HAKİMİYYƏTDƏN AZAD İNSANLARA İŞ YERİ TERRORU

Emil SALAMOĞLU

“Yeni Musavat” qəzeti

2011-11-11

Səadət Bənənyarlı: “Həmin insanların məhkəməyə müraciət etmək hüququ
var”
Müzəffər Baxışov: “Rafiq Əliyev 70-ci maddə ilə işdən çıxarılıbsa, bu,
tam qanunsuz qərardır”

Hakimiyyət 18 ildir ona qarşı çıxanları təkcə həbs etmir. Həm də başqa vasitələrlə onları sındırmağa, yollarından çəkindirməyə çalışır. Rejim ideoloqları müstəqil və müxalifyönlü insanları çörəklə, dolanışıqla imtahana çəkir. Bu illərdə onlarla müxalifətçinin və hakimiyyətə boyun əyməyən müstəqil ziyalıların həm özləri, həm də qohumları işdən çıxarılıb, dükanı qıfıllanıb, evi sökülüb.

Bu il martın 11-də keçirilən aksiyaya görə xaricdə yaşayan gənc fəal Elnur Məcidlinin atası işdən xaric edildi. AXCP Cəlilabad rayon təşkilatının sədri, rayonda müəllim işləmiş Təzəxan Mirələmli işindən uzaqlaşdırıldı. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən sonra polisdə işləyən qardaşı və dayısı oğlu polis sistemindən kənarlaşdırıldı.
Bu repressiyanın davamı olaraq Ziyalılar Forumunun üzvü, dünya şöhrətli alim, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev də Azərbaycan Dövlət Neft Akademiyasındakı işindən uzaqlaşdırıldı. Bütün bunlar göstərir ki, hakimiyyət müxalifətçiləri və onların yaxınlarını işsizliklə, çörəklə imtahana çəkir.
Bəs baş verənləri həmin insanların hüquqlarının pozulması kimi qiymətləndirmək olarmı?
Hüquq müdafiəçisi Səadət Bənənyarlı R.Əliyevin işdən çıxarılmasından təəssüfləndi: “Rafiq müəllim kafedra müdirindən daha yüksək vəzifələri idarə etmək qabiliyyətinə malik bir insandır. Heyf ki, belə dəyərli insanlar işdən çıxarılır. Rafiq Əliyev xalqımız qarşısında, elm-təhsil sahəsində xidmətləri olan bir vətəndaşdır. Çox istərdim ki, işinə bərpa olunsun. Rafiq Əliyevin işdən çıxarılması ilk hadisə deyil. Bu kimi hallar təəssüf ki, olub, var və belə getsə, gələcəkdə də baş verəcək. Bizə bu cür çoxsaylı müraciətlər daxil olur. Əmək Məcəlləsinə görə, bu insanlar özlərini müdafiə edə bilər. Məhkəməyə müraciət etmək hüququ var və işlərinə yenidən bərpa oluna bilərlər. Düzdür, bu gün məhkəmələr o qədər də obyektiv mövqedə olmurlar. Ancaq çətin də olsa, bizə edilən müraciətlər əsasında həmin şəxslərin işinə baxırıq, araşdırırıq, hüquqi müstəvidə həllinə çalışırıq”.
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, R.Əliyev Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən müddəaya görə işdən çıxarılıbsa, bu, tam qanunsuz qərardır: “O maddədə göstərilir ki, işçi öz funksiyasını və yaxud əmək müqaviləsində göstərilən öhdəlikləri yerinə yetirə bilmədikdə işdən azad olunur. Ancaq burda məsələ başqa cürdür. Çünki kafedra müdiri seçkili vəzifədir, təyinatlı vəzifə deyil. Neft Akademiyasında kafedra müdirini Elmi Şura seçir. Yəni Rafiq Əliyevlə bağlı məsələ müəmmalıdır. Düşünürəm ki, mətbuatda dərc olunan məlumat, yəni 70-ci maddəyə görə işdən çıxarılması doğrudursa, o zaman bu, qanunsuz əmrdir. İnanmıram ki, Rafiq Əliyev kimi elm sahəsinin dahisi öz iş funksiyasını yerinə yetirə bilməsin. Bu, ona təzyiq göstərmək vasitəsidir. Rafiq Əliyev ziyalı kimi ölkədə baş verən haqsızlıqlara öz etiraz səsini ucaldıb”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd etdi ki, R.Əliyevin hansı motivlərlə işdən çıxarıldığını bilmir: “Çünki hələ hörmətli akademikin işdən çıxarılmağına dair fikrini oxumamışam. Ancaq əgər Rafiq Əliyev söylədiyi fikirlərə görə işdən çıxarılıbsa, bu, artıq əmək hüququnun pozulması deyil. Bu, daha çox təqib kimi qəbul olunmalıdır. Heç kəs hər hansı əlamətinə və sosial mənşəyinə görə iş yerində təqibə məruz qala bilməz. Yəni işəgötürən ciddi məsuliyyət daşımalıdır. Odur ki, akademik hesab etsə onu konkret toplantıda iştirakına görə işdən çıxarıblar, onda məhkəməyə müraciət etməli və bunu sübuta yetirməlidir”.
S.Məmmədov dedi ki, işçi 70-ci maddə ilə işdən uzaqlaşdırılanda işəgötürən sübut etməlidir ki, işçi öz əmək funksiyalarını yerinə yetirə bilməyib: “70-ci maddənin bu bəndini tətbiq etmək üçün 71-ci maddədə nəzərdə tutulan şərtlər nəzərə alınmalıdır. Yəni hər kiçik pozuntuya görə bu maddə tətbiq oluna bilməz. Onun son 6 ayda intizam tənbehi olmayıbsa, onda, ümumiyyətlə, bu maddə ehtiyatla tətbiq olunmalıdır. Çox ciddi pozuntu olduqda tətbiq oluna bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button