HAKİMİYYƏT MİLLƏTİN İRADƏSİNƏ TÜPÜRDÜ!!!

Bir görünməyən əl bu milləti uçuruma aparır!
Nə üçün millətin içərisindən bu qədər şərəfsiz insan yetişib?!
Niyə seçkilərdə AXCP-Müsavat blokunun vebsaytları işə düşmədi!?

Seçkilərin, əslində isə Milli Məclisə 4-cü çağırış təyinatın baş tutmasından sonra cəmiyyətdə ciddi və ağır şok yaşanır. Əvvəlkilərdən fərqli olaraq bu seçkilərdə nə küçələrə çıxan, nə etiraz edən, nə də təpəsinə dubinka yeyən olmadı. Olmadı, amma yenə əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdən sonra cəmiyyətdə için-için bir gərginlik atəşi fitillənməyə başladı. Nə olursa olsun, seçkilərdən sonra səsini çıxaran, dəyirmi masalar keçirən, nələr olub-bitdiyini müzakirə edən bir şərait görmədik və qəribə orasındadır ki, bu məsələdə aktivlik nümayiş etdirməli olan televiziya kanalları və aparıcı mətbuat orqanları da sıradan geridə qaldılar. Televiziya kanallarını başa düşdük – onları hakimiyyət tam zərərsizləşdirib. O zaman haqlı bir sual meydana çıxır – bəs qəzetlər?! Onlar da deyəsən, baş redaktorlarının seçki şokundan hələ ayılmayıblar. Söhbət təbii ki, ölkənin informasiya sahəsinin əsas aktyorlarından olan «Azadlıq» və «Yeni Müsavat» qəzetlərindən gedir…

Hamı seçki şokunda ikən, «Xural» mövzunu masaya yatırmaq qərarına gəldi. Seçkiyə qatılan və nəticələrdən narazı qalan namizədlərin qatılımı ilə bir dəyirmi masa düzənlədik. Dəvət etdiklərimizdən söz verib qatılmayanlar olsa da, qatılanlar da oldu və masanın keçirilməsindən sonra aldığımız reaksiyalar onu göstərdi ki, bu tip dəyirmi masalara hələ çox ehtiyac olacaq. Təbii ki, təyinat rəsmiləşəndən sonra Milli Məclisə təyin olunan və seçkilərin şəffaf keçirildiyini iddia edən deputatları da toplantılarımıza dəvət edəcəyik. Hələlik isə, danışır «Xural»ın «Mətbuatda Canlı Yayın» rubrikası altında keçirdiyi dəyirmi masa. Bu masada seçki adı ilə təşkil olunan aksiyada nələr baş verdiyindən bəhs etdik…

Qərarı isə Siz verəcəksiniz, Əziz «Xural» Oxucuları…

(Əvvəli ötən sayda)

Sözdən işə keçməyin vaxtı çatıb…

Rahim Qazıyev
Seçkilərdə Nemət Pənahlının vəkili, sabiq müdafiə naziri:

– Bir millətin ki müəllimi, həkimi rüşvət almağa, insanların gələcək taleyi ilə oynamağa məcbur edilir, həmin milləti çox dəhşətli faciələr gözləyir. Nə yazıq ki, saxtakarlıq etməyə də məhz müəllimləri və həkimləri cəlb etdilər. Hesab edirəm ki, artıq sözdən işə keçməyin vaxtı çatıb.

Müxalifət liderlərinin hamılıqla Bakıya yığışmaları səhv idi…

Razi Abasbəyli
63 saylı seçki dairəsindən namizədliyə namizəd:

