Hakimiyyətə 9 il ömür…

Pərviz

Söz vaxtına çəkər deyiblər. Iki il bundan qabaq bir neçə dostum Əvəz Zeynallıyla bizə rayona gəlmişdi. Axır çərşənbəydi. Atam dostlarımı qonaq elədi. Söhbətləşdilər. Sonra məni də götürdülər, Cəlilabada Salamgilə yollandıq. Surə anayla söhbətləşəcək, “Xural”da yeni bir layihəyə başlayacaqdıq. Tanınmışların anası. Surə anayla xeyli danışdıq. Bu gün bir ildi ki, nə Surə ana var, nə atam. Ötən il bir gün fərqlə dünyanı tərk eləyib getdilər. Ömürlük getdilər. Sanki bu dünyada yaşamaq cinayətmiş və bu cinayətə görə onlara ömürlük, daha doğrusu əbədi iş kəsildi.
Bu günsə Əvəzə 9 il iş verildiyini oxudum. Elə Əvəzlə birgə oturduğumuz həmin masanın başında. Səmimi desəm, məni gülmək tutdu… Kiməsə ömürlük də, 5 il, 10 il də iş kəsmək olar. Sifarişlə işləyən ədalət məhkəmələrinin əlində nə böyük şeydi ki. Elə bil bir qarışqanı tapdayıb öldürürsən. Bu sifarişi verən nə qəhrəmandı, nə cəngavərdi, nə də artıq bir şey. Dövlət başçısı, ya PA rəhbəri olmaq yetərlidi ki, kimisə içəri basdırasan, ona filan qədər iş verəsən.
Yəqin düşünürsüz ki, bəs 9 il xəbərini alanda məni güldürən nə oldu. Ona güldüm ki, bu dünyada bir an sonra nə baş verəcəyini belə bilmək mümkün deyil. Məsələn, 200 il yaşayacağına inanan adam bir göz qırpımında gözünü əbədi yuma bilər. Bir anda, bir saatda, bir gündə ən sarsılmaz sayılan taxt-tac tar-mar olar, heç xəbər tutmağa vaxtın çatmaz. Füzuli boşuna demir ki:
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.
Görəsən doğrudanmı Əvəzə 9 il həbs cəzası kəsənlər bunları bilmirlər? Onu haqqına tutsaydılar, deyərdin, cinayəti var, cəzası da verilməlidi. Istər bu hakimiyyət olsun, istər başqası. Qanun qanundu. Şəxslər gəldi-gedərdi. Ama indi məsələ elə deyil axı. Hamı bilir ki, PA-dan gələn sifarişlə indi özü siyasi alverə, bazarlığa və fırıldaqçılığa görə təqsirli bilinərək içəri atılan Gülər Əhmədova onu şərləyib, tale fırlayıb onun özünü də eyni girdaba soxub və bu şərləmədə, sifarişdə iştirakçı olan başqa adları da yaxşı heç nə gözləmir.
Hələ bu hakimiyyət özü 9 il yaşayacaqmı? Əvəzin 8 il sonra həbsdən çıxacağı günü indiki məqamından görə biləcəkmi? Bəs nədən 9 il veriblər? Əslində ona 9 il verməklə 9 il taxtda qalacaqlarını güman eləyiblər. Hərçənd inanmıram ki, onlar buna sidq-ürəklə inanalar. Şükür Allaha, müxalifət liderlərindən biri – Əli Kərimli azadlıq savaşında Qərbə bel bağlamağın boş bir şey olduğunu açıqladı. Bəlkə elə bu bəyanat bundan sonra xalqın daha da səfərbər olmasında rol oynayacaq, təşkilatlanma güclənəcək. Bunu bəzilərinin iddia etdiyi kimi, Kərimli kimsədən gec dərk eləməyib. Görünür, o bu fikri açıqlamaq üçün məqamın indi yetişdiyi qənaətinə gəlib. Bəli, xalq kimsəyə bel bağlamadan öz sözünü deməyə başlayanda Qərb də, Şərq də onu saymağa başlayır, ayağına gəlir. Yoxsa millətin beyninə girib ki, Qərb necə istəsə elə olacaq, azadlığı da bizə onlar hədiyyə edəcək. Yoxdu elə bir şey. Öz azadlığını özü qazanmayana kimsə azadlıq hədiyyə etməz. Azadlıq adına yeni köləlik verərlər, artıq heç nə.
Insana öz gərəkliliyini hiss etdirəndə öz gücünə inamı da birə-beş artır. Sən Qərbə arxayın olduqca onu qudurdacaqsan, o da sənə naz satacaq, ən uzağı “demokratiyaya doğru daha bir addım” nağılları ilə ürəyini çürüdəcək. Ancaq xalqa arxalanmağa başlayanda, onu ikiqat gücləndirəcək və özünə daha çox cəlb eləyəcəksən.
Sözümün canı budur ki, Əvəz bundan sonra 8 il həbs çəkməyəcək. Uzağı bir bayram. Bir Novruz. Gələn bayram onunla mütləq yenə də bu yazını yazdığım bu masanın başındaca əyləşəcəyik. O zaman ölkəmizə həqiqi bahar gələcək. O zaman ilk dəfə Kosanın yumurtası da prezidentin yumurtasından bərk çıxacaq.

“Azadlıq” qəzeti

13.03.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button