Hakimiyyət Tural Abbaslının evini müsadirə etmək istəyir

Tural Abbaslı

BŞİH vicdan məhbusunun ailəsini məhkəməyə verdi

Bakı Şəhər İcra Hakimiyyəti vicdan məhbusu, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının ailəsini məhkəməyə verib. BŞİH T.Abbaslının ailəsinə məxsus Səməd Vurğun küçəsi – 49 ünvanında yerləşən binanın yol çəklişinə mane olduğunu əsas göstərərək, mənzilin dərhal boşaldılmasını tələb edib.
Dünən Nəsimi Rayon Məhkəməsində BŞİH-nın iddiası üzrə məhkəmə hazırlıq prosesi başlayıb. Hakim Şəhla Həsənovanın sədrliyi ilə keçirilən hazırlıq iclasına cavabdeh Baxşıxanım Abbasova, onun ailə üzvləri, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nümayəndələri qatılmışdılar. Hazırlıq iclasına iddiaçı tərəfin nümayəndəsi qatılmamışdı. Cavabdeh qismində çıxış edən B.Abbasovanı vəkil Osman Kazımov müdafiə edir.
Hakim T.Abbaslının hazırlıq iclasına qatılmamasının səbəblərini soruşdu. B.Abbasova bildirdi ki, T.Abbaslı həbs olunub: “O, vicdan məhbusudur. Hazırda Kürdəxanı təcridxanasında saxlanılır”.

B.Abbasova məhkəmədə çıxış edərək bildirdi ki, Səməd Vurğun – 49 ünvanında yerləşən binada daha səkkiz ailə yaşayır. B.Abbasova meriyanın məhz onlara qarşı iddia qaldırmasını siyasi sifariş hesab edir. Cavabdeh hazırda yaşadığı mənzili 1992-ci ildə özəlləşdirdiyini, əlində mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu bildirdi. Qeyd etdi ki, onlara məxsus mənzilin sahəsi 132 kvadratmetr olsa da, qeydiyyat sənədində onun 97.7 kvadratmetri yazılıb: “Ayaqyolu, hamam və 24 kvadratmetr sahəsi olan eyvan qeydiyyata salınmayıb. Qonşularımınkını qeydə aldılar, mənimkini isə yox. Beş övladım var, ailə həyatı qurublar, doqquz nəfər olmuşuq. Təklif olunan evlərdə necə yaşayaq? Bakı Şəhər İcra Hakimiyyətindən indiyə qədər bizə köçürülməyimizə dair bildiriş, ya da başqa rəsmi sənəd gəlməyib. Köçürülmə komissiyasında kimlərin olduğunu bilmirik. Zülfəli İsmayılov və Yusif Qəmbərov adında iki şəxs komissiya üzvü olduqlarını dedilər. Sonradan məlum oldu ki, Yusif Qəmbərovun həmin komissiyaya heç bir aidiyyəti yoxdur. Məhkəmə üçüncü hakimiyyət hesab olunur. Yusif Qəmbərova onu məhkəməyə verəcəyimi dedim. Mənə dedi ki, tüpürüm sizin məhkəmələrə”.
B.Abbasova bildirdi ki, mənzilinin yerləşdiyi ərazidə evin 1 kvadratmetrinin qiyməti 1500 manat olduğu halda, qonşularına təklif olunan “AZİNKO” şirkətinə məxsus mənzillərin kvadratmetri 500 manatdır: “Təmirli adı altında keyfiyyətsiz mənzillər təklif olunur. Üstəlik, qanunla təklif olunan ərazilərdə bizim mənzillərin hər kvadratmetrinə 3 kvadratmetr verilməlidir. Yaşadığımız ərazidə mənzillərin qiymətinə dair meriyadan arayış almamışıq”.
B.Abbasova dedi ki, ötən il yaşadıqları binanın fasadının təmiri üçün 1.5 milyon manatdan çox vəsait xərclənib: “Həmin vəsaiti orda yaşayan ailələrə versəydilər, bugünkü narazılıq olmazdı”.
B.Abbasova bildirdi ki, onlara təklif olunan “AZİNKO” Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşınındır: “Yusif Qəmbərov da onların qohumudur və qanunsuz olaraq özünü söküntü komissiyasının üzvü kimi təqdim edir”.
Hakim B.Abbasova və vəkili O.Kazımova lazımı sənədləri məhkəməyə təqdim etməli olduqlarını dedi. Növbəti proses noyabrın 14-ü saat 15:00-da keçiriləcək.

Ə. Muxtarlı

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button