərkəzində “Park-bağ” salınması ilə bağlı belə bir qərar indiyədək yoxdur. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı H.Abutalıbov “Park-bağ” salınması nəzərdə tutulan ərazidən əhalinin köçürülməsi haqqında 24 sentyabr 2008-ci il tarixli, 511 saylı sərəncam imzalamış və mühasibatlığa tapşırmışdır ki, bu məqsədlə Dövlət Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin hesabına ödənilmiş vəsait fiziki şəxs Rufan Kazımovun hesabına keçirilsin. Bununla da H.Abutalıbov açıq şəkildə dövlət vəsaitinin korrupsiya yolu ilə mənimsənilməsini “qanuniləşdirmişdir”.

Məktubda göstərilir ki, ölkə qanunvericiliyinə görə əmlakın dövlət satınalması onun həqiqi bazar qiymətinə müvafiq olmalıdır. Lakin BŞİH birtərəfli qaydada vahid satınalma qiyməti müəyyən edib və bununla razılaşmaq istəməyən yüzlərlə vətəndaşın mülkiyyətini zorakılıqla əlindən alıb, onlara qarşı kütləvi cinayət törədib. İddia edilir ki, bu cinayətin başında etnik antimilli qruplaşma durur, icraçılar isə H.Abutalıbov və onun Z.İsmayılov kimi Azərbaycan mentalitetinə və mənəviyyatına yad əlaltılarıdır.

Məktubda yazılır: “Dövlətçiliyimiz üçün rüsvayçı haldır ki, BŞİH-in kütləvi qanun pozuntuları haqqında yüzlərlə mülkiyyətçi tərəfindən ali icra, məhkəmə, prokurorluq və polis orqanlarına şikayət ərizələri yazılmasına baxmayaraq, indiyədək bu müraciətlərə müvafiq şəkildə baxılmayıb və şikayətçilərin çoxuna cavab belə verilməyib.

VAMBP belə hesab edir ki, H.Abutalıbov, Z.İsmayılov və digərləri qanunla müəyyən edilmiş əsaslar olmadan öz qulluq mövqelərindən sui-istifadə etməklə mülkiyyətçilərin evlərini zorakılıqla uçurduqlarına (Cinayət Məcəlləsi, maddə 180, 181, 186.2.1) və 17 memarlıq abidəsini qəsdən məhv etdiklərinə (maddə 246) görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bunu xalqımızın və milli dövlətimizin ali mənafeyi tələb edir”.

Məktubun sonunda Bakı Şəhər İcra Hakimiyyətinin “söküntü ərazisi”ndəki fəaliyyəti, xüsusən onun tərəfindən əhalinin köçürülməsi və mülkiyyətçilərə kompensasiyaların ödənilməsində ölkə qanunvericiliyinin tələblərinin pozulması faktları ilə bağlı təhqiqat aparılması və vətəndaşların mülkiyyət hüquqlarının qorunması, onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələb edilir.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Yazılanlar tam həqiqətdir, hələ bir az da “mülayim”dir. H.Abutalıbov və onun əlaltıları çoxdan cinayət məsuliyyətinə cəlb olunmalı idi. Ancaq bu rejimə belələri əl verir. Onların axırına az qalıb! Amin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button