Hakimiyyət Əvəz Zeynallıya qarşı yeni tuzaq qurur
Vergilər Nazirliyi “Xural”ı yoxlayacaq
Hakimiyyət Əvəz Zeynallıya qarşı yeni təzyiq forması tapıb. Indidə qəzetimizi Vergilər Nazirliyi yoxlayacaq. Bu gün özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs “Xural” qəzetinin direktoru Nizami Həsənliyə zəng edib: “Özünü Şahin kimi təqdim edən şəxs bildirdi ki, Vergilər Nazirliyi “Xural” qəzetinin 2009-2011-ci illər ərzində fəaliyyətini yoxlayacaq. Şahin müəllim qərarın Vergilər Nazirliyi tərəfindən verildiyini qeyd etsə də sonradan bildirdi ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi ondan tələb edir ki, yoxlama beş gün müddətinə başa çatmalıdır ” . N. Həsənli onu da bildirdi ki, qəzetin əmlakı məhkəmə icraçıları, rəsmi sənədlər isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə edilib: “Redaksiyanın yerləşdiyi ofisdən bizi çıxarıblar. Sənədlərimiz isə müsadirə edilib. İndi hansı sənədlər əsasında yoxlama aparacaqları bizə məlum deyil”.
Qeyd edək ki, qəzetimizin baş redaktoru Əvəz Zeynallı 28 oktyabr 2011-ci il tarixində Milli Məclisin deputatı Gülər Əhmədovanın əsasız şikayəti əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Mətbəələrə “Xural” qəzetinin çap etməmək barədə qeyri rəsmi göstəriş verilib. Bu səbəbdən qəzet nəşrini dayandırıb. Qəzetin kollektivi “ASİ” qəzetinin nəşrinə başlamaq zorunda qalıb. Lakin hakimiyyət “ASİ” qəzetinin də çapına imkan vermir. “Xural” qəzetinin kollektivi hesab edir ki, yoxlama Ə. Zeynallıya qarşı növbəti təzyiqdir.
Əfqan