Hakim olmaq istəyənlər üçün daha bir fürsət

hakim-500x281

Hakimlərin Seçki Komitəsində hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu məsələlərinin müzakirəsi aparılıb.

Komitədən Trend-ə verilən məlumatda bildirilir ki, Komitənin növbəti iclasında qəbul edilən qərarla hakim olmaq istəyənlərə daha bir fürsət verilir.

Qeyd edək ki, ötən ilin dekabr ayının 15-dən davam edən sənəd qəbulu zamanı 500-dən çox hüquqşünas namizədliyini irəli sürüb.

Bildirilir ki, son zamanlar sənəd təqdim edənlərin sayının azalması ilə əlaqədar prosesin aprel ayının 15-də başa çatması nəzərdə tutulub.

Qanunvericilikdə hakim olmaq üçün ən azı 30 yaş müəyyən edildiyindən, yalnız bu şəxslərin sənədlərinin qəbulu həyata keçirilib. Lakin hakimliyə namizədlərlə çoxsaylı imtahanlardan ibarət olan müsabiqə əvvəlki illərin təcrübəsinə görə 2 il müddətində davam edir və namizədlər yalnız müsabiqənin sonunda hakim olmaq hüququ qazanırlar.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsində 28 yaşı tamam olmuş və hakim olmaq üçün qanunvericilikdə nəzərdə tutulan digər tələblərə cavab verən şəxslərin də müsabiqədə iştirakına imkan verilməsi qərara alınıb.

Həmin şəxslərin sənədlərini təqdim etmələri üçün şərait yaradılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən sənəd qəbulunun vaxtı may ayının 1-dək uzadılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button