Hafiz Hacıyev qapalı toplantı keçirdi

MMP sədri 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlara start verdi…

Ötən il noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərində Müasir Müsavat Partiyasına qarşı edilən haqsızlıq iki aydan çoxdur ki, partiya daxlində narazılıqları səngitmir.

Dünən MMP-nin mərkəzi qərargahında partiyanın sədri Haviz Hacıyev təşkilat daxilində həm yaranmış narazılıqları müzakirə etmək, həm də son günlər Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələrə münasibət bildirmək üçün Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə qapalı şəkildə görüşüb. Görüş haqqında ictimaiyyətə hələlik geniş məlumat verilməsə də, partiyadakı gizli mənbələrdən əldə etdiyimiz məlumata görə, toplantıda seçkidə baş vermiş uğursuzluğun əsas səbəbləri, Qərbi azərbaycanlılara qarşı hakimiyyət daxilində qeyri-səmimi və anlaşılmaz münasibət, həmin regiondan üzdə olan insanların birlik nümayiş etdirməməsi məsələsi geniş müzakirə olunub və sözügedən məsələlərlə bağlı ümumi rəyə gəlindiyi bildirilib. Verilən digər məlumata görə, müzakirəyə çıxarılan əsas məsələ isə 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin yeni seçki taktikası ilə prosesə qatılması məsələsi olub. Bunun üçün 4,5 milyon Qərbi azərbaycanlının onu dəstəkləməsini təşkil etmək və indidən müvafiq tədbirlər planı hazırlanması məsələsi yenidən gündəmə gəlib.

Xatırladaq ki, son zamanlar MMP sədrinin hakimiyyətə bəslədiyi kəskin münasibət və illərlə müxalifətlə arasında davam edən soyuq buzları əritməsi ictimai rəydə onun nüfuzunu xeyli yüksəldib. Hafiz Hacıyev artıq hakimiyyətə yox, özünə və özünün maraqlarına işləməyə başlayıb. 2013-cü il prezident seçkilərinə indidən start verməsi də bunun göstəricisi sayıla bilər. XuralTAC-da Hafiz Hacıyevin son günlərdə bəzi xarici ölkələrdə olduğu və hakimiyyət-müxalifət mövzusunda beynəlxalq qurumlarla ciddi müzakirələr apardığı haqda da məlumatlar var.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button