Hakimiyyət Mirşahinin layihəsinə hansı şərtlə “hə” deyib?

Xəbər verildiyi kimi, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev yeni televiziya kanalı açır. Daha doğrusu, bu kanal internet üzərindən fəaliyyət göstərəcək. “Real TV” adlanacaq bu kanalda sosial yönümlü materiallara üstünlük veriləcək. “Azadliq.info”ya daxil olan məlumata görə, Mirşahin Ağayev müəyyən dairələri inandırıb ki, yalnız bəlli bir çərçivədə müəyyən problemləri işıqlandırmaq yolu ilə tamaşaçı,izləyici auditoriyası toplamaq mümkün ola bilər. Ona görə də vaxtilə ANS-in “İç xəbər”indəki reportajlara bənzər materialların hazırlanması nəzərdə tutulur.
Mənbənin sözlərinə görə, Qənimət Zahidin hazırlayıb təqdim etdiyi “Azərbaycan saatı” televiziya poqramına, peyk vasitəsilə yayımlanan “Turan TV”yə, eləcə də “Meydan TV”yə internet izləyicilərinin, Azərbaycanın bölgələrində yaşayanların da marağı hakimiyyəti narahat edir. Çünki bütün ölkə ərazisində yayımlanan televiziya kanalları və radiolarian hamısı, yüzlərlə qəzet, sayt nəzarətində ola-ola, hər ay bu istiqamətdə milyonlarla vəsait xərclədiyi halda, yenə də məhdud resurslarla fəaliyyət göstərən 3-4 media layihəsinə uduzur. Hətta həmin media orqanlarının saytlarının Azərbaycan ərazisində bloklanması da nəticə vermədi. İnsanlar doğruları eşitmək, həqiqətləri bilmək üçün yenə də həmin media orqanlarına müraciət edir.
Əldə etdiyimiz məlumata görə, Mirşahin Ağayevə də bu məqsədlə razılıq verilib. Mənbənin sözlərinə görə, ona bütün lazımi imkanlar yaradılacağı vəd olunub, artıq yaxşı şəraiti olan ofis də verilib. Redaksiya heyətində ANS-in bir neçə keçmiş əməkdaşı yer alıb.
“Real TV” bir müddət internet üzərindən fəaliyyət göstərəcək, texniki məsələlər həll olunandan sonra isə peyk yayımına başlayacaq.(anaxəbər.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button