– 63-cü dairənin ərazisində Qiyas Sadıqbəylinin tərəfdarı kimi iştirak elədik. Biz seçkilərdə bütün imkanlarımızı sərf etmişdik ki, saxtakarlıq baş tutmasın. Biz bir şeyin şahidi olduq. 17 saylı məntəqədə bizim təmsilçimiz olan bir neçə gənc ciddi şəkildə müqavimət ortaya qoydu və biz həmin məntəqədən real nəticələri rəsmən əldə edə bildik. Onlar gənc idilər və heç bir təzyiqə baxmayaraq döyüşdülər. Təbii ki, biz də yeri gəldikcə onlara dəstək verdik. Digər məntəqələrimizdə də təxmini müşahidələrim oldu. Gənclər aktiv olduqları təqdirdə, bu proseslərə kifayət qədər uğurlu xeyir gətirə bilərlər. Digər tərəfdən, müxalifətin yanlış strategiyası ortada idi. Azərbaycan əyalətinə gedən bir müxalifət lideri yox idi. Ötən dəfə əyalətdən parlaq şəkildə qələbə ilə qayıtmış müxalifət liderləri bu dəfə hamılıqla Bakıya yığıldılar. Bu gün Azərbaycanın əyalətlərində bələdiyyə seçkiləri səviyyəsində seçkilər keçirildisə, paytaxtda qismən parlament seçkiləri oldu. Ancaq Azərbaycan müxalifətinin yanlış strategiyası əyalətlərə üstünlük verməməsi idi. 2005-ci ilin mitinqlərində əyalətlərdən 60-70 faiz insanlar gəlirdi. O mitinqləri əyalətdən gələn döyüşkən insanlar təşkil edirdilər. Amma bu seçkilərdə əyalət insanlarını hesaba qatmadıqları üçün hakimiyyət qarşısında ciddi məğlubiyyətə uğradılar.

Yəni doğrudanmı bu qədər alçaq, əclaf, bu dərəcədə vicdansızlığa hazır olan bir kəsimimiz yetişib?

Azər Həsrət
34 saylı Xətai ikinci seçki dairəsindən namizəd:

– Mən bir daha qeyd edirəm ki, burada müxalifətçi kimi danışmıram. Sadəcə bir vətəndaş olaraq öz dövlətinin və millətinin gələcəyini düşünən bir vətəndaş kimi danışıram və xüsusi olaraq altını cızmaq istədiyim bir məsələ var ki, bu seçkidə «mən mandat almaya bilərəm» fikri faciə deyil. Dəhşətli bir şey də deyil. Mən bir fərdəm, Azərbaycanın bir parçası, millətimin oğluyam. Sadəcə faciəmizi nədə görürəm? Bu gün bu saxtakarlığı eləyən adamlar bizimlə bir sırada oturan, hərəkət eləyən adamlardır. Həkimlər, müəllimlər, «JEK» işçiləri, icra nümayəndələri və s. Yəni millətin bu qədər dəhşətli dərəcədə şərəfsiz ünsürləri yetişib?! Yəni doğrudanmı bu qədər alçaq, əclaf, bu dərəcədə vicdansızlığa hazır olan bir kəsimimiz yetişib? Baxın, budur faciə! Bu, həqiqətən də böyük bir faciədir! Biz bu gün bu haqda düşünməliyik. Müxalifətçilik, iqtidarçılıq etmədən… Məni «bu gün müxalifət niyə parlamentə düşmədi» sualı maraqlandırmır. Məni düşündürən odur ki, nə üçün millətin içərisindən bu qədər şərəfsiz insan yetişib? Əgər millətin 10 faizi bu seçkidə iştirak edibsə, saxtakarlığa əl atıb insafını, vicdanını nəyəsə satırsa, deməli, millətin 1 milyonu artıq bu gündədir. Yəni bu, olduqca ağır və düşündürücü bir problemdir ki, onu həll etmək ətrafında düşünməliyik. Əlbəttə ki, nəticələrdən çıxış edərək, bu gün baş verən, ortaya çıxan ümumi ab-havadan çıxış edərək çözüm tapmalıyıq. Bəli, mən düşünürəm ki, alternativlər axtarışı artıq ortaya çıxıb. Yəni şəxsən mənim özüm də son günlər kifayət qədər bu görüşlərdə iştirak edirəm. Müxtəlif adamlarla görüşlər keçirirəm, müxtəlif səviyyələrdə söhbətlərimiz olub. Özümə də müraciət edənlər çoxdur. Bütün bunların arasında mən yanlışı görürəm. Burada adi söhbət də elədik, tənqid də…

