Harri Kasparovla döyüşən adam: Çapay Sultanov

çapay

Məşhur azərbaycanlıların həyatı

“Erməni Harri Kasparov Azərbaycan şahmat məktəbinin dağılmasına nail ola bilmədi…”

“Məşhur azərbaycanlıların həyatı” rubrikasının qonağı Çapay Sultanovdur

 Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, geologiya və minerologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, 150-dən çox elmi məqalə və 17 kitabın müəllifi, Azərbaycan SSR-in əməkdar bədən tərbiyəsi və idman ustası, Azərbaycan SSR-in əməkdar məşqçisi, dəfələrlə müxtəlif FİDE komitələrinə üzv seçilən Çapay Sultanov haqqında bir daha oxucularımıza maraqlı olan nüanslara toxunmaq istədik.

2016-cı il martın 5-də 80 yaşını qeyd edəcək Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. Çapay Sultanov neft-qaz yataqlarının kəşfinə görə üç diploma layiq görülüb. Elmlər Akademiyasında çalışdığı dövrdə Sultanov 150-dən çox məqalə dərc edib. O, 10 elmlər namizədi hazırlayıb.

Çapay Sultanovun son 10 il ərzində onlarla kitabı çap olunub. Onun əsərləri ölkədən kənarda da xüsusi maraq və rəğbətlə qarşılanır. Milyonlarla oxucusu var. Çapay Sultanov uzun müddət – 16 il Azərbaycanın Şahmat Federasiyasına rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRI-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında öyrənilsin.

Dünyada ilk olaraq…

Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə, Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, “Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi” fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub. 1986-cı ildə onu FIDE-nin iki komissiyasının üzvlüyünə seçiblər.

Çapay Sultanovun əsərlərində ölkədə və dünyada gedən siyasi-iqtisadi prosesləri şahmat müstəvisində anlatmaq cəhdləri xüsusi maraq doğurur, bu mənada onun “Skvoz prizmu şaxmat…” kitabını ayrıca qeyd etmək olar. O, bu gün də yorulmadan çalışır, yazıb-yaradır, gərgin, ağır zəhmətin bəhrəsi olan kitablarla oxucuların görüşünə gəlməyə davam edir.

Çapay Sultanovun rəhbərliyi ilə 2012-ci ilini yanvar ayından fəaliyyətə başlayan Şahmat Klubu ən yüksək səviyyədə uşaq və gənclərin istifadəsinə verilib. Klubda tələbələr MAA-nı Universiadada təmsil etmək üçün fakültələrarası seçmə yarışlarına hazırlıq keçirlər. Respublikanın müxtəlif ali təhsil müəssisələrinin tələbə və müəllimləri ilə yoldaşlıq görüşləri təşkil olunur.

çapay3

Azərbaycan şahmatının inkişafına qərar verilir…

Qeyd edək ki, Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərdə Azərbaycanda şahmat məktəblərinin yaradılmasına başlanılıb və o zamanlar Azərbaycan Şahmat Federasiyasının rəhbəri olan Çapay Sultanovun aktiv iştirakı ilə qısa müddət ərzində Azərbaycanın müxtəlif regionlarında 43 şahmat məktəbi yaradılır. Azərbaycan Respublikasının Bədən Tərbiyəsi İnstitutunda şahmat ixtisası açılaraq, aylıq şahmat icmalı dərc edilməyə başlayır.

Azərbaycanda müxtəlif səviyyəli şahmat yarışları, o cümlədən beynəlxalq turnirlər keçirilir. Gərgin zəhmət, görülən işə qoyulan ürək bir-birinin ardınca uğurlar qazandırır. Müxtəlif uşaq və yeniyetmə yarışlarında Azərbaycanın şahmatçı oğlan və qızları mükafatçılar sırasına qoşulur. Məktəb partasından təzə aralanmış Azərbaycan şahmatçı qızlarımız SSRİ Xalqlarının Spartakiadasında Moskva, Leninqrad, Rusiya, Ukrayna, Gürcüstan və sair komandaları qabaqlayıb, qadınlar arasında çempion oldular. Xüsusilə vurğulamaq lazımdır ki, bugünkü qrossmeysterlərin əksəriyyəti 70-ci illərin şahmat məktəbinin şagirdləridir.

