“Hakimiyyətin namizədi Mehriban Əliyeva ola bilər”

75FED4C4-175B-4BB2-9F67-FBF2D9A9D9FF_w974_n_s17.06.2013

«Azad Avropa» radiosu Mehriban Əliyevanın siyasi iddiaları haqda material hazırlayıb

“Azadlıq” radiosunun ingilisdilli versiyası (Azad Avropa) Mehriban Əliyevanın siyasi iddialarından bəhs edən geniş material hazırlayıb. Müəllif Daisy Sindeların qələmə aldığı “Azərbaycanın birinci xanımının siyasi yüksəlişi” adlı məqalədə bu yaxınlarda Mehriban Əliyevanın YAP-ın sədr müavini seçilməsi və baş verən proseslərin pərdəarxası səbəblərini təhlil edib. Məqalənin tərcüməsini təqdim edirik:

Spekulyasiyalara yol açan qərar

Keçmiş Sovet Ittifaqı ölkələrinin əksəriyyətində prezident xanımları arxa planda qalmağa üstünlük verirlər. Yada salın, Qalina Lukaşenko, Lyudmila Putina, Tacikistan prezidenti Imaməli Rəhmanın həyat yoldaşı Əzizima Əsədullayeva…
Amma Azərbaycan prezidenti Ilham Əliyevin 48 yaşlı xanımı Mehriban Əliyeva belə deyil. O, parlamentin deputatı, xeyriyyəçi, mədəniyyət səfiri və s. qismində siyasi karyerasını çox ciddi səylərlə inkişaf etdirməyə çalışır.
Iyunun 7-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini seçilməklə Əliyevanın statusu bir qədər də artdı. Bu da ona Azərbaycan siyasətində ən yüksək vəzifəli qadın statusu verməklə yanaşı, həm də birinci xanımın prezidentliyə namizəd ola biləcəyinə dair spekulyasiyalara yol açdı.
Bakıda siyasi ekspertlər deyir ki, prezident Əliyevin üçüncü dəfə namizədliyi ciddi mübahisələr doğurduğundan, xanım Əliyevanın YAP-ın üst sıralarına qəfil yüksəlişi kök salmış Əliyev rejimi üçün yarana biləcək xoşagəlməz vəziyyətdən çıxış yolu kimi düşünülür.
“Hakimiyyətin Mehriban Əliyevaya qəfil ötürülməsi baş verə bilər. Bu, uzaq gələcəyə yox, builki prezident seçkilərinə yönəlik addımdır. Baxmayaraq ki, YAP Ilham Əliyevin namizədliyini irəli sürüb, hakimiyyət ehtiyat variant üzərində də işləyir. Əgər Ilham Əliyev mübarizədə iştirak etmək istəməsə və namizədliyini geri götürməyə məcbur olsa, namizəd Mehriban Əliyeva ola bilər”, – deyə siyasi analitik Zəfər Quliyev bildirib.

İlham Əliyev prezident kürsüsünü erkən tərk edə bilər

2009-cu ildə keçirilən mübahisəli referendum vasitəsilə Konstitusiyaya dəyişikliklər edilərək, eyni şəxsin iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı və bununla da 51 yaşlı Ilham Əliyevin enerji resurslarıyla zəngin bu ölkəyə sonsuza qədər prezidentlik etməsi üçün yol texniki baxımdan açıldı. YAP iyunun 7-də Ilham Əliyevin namizədliyini irəli sürdü və onun üçün üçüncü müddətin təmin edilməsinin asan olması gözlənilir.
Lakin despotik rejimə qarşı artan qəzəb, qeyri-qanuni yollarla topladığı sərvətə görə Ilham Əliyevin bu ilin yanvarında “korrupsiya üzrə ilin adamı” elan olunması kimi faktları nəzərə alaraq, bir çoxlarında belə rəy yaranıb ki, o, prezident kürsüsünü erkən tərk edə bilər.
“Respublikaçı Alternativ” (REAL) adlı müxalifət hərəkatının üzvü Erkin Qədirli deyir ki, Əliyevə qarşı qəzəbin artması və kəskin ictimai etirazlar onu müttəfiq qrupların köməyilə hakimiyyətini möhkəmləndirməyə cəhd göstərməyə məcbur edir.
“Ola bilsin ki, partiyasında etibarlı adamlarının sayı azaldığından o, xanımını özünə müavin götürmək məcburiyyətində qalıb. Dairə o qədər daralıb, ailə formatında hakimiyyəti möhkəmləndirmək zərurəti yaranıb”, – deyə Erkin Qədirli bildirib.
Bir başqalarının fikrincə, Ilham Əliyev böyük iddiaları olan həyat yoldaşına öz postunu hədiyyə edə bilər. Baxmayaraq ki, prezident xanımı ilə fəxr elədiyini bildirib, amma onun həyat yoldaşının siyasi səriştəsi tam bəlli deyil. “Qadın qadındır, hətta prezidentin xanımı olsa belə…” deyən Ilham Əliyev həyat yoldaşını ailədə sülh, harmoniya və sevginin qarantı kimi göstərib.
Əliyevlərin nikahı post-sovet məkanında bəlkə də ən nəhəng siyasi birlikdir. Ilham Əliyev keçmiş KQB şefi Heydər Əliyevin oğludur. O, Azərbaycanın müstəqilliyindən əvvəl də, sonra da 20 ildən artıq müddətdə ölkəyə rəhbərlik edib.
Mehçriban Əliyeva da öz növbəsində görkəmli Paşayev klanının nümayəndəsidir. Ilham Əliyevin prezidentliyi dövründə bu klan hökmran mövqeyə çıxıb. Onlar şübhəli sövdələşmələr hesabına daşınmaz əmlak və telekommunikasiya sahəsində milyonlar qazanıblar.
Bu ailənin az qala, hər bir üzvü akademik və ya siyasətçi titulunu daşıyır. Mehriban Əliyevanın ata babası Mircəlal Paşayev məşhur yazıçı olub. Atası Arif Paşayev Bakıda Milli Aviasiya Akademiyasının rektorudur. Böyük bacısı Nərgiz Paşayeva isə Moskva Dövlət Universitetinin Azərbaycan filialına rəhbərlik edir.
Əmisi Hafiz Paşayev vaxtilə Azərbaycanın ABŞ-dakı səfiri olub, hazırda isə xarici işlər nazirinin müavinidir. ABŞ diplomatlarının məxfi teleqramlarında yazılıb ki, ABŞ Konqresinin üzvlərilə görüş zamanı Mehriban Əliyeva ilə əmisi arasında mübahisə baş verib.

YAP təkzib edir

Hakimiyyətin ərdən arvada ötürülməsi azərbaycanlıları təəccübləndirmir. Çünki onlar bundan əvvəl hakimiyyətin irsən ötürülməsinin şahidi olublar. Heydər Əliyev ölümündən bir müddət əvvəl oğlunu YAP-da özünə müavin təyin edib. Mehriban Əliyeva iyunun 7-də məhz həmin posta sahib oldu.
“YAP Heydər Əliyevin vaxtından hakim ailənin əlində vasitədir. Ilham Əliyev 2001-ci ildə partiyanın qurultayında sədr müavini oldu. Artıq ölkədə insanlar başa düşdülər ki, Heydər Əliyev hakimiyyəti oğluna ötürməyə çalışır. Iki ildən sonra Ilham Əliyev hakimiyyətə gəldi və YAP-ın da sədri oldu”, – deyə analitik Zəfər Quliyev bildirib.
Əliyevlərin onlarla milyon dollarlıq şəxsi sərvətlərinin olduğu bildirilir. Əllərində mütləq mənada hakimiyyəti saxlamaları nəticəsində neft-qazla zəngin ölkə onlara böyük sərvət toplamağa imkan verib.
Kifayət qədər yaxşı maliyyələşdirilən, etiraz aksiyalarının qarşısını almaq üçün lazımi vasitələrlə təmin olunan polis, hətta ən kiçik aksiyalarda da gözyaşardıcı qazdan, səs bombalarından istifadə etməsinə baxmayaraq, eyni zamanda,  nümayişçilərə qarşı açıq zorakılıq edir.
Istər Ilham Əliyev-Mehriban Əliyevanın Azərbaycanında, istərsə də Islam Kərimovun, onun qızı Gülnarə Kərimovanın Özbəkistanında azad mətbuatın susdurulması üçün müxtəlif vasitələrdən istifadə olunur.
Eyni zamanda, bəziləri Mehriban Əliyevanın həyat yoldaşına alternativ olmasını yaxşı qarşılayırlar. Mehriban Əliyeva intellektual köklü ailənin nümayəndəsi hesab olunur, özü Moskvada Seçenov adına tibb institutunun məzunudur.
Əliyevin klanı sovet stilində hərəkət edərək, prezident seçkisi dövründə Ibrahimbəyovu potensial dəstək bazasından məhrum etməyə çalışır.
YAP isə Mehriban Əliyevanın həyat yoldaşını əvəzləmək üçün hazırlandığı haqda deyilənləri təkzib edir. Partiyanını Siyasi Şurasının üzvü, deputat Yevda Abramov deyir ki, Mehriban Əliyevanın partiyada statusunun artırılması onun həyat yoldaşına dəstək məqsədi daşıyır.

http://www.azadliq.info/siyast/32006-mehriban-eliyeva.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button