100 min dollara alternativ telekanal qurardım…

Amma heç kim müasir texnologiyanın imkanlarından danışmadı. Halbuki mən xatırlatmaq istəyirəm ki, 1999-cu ildə mən Kanadada bir məktəb oxumuşdum, Azərbaycana gəldim və müxalifətçilərə təklif elədim ki, əsrimiz başqa istiqamətdə inkişaf eləyir. Yəni müasir texnologiyaları öz həyatınıza vazkeçilməz bir ünsür kimi soxun. Bunu dedim, amma çox təəssüflər olsun ki, məni dinləyən olmadı. 2005-ci il seçkiləri öncəsi, mənim müxalifətdə olduğum zamanlarda – kifayət qədər də radikal müxalifətçi idim – dedim ki, gəlin mənə 100 min dollar pul təşkil eləyin, mən sizə alternativ telekanal qururam və bunun da lisenziyasını alıram. Bütün fəaliyyətiniz də normal efirdə yayımlanır. O zaman mənim imkanlarım buna çatırdı. Çünki mənim əlim çatan yerlər çox idi. Bu günün özündə belə həmin əlaqələrim qalmaqdadır. İstər ATƏT olsun, istər Avropa Şurası, istər ABŞ Dövlət Departamenti ilə… Yəni mənim söz deyə biləcəyim yerlər var idi. Bunu da eşitmədilər və dirəndilər ki, yox.

Baba Tağıyev 1 günə sayt yaratdı…

Bayaq Ruslan bəy də qeyd elədi. Siz deputatlığa namizədlərin neçə faizinin telekommunikasiya vasitələrindən istifadə etmələrinin şahidi oldunuz? Çox az bir qisim oldu ki, bundan istifadə etdi. Hətta maraqlı bir nüans baş verdi. Oktyabrın 24-də mən televiziya vasitəsilə çıxış etdim və bir neçə dəfə internet saytım haqda məlumat verdim. Yəni seçici mənim haqqımda daha geniş bilgi əldə etmək üçün bəs eləyirdi ki, saytıma daxil olsun. Bir neçə gündən sonra Baba Tağıyev çıxış elədi və həvəslə, şövqlə öz internet ünvanını elan etdi və mən də öz ailəmin qarşısında bu sözü dedim ki, Baba Tağıyev cəmi bir günə yaradıb bu saytı. Belə bir şey onda olmayıb. Məndən sonra bu ideyanı götürüb. Həqiqətən də bir gün sonra «QaynarİNFO»da belə bir məlumat dərc olundu ki, Baba Tağıyev öz vebsaytını yaradıb. Deməli, bu adamın pulu var, ağlına batıb ki, bunu eləmək lazımdır. Çünki bu mənim çıxışımdan sonraya təsadüf etdi. Ondan sonra da bir neçə nəfər vebsaytları haqda məlumat verdilər. Yəni sözü nəyə gətirirəm. Bu gün seçki kampaniyası aparan siyasi partiyaların, elə AXCP-Müsavat blokunun vebsaytları işə düşmədi! Niyə canlı olaraq insanları saxtakarlıqlarla bağlı vaxtında məlumatlandırmadılar? Niyə seçki məntəqəsində baş verən pozuntular haqqında internetdə birbaşa məlumat yox idi? Ümumiyyətlə, heç nə yox idi. Bizim video var idi və mən onu internetə qoydum və üç gün ərzində 4500 nəfər izləyicisi oldu. Bu, artıq göstəricidir. Facebook-da yüzlərlə insan bu videonu paylaşdı. Çatana çatdı. Bu, texnologiyanın gücüdür. Bu gün hakimiyyət nə qədər desə də ki, seçkilərdə saxtakarlıq olmayıb, artıq göyə də çıxsa xeyri yoxdur, çünki hər şey insanların gözü qarşısındadır. Orada sifətlər, bülletenlər görünür, konkret kimin xeyrinə saxtakarlıq edilməsi də göz qarşısındadır. Bütün bunlar danılmaz faktlardır, yenə də bunlar o qədər həyasızdırlar ki, boyunlarına almırlar. Biz bütün bu faktları bir yerə yığıb MSK-ya şikayət etdik, «təsdiqini tapmadı» deyə bizə cavab göndəriblər. Yəni sözümün canı ondadır ki, şəxsən mənim dairəmdə olan 33 məntəqənin hamısından videolar olsaydı, onların çıxış yolu olmazdı və saxtakarlığı təsdiqləmiş olardılar. Bu, məsələnin bir tərəfi. Digər tərəfinə gəlincə, məni əslində dəhşətə salan digər bir fakt da var. Mən bu hakimiyyətə seçkiqabağı kifayət qədər işarə verdim ki, hətta seçkidən geri çəkilməyə və sizin namizədinizə dəstək verməyə hazıram, təki bir dairədə normal seçki keçirək. Qoy hakimiyyətin namizədi seçilsin, qoy YAP-çı olsun, kim olursa olsun, barmaqlarını üstünə qoyub desinlər ki, bax bu adam qalib gəlməlidir, mən də kömək edirəm. Amma normal seçki keçirilsin və vətəndaşın da iradəsi burada öz əksini tapsın.

Hakimiyyət millətin iradəsinə tüpürdü!!!

Replika:

– Normal seçki keçirilsəydi, onlara sərf edən nəticə əldə olunmazdı axı…

Azər Həsrət:

– Mümkün idi və mən də onlara bunun yolunu göstərmişdim. Çünki onlar bu nəticəni əldə etmək üçün onsuz da külli midarda pul xərcləmişdilər. O pulu mən xərcləsəydim, normal bir seçki kampaniyası təşkil edərdim. Yəni demək istədiyim odur ki, əgər onlar bunu da istəmədilərsə, deməli, faktiki olaraq millətin iradəsinə tüpürdülər və bundan sonra da tüpürülməyə davam edəcək. O da təbiidir ki, bu tüpürülmə davam edəcəksə, millət bir fərd olaraq düşünsün.

Heydər Əliyev Azərbaycanı işğal eləyib!

Nemət Pənahlı
15 saylı Yasamal birinci seçki dairəsindən namizəd:

– Azərbaycanın 20 faizi ermənilər tərəfindən, 80 faizi də Heydər Əliyevin tayfası tərəfindən işğal olunub. Heydər Əliyev siyasətə faktiki olaraq başlayandan Azərbaycanın 6 rayonunu ermənilərə verdi və həm onlarla, həm də xarici qüvvələrlə əlaqəyə girdi, saziş imzaladı, hakimiyyətini möhkəmləndirdi. Ölən gününə qədər də bütün istedadını, qabiliyyətini, bacarığını ortaya qoyaraq Azrbaycan xalqını necə diz çökdürməyin mümkün olduğunu nümayiş etdirdi. Söhbət ayrı-ayrı fərdlərdən getmir. Diqqətlə müşahidə eləyin 1988-ci ildən bu günədək davam edən hadisələri… Millət və Vətən uğrunda mübarizə aparan hər bir adam cəzalandırılır. Qarabağda, Naxçıvanda erməniyə qarşı güllə atan, mübarizə aparan siyasətdənkənar insanlar istisnasız tapdaq altındadır. Bir görünməyən əl bu milləti uçuruma aparır. Diqqət edin, hakimiyyət dəyişir. Vəzirov gedir, yerinə Mütəllibov gəlir, Mütəllibov gedir, Elçibəy gəlir, o da gedir, yerinə Heydər Əliyev gəlir. AXC hakimiyyətə gələndə tamamilə fərqli bir dalğanı müşahidə etdik. Bütün hakimiyyət dəyişdi, amma hakimiyyətdə elə adamlar var ki, bütün bu dəyişikliklər içində vəzifələri toxunulmaz qaldı. Onlar toxunulmaz adamlardır. SSRİ vaxtından onları KQB-də necə formalaşdırıblarsa, o cür də davam edirlər. Məsələn, Vahid Axundov. Bütün sadaladığım dövrlərdə, yəni 20 ildən çoxdur ki, bu adam öz vəzifəsini icra edir. Yəni demək istəyirəm ki, bu hakimiyyət də apardığı siyasətlə mövqeyini bəlli edir. Bu gün Azərbaycanda bir nəfər də olsun səsimə səs verməsə belə mübarizə aparacağımı bəyan etmişəm. Bəli, mən indi də o fikirlə razılaşıram ki, partiya sədri səlahiyyətləri ilə bu hakimiyyətə qarşı mübarizə aparmaq qeyri-mümkündür. Ona görə də o fikirlə razılaşıram ki, mütləq və mütləq bir Milli Azadlıq Hərəkatı yaranmalıdır. Bir ideya kimi də ortaya atmışam ki, «Vahid Azərbaycan Uğrunda Milli Birlik Hərəkatı» yaranmalıdır. Öz tərəfimdən 12 bənddən ibarət nizamnaməni də hazırlamışam və bu yaxınlarda cəmiyyətə açıqlayacam. Yəni mənim demək istədiyim odur ki, milli