Harri Kasparovun erməniliyi…

Həmin illərdə Şahmat Məktəbinin yetirməsi olan, milliyyətcə erməni Harri Kasparovun da uğurları üzə çıxmağa başlayır. Yenicə ayağa qalxan Kasparov, ermənilərin Azərbaycan torpaqlarına etdiyi təcavüz sonrası Azərbaycanı tərk edir və DTK-nın komandası ilə birlikdə bütün səylərini Azərbaycan Şahmat Federasiyasının rəhbəri olan Çapay Sultanova qarşı yönəldir. Frunze şəhərində SSRİ birinciliyindəki qələbədən sonra Heydər Əliyevin qəbulunda olarkən Kasparov üstüörtülü tərzdə Şahmat Federasiyasına qarşı çıxış etməyə başlayır. Hədəf yenə də milləti və dövləti üçün canından keçməyə hazır olan Çapay Sultanovdur. Həmin görüşdə Çapay Sultanovun da iştirak etməsinə baxmayaraq, Kasparov məkrli erməni siyasətini burada da yeridəcəyini güman edir. Lakin Heydər Əliyevin mövqeyi aydın idi: “Şahmat Federasiyası Azərbaycanda şahmatın inkişafı vəzifəsini yerinə yetirir və bunu uğurla edir. Məqsədiniz fərqlidir və mən bu yolda sizə uğurlar diləyirəm”. Yeri gəlmişkən, gələcəkdə də böyük idman yarışmasında Heydər Əliyev Azərbaycanın ümumi idman hərəkatını kəskin tənqid edərkən, Çapay Sultanovun rəhbəri olduğu Şahmat Federasiyasının işini müsbət qiymətləndirirdi. Bununla da Kasparov “payını” alır, bir daha Heydər Əliyevin rəhbərliyi dönəmində Azərbaycanda bu mövzu üzərində açiq şəkildə dayanmır.

 

çapay2

Heydər Əliyev deyir ki…

 

Ölkənin ovaxtkı rəhbəri Heydər Əliyev Kasparov və Çapay Sultanovu qəbul edərkən belə deyir: “Şahmat təkcə idman deyil, onun sosial əhəmiyyəti də var – uşaqları intellektual və idman mübarizəsi dünyasına cəlb edir, onları küçədən uzaqlaşdırır. Şahmat məktəbindəki uşaqlarla söhbət etmişəm və onların necə hərtərəfli inkişaf etmiş olduğunu görmüşəm”. Partiya işçilərindən Həsənov və Müslümzadəyə müraciət edən Heydər Əliyev “Şahmat Federasiyasına hər cür kömək etmək lazımdır – onlar doğru yoldadır” söyləyir, hansı ki, Çapay Sultanov bunu özü üçün kart-blanş hesab edirdi. Çünki həmin sözlərdən sonra Azərbaycanda şahmatın inkişafı baxımından bütün rəsmi qapıları ürəklə döymək olardı.
1976-cı ildə bədən tərbiyəsi fəallarının iclasında ölkənin ovaxtkı rəhbəri Heydər Əliyev bütövlükdə Azərbaycandakı idman hərəkatını tənqid edərkən Kasparovun və Çapay Sultanovun rəhbərlik etdiyi respublika şahmat məktəbinin uğurlarını qeyd edir və bu, dəfələrlə təkrarlanır. “Qısa müddətdə uşaqlar arasında şöhrət, idman ictimaiyyətində nüfuz qazanan respublika şahmat məktəbi yaradıcılıq işinə yaxşı nümunə ola bilər və bu örnəyi yaymaq lazımdır” – bu, Heydər Əliyevin 1982-ci ilin aprelin 3-də respublika komsomolunun XXXI qurultayındakı çıxışındandır.
1985-ci ildə Çapay Sultanov SSRİ Şahmat Federasiyasının iclasına dəvət alır, hansı ki, orada Azərbaycan Şahmat Federasiyasının təcrübəsinin bütün İttifaqa yayılması barədə qərar qəbul edilir. Həmin qərarda deyilirdi: “Azərbaycan Şahmat Federasiyasının (federasiya sədri Çapay Sultanov) şahmatın inkişafı sahəsindəki fəaliyyəti bəyənilsin və onun təcrübəsinin SSRİ-nin bütün respublikalarında istifadəsi tövsiyə edilsin”.

Azərbaycan şahmatçıları dünya arenasına çıxır…

Federasiyanın iclasında onun sədri, təyyarəçi-kosmonavt Y.Sevastyanov deyib: “Siz, şübhəsiz, böyük iş görmüsünüz… Gələcəkdə Azərbaycan şahmatçıları dünya arenasına çıxacaq. Mən təkcə Kasparovu nəzərdə tutmuram”.
Sevastyanov sonradan Azərbaycan Şahmat Federasiyasının işi ilə tanış olmaq məqsədi ilə Bakıya gəlir. Yeri gəlmişkən, SSRİ Şahmat Federasiyasının məlum qərarı dövrünün nüfuzlu idman nəşri “Sovetskiy sport” qəzetində və İttifaqın bütün şahmat nəşrlərində dərc edilmişdi.
SSRİ-də ilk dəfə məhz Çapay Sultanovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası sonradan bir neçə dəfə FİDE-nin konqreslərində də yüksək qiymət alan şahmatın kompüterlə öyrədilməsi sistemini işləyib hazırlayır. 1987-ci ildə FİDE-nin prezidenti F.Kampomanes Respublika Şahmat Məktəbinə gəlir və uşaqlara şahmatın yeni texnologiya ilə öyrədilməsi sisteminin yaradılmasını yüksək qiymətləndirir.
F.Kampomanesin nüfuzlu “Sport” qəzetinə müsahibəsindən: “…bu məktəbdə proqramlaşdırılmış tədrisin kompüter sisteminin yaradılması üzrə görülən işlər mənə böyük təsir bağışladı. Mərkəzin direktoru Çapay Sultanov sistemin iş prinsipini mənə izah etməklə yanaşı, bu məlