Hafiz Hacıyevdən yeni şok açıqlamalar-VİDEO

hafiz-yeni1

Müasir Müsavat Partiyasının sədri, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev vizual.az-a müsahibəsində ölkədəki sosial-iqtisadi vəziyyətdən danışıb.

H.Hacıyev manatın devalvasiyasından sonra atılan addımlar, sahibkarların indiki durumu, məmur özbaşınalıqları, regionlarda Rayon İcra Hakimiyyətlərinin əməlləri haqda sualları cavablandırıb.

Ohəmçinin, rayonlarda ayrı-ayrı məmurların qanunsuz hərəkətlərinə, xüsusilə son aylar mətbuatın diqqətində olan Gədəbəyin icra başçısı Ramiz Yediyarovun iş adamlarına qarşı təzyiqlərinə, 44 gədəbəyli sahibkarın prezidentə müraciətinə, iş adamı Fəxrəddin Bağırovun başına gətirilən müsibətlərə də münasibət bildirib. Video-müsahibəni təqdim edirik:

“Məmurların yalan danışmağının limiti bitib”

– Hafiz müəllim, 21 dekabrdan bu yana, yəni manatın üzən məzənnəyə keçidindən sonrakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Açığı, biz vəziyyətin yaxşılaşdırılmasını gözləyirdik. Ancaq bu müddətdə qoyulan hədəflərin heç birinə nail olmamışıq. Cənab prezidentin konfransdakı çıxışı tarixi bir çıxış etdi. Dövlət başçısı ölkəni düşdüyü vəziyyətdən çıxmağın yollarını göstərdi, mühüm tapşırıqlar verdi. Amma harınlamış bir məmur təbəqəsi var.

Onlar da prezidentin göstərişlərinə əməl etmirlər, məqsəd budur ki, ölkə başçısına zərbə vursunlar, yaranmış vəziyyətin günahını prezidentin üstünə atsınlar. Bu da bizi narahat edir. Çünki məmurların yalan danışmağının limiti bitib.

Reallıq budur ki, xalq arasında ciddi narazılıq var, insanlar etiraz edir, qəzəblidir. Bunun da səbəbkarı məmurlardır. Prezident tapşırdı ki,böhrandan xilas üçün yeniiş yerləri açılsın, iş planı tərtib olunsun, addımlar atılsın, sahibkarlara şərait yaradılsın. Gəlin baxaq, bunların heç biri olmayıb.

“Hökumət yoxdur”

– Yəni bütün sahələr üzrə qarşıya qoyulan tapşırıqların biri də yerinə yetirilməyib?

– Misal üçün gəlin diqqət edək: artıq yaz gəlir. Taxıl tədarükünü indidən görmək lazımdır. Amma bu gün heç olmasabir hektar keçən ildən əkilən artıq torpaq münbitləşdirilib, sahibkarın ixtiyarına verilibmi? – Yox. Və yaxud susuz sahələrə su çəkilibmi? – Xeyr. Bu halda necə taxıl olsun?

Bundan başqa, hansı rayonları ixtisaslaşdırdılar, harada 100 hektarı 500 hektar etdilər? Bütün bu işləri görmək, prezidentin qaldırdığı məsələləri yerinə yetirmək əvəzinə, həmin harınlamış məmurlar ölkədə sabotajla məşğuldur.

İndiki vəziyyətdə hesab edirəm ki, xalqı böhranlı vəziyyətdən çıxarmaq üçün prezidentin yanında olmaq lazımdır. Çünki ölkənin taleyini düşünən prezidentdir. Hökumət isə yoxdur. Nazirlər Kabineti adlanan yer yaşı keçmiş, təqaüdçülərdən, milləti sevməyənlərdən ibarətdir.

“İkiüzlü məmurlar prezidentin göstərişinə əməl etmir”

– Yeni iş yerlərinin açılması üçün hansı addımlar atıldığını demək olar?

– Prezident həmin konfransda tələb qoydu ki, sahibkarlara işləməyə imkan yaradılmalıdır, yeni iş yerləri açılmalıdır, ölkədə işsiz adam qalmamalıdır. Bu dövlət başçısının hər zaman siyasətində prioritet məsələ olub. Ancaq ikiüzlü məmurlar prezidentin göstərişinə əməl etmir, iş yeri açmır.

Gəlin görək bu nazirlər iş yerlərinin açılması üçün addımlar atmaq əvəzinə hansı saxtakarlıqlarla məşğuldur? Deməli, guya regionlarda vətəndaşların problemlərini dinləmək, müraciətlərinə baxmaq üçün rayonlara səfər edirlər, görüşlər keçirirlər.

Həmin nazirlərin görüşündə əynində 500 dollarlıq kostyum geyinmiş baş həkim, bələdiyyə sədri, məktəb direktorları, icra nümayəndələri iştirak edir, nazir də mühafizəçilər ilə oturub tədbir keçirir.