müqavimət olmasa, millətin mübarizə aparan qüvvələrinin bir araya gəlməsi mümkün olmasa, heç bir qələbədən, heç bir uğurdan söhbət gedə bilməz. Əksinə, bu seçki birmənalı olaraq göstərdi ki, bu hakimiyyət bu millətə birmənalı olaraq divan tutmaqda davam edəcək və mətbuatda, cəmiyyətdə olan az-çox müstəqil fikir yürüdən insanları müxtəlif səviyyələrdə cəzalandıracaq. Bunun ən sadə nümunəsi Pənah Hüseyndir. Keçən çağırış parlamentə az-çox müxalifət nümayəndəsi düşmüşdü. Bu günlərdə Milli Azadlıq Hərəkatından tanıdığım Fərəc Quliyevlə söhbətimiz oldu və mən ona sual verdim ki, o öz fəaliyyəti ilə az-çox öz ətrafına tərəfdarlar yığa bilər, nə üçün bunu etmir? Onu da qeyd etdim ki, hamı çox gözəl anlayır ki, hakimiyyətin «dobro»su olmadan parlamentə heç kim düşmür. Yəni hakimiyyət bu qapını açmasa, sənin ora düşmək şansın yoxdur. Ötən seçkilərdə Pənah bəy də hakimiyyətin «dobro»su ilə parlamentə düşmüşdü, lakin o, heç kəsdən çəkinmədən ən əhəmiyyətli məqamlarda öz sözünü deyə bildi. Hakimiyyət onu cəzalandırdı, bu dəfəki seçkilərdən ona görə keçirmədi ki, fazilqəzənfəroğlulara, başqalarına görk olsun ki, bax, çərçivəndən çıxsan, növbəti dəfə seçilməyəcəksən. İndi də hakimiyyət mesajını verib, addımını atıb və siyasəti də bəllidir. Artıq sıra millətindir. Əgər millət bu siyasətə qarşı müqavimət göstərməkdə davam edərsə, nəsə alınacaq, etməzsə, hər şey bundan da betər üsullarla davam edəcək. Zülm getdikcə artacaq, hər addımbaşında bu millət aldadılacaq, tapdanacaq, şərəfsizləşdiriləcək. Qardaş, millət deyəndə elə burada əyləşən oğullar da bu millətin oğullarıdır. Biz başqa kimlərdən nə gözləməliyik ki? Biz tamamilə başqalarından, abstrakt bir yerdən nəsə gözləməməliyik. Millət mənəm – Nemət Pənahlıdır, millət – Azər Həsrətdir, millət – Rahim Qazıyevdir… Biz bir araya gələn zaman deyə bilərik ki, artıq varıq. Yoxsa, hər şeyin məsuliyyətini üstümüzdən aşırmaqla heç nə əldə edə bilmərik. Nazim Hikmət demiş, «mən yanmasam, sən yanmasan, o yanmasa, necə çıxar qaranlıqlar aydınlığa»… Bu məsələ bizdən asılıdır və bu gün Azərbaycanda o oğullara ehtiyac var ki, desin, «Mən millətəm, bu ölkə mənimdir və mən satılmayan, əzilməyən, sındırılmayan, alınmayan bir millətin övladıyam.»

Son

Hazırladı:
XuralTAC

Redaksiyadan:


«Xural»da baş verən bu müzakirə zamanı bəzi deputatlarımızın adları çəkilib, onların haqlarında müxtəlif fikirlər səsləndirilib. Xüsusilə, Etibar Hüseyn, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Gülər Əhmədova kimi deputatlarımız haqqında çıxışçılardan bəziləri sərt sözlər sərf ediblər. Adları çəkilən deputatlarımızın münasibətləri olarsa, onları da məmnuniyyətlə dərc etməyə hazırıq…

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button