Axı bu adamların devalvasiyadan xəbər yoxdur, bu böhranı həyatında hiss etmirlər. Çünki rüşvətini alır, dolanır, xalqı soyur, onu insanların vəziyyətinin ağırlaşması vecinə deyil.

“Sən nə danışırsan, Samir Şərifov?”

– Elə sözünüzün qüvvəti, artıq vətəndaşlar kreditlərini də ödəyə bilmirlər…

– Bəli, xalq aldığı krediti qaytara bilmir. Bu gün kimisi özünü dənizə atmaqda, bankın qabağında yandırmaqda, yəni intiharda çıxış yolunu görür. Ancaq məmurlar heç bir iş görmür. Maliyyə naziri Samir Şərifov deyir ki, banklar xeyriyyə fondu deyil.

Sən nə danışırsan, Samir Şərifov, heç qanunlardan xəbərin varmı, yoxsa o qədər toxsan ki xalqdan xəbərin yoxdur? Odur ki, prezidentə müraciət eləmişəm məni qəbul eləsin. Bu normal haldır. Rusiyada Putin Jirinovski, Zuqanovla görüşür, onları dinləyir Mən də üç dəfə prezidentliyə namizəd olmuş kimi cənab prezidentə müraciət edəcəm.

“O qədər harınlayıb, piyləniblər ki…”

– Yeri gəlmişkən, prezidentin konfransda tezislərindən biri də rayon icra hakimiyyətlərinin dotasiya ilə özünü saxlaması idi. Bildirdi ki, bölgələr artıq daxili imkanları hesabına özlərini saxlamalıdırlar. Bu mümkün olacaqmı və ümumiyyətlə, rayon icra hakimiyyətləri prezidentə kömək edirmi?

– Bu gün bütün rayonlarda iş yerləri bağlanıb, insanlar ailəsinə çörək pulu apara bilmir. Prezident göstəriş verdi ki, regionlarda bu istiqamətdə təcili işlər görülsün. Amma hansı addımlar atılıb? Heç bir iş görməyiblər, bir iş yeri açmayıblar, qətiyyən prezidentə kömək etməyiblər.

Ümumiyyətlə, iş yeri yoxdur. Rayon icra hakimi maraqlanmır ki, iş yerlərinin açılması üçün nəsə edim, sahibkarın yanına gedib, onunla maraqlanım, bəlkə köməyim dəyə bilər. Baxıram, yarımçıq qalan villa, restoranlarının tikintisini davam etdirirlər.

Prezident də artıq vəsait ayırmır ki, 5 santimetr asfaltı 2 santmetr edib, qalan pulu yeməsinlər, restoran tikməsinlər. O qədər harınlayıb, piyləniblər ki, bunlara söz təsir etmir. Bu mənada ciddi kadr islahatı olmalıdır.

“Prezidentin ətrafı ona xəyanət edir”

– Məmurların prezidentə qarşı bu addımlarında məqsədi nədir?

– Məmur təbəqəsi gecə-gündüz prezidentin qeybətini qırır, kabinetlərində onun əleyhinə planlar cızır. Məqsəd ölkə qarışsın, bunlar yığdıqları milyardları əllərində saxlasın. Bunlar indi nə edirlər, bir adama üç inək verib, deyirlər saxla. Məgər bu iş yeridir?

Misal üçün, Azərbaycana aliminiüm xaricdən gətiririk, Gəncədəki aliminiüm zavod isə bağlanıb. Əgər belə olacaqdısa, niyə milyardları o zavoda tökdünüz? Daşkəsəndə filiz çıxır. Gəncəbasar bölgəsində zavod tikib, orda filizdən dəmir istehsal edib, boru buraxa bilərik. Ancaq biz armatur, boru materiallarını xaricdən alırıq. Niyə? Əgər həmin zavodlar işləsəydi, hərəsində min adam çalışsaydı, ölkənin yükü azalardı, prezidentə çox böyük dəstək olardı.

Bu gün ölkənin yeyinti, yüngül, ağır sənayesi, kənd təsərrfatı sahəsi həmin məmurların ucbatından iflicdir. Prezident dedi ki, bir adam işsiz qalmamalıdır. Amma əməl olunmur. Əvəzində prezidentin çıxışından sonra baş nazirin müavini Əli Həsənovun nəvələrinin dəbdəbəli həyatını əks etdirən fotolar mətbuata çıxdı. Ondan başqa, Elman Rüstəmov görüş zamanı dal qapıdan qaçdı. Xalqa vəziyyəti izah etmədi.

Bunlar axı kimdir, kim ixtiyar verib bu adamlara? Uşaqları onu-bunu döyürlər, birini barlardan yığıb tutmurlar, məmur arvadları təyyarələrdə VİP salonlardan keçirlər, bir qrup cinayətkar məmur ölkədən 90 milyard oğurlayır. Ona görə də açığı, xalqın əhvalı belədir ki mitinq olsa yüz minlərlə narazı meydana çıxacaq.

Çünki prezidentin ətrafı ona xəyanət edir. Prezident qardaşımdır, onun üçün canımdan keçməyə hazıram. Nə edim ki qardaşımı əlimdən alırlar və hökuməti çökdürürlər. Mən bu çıxışları edəndə təzyiqlərlə qarşılaşıram.

“Yediyarov elə bilir ki, rayona ona dədəsindən qalıb”

– Siz Daşkəsəni, Gəncəni qeyd elədiniz, elə Gədəbəydə də sahibkarlar sıxışdırılır. İcra başçısı Ramiz Yediyarov iş adamı Fəxrəddin Bağırovun obyektinin önünə prezidentin sözləri yazılan plakatı vurub. Nəticədə daha bir iş yeri bağlanıb. Bundan əlavə, 44 gədəbəyli sahibkar başçı ilə bağlı prezidentə müraciət edib. Niyə Yediyarov və qanunsuzluq edən digər rayon rəhbərləri barəsində ölçü götürülmür?

– Gədəbəydən olan həmin sahibkarlar mənim də yanımda olub. Ramiz Yediyarovu Gədəbəyə icra başçısı vergilər naziri Fazil Məmmədov qoydurub. Yediyarov da elə bilir ki, bu rayon ona dədəsindən qalan mal-mülkdür, özünün payıdır.

Ona görə də Yediyarov Gədəbəyin sərvətlərini talayır, bazarı sökdürüb dağıdır, prezidentin adından sui-istifadə edir. Bu saymamazlıqdır. Bunların ailələri yaşayır, elə bilir ki xalq da yaşayır. Halbuki, Yediyarovun ora təyinatının səbəbi xalqla işləməkdir, insanlara kömək etməkdir, problemlərini dinləməkdir. Ancaq gördüyünüz kimi bu adamlar dağıtmaqla məşğuldur.

“Camaat Yediyarovu daşqalaq etməlidir”

– Yənibir başçının nazirə arxalanması bu işləri görməyə imkan verir?

– Bəli. Yediyarovun nəyinə lazımdır, fikirləşir arxasında Fazil Məmmədov dayanıb. Fazil Məmmədov ona heç olmasa deməlidir. Əvvəla, nazir gedib özü işi ilə məşğul olsun. Amma neçə icra hakimiyyətlərinə day-daylıq edir.

Pulumuzu veririk. Prezident korrupsiyaya qarşı mübarizə aparır. Daxili işlə məşğul olsun yoxsa xarici ətrafındakı ikiüzlü məmurların balalarını küçələrdən yığıdırsın səfirlərin arvadlarının rüşvətini yığışdırsın.

Tək Gədəbəy deyil, çox rayonların icra başçıları qanunsuzluq edirlər. Axı kimsiniz ölkəni həraca qoymusuz? Biz ölkədə müstəqillik uğrunda vuruşanda siz Rusiyada nataşalarla kef edirdiniz. İndi gəlib ölkəni talayırsınız. Ona görə də xalq haqqını tələb etməlidir. Eləcə də Gədəbəydə camaat Yediyarovu daşqalaq etməlidir.

Bunları pulları ancaq öz arvadlarına, uşaqlarına, istirahətlərinə, villalarına çatır. Partiyamıza hər gün onlarla adam gəlir. Onları sakitləşdirirəm ki, prezident çalışır, hər şey yaxşı olacaq.

Bu günlərdə bir qrup də sahibkarlar gəlmişdi. İqtisadiyyat Nazirliyinin “Azprom” təşkilatından narazılıq edirdilər. Bu təşkilata Ülfət adlı şəxs rəhbər qoyulub. Sahibkar istəyir ki, öz pulu ilə rayonda zavod açsın, insanlar işləsin.

Biz Ülfətdən cavab ala bilmədk. Katibəsi də Azərbaycan dilində danışa bilmir. Dedilər,Ülfətin arxasında duran var. Bu adamlarla hara gedəcəyik? Prezident tapşırır ki, iş yerləri açın, Gədəbəydə o bağladır, Gəncədə o biri qapadır, “Azprom” rəhbəri burda sahibkara cavab vermir. Bu adam bilmir ki, pomidor turşusu, tomat düzəldən zavodu hardan almaq olar. İstehsal olmayan yerdə isə vəziyyət çətinləşəcək, işsizlik artacaq. Dostbazlıqla hakimiyyət qurulanda belə olur. Ölkənin real mənzərəsi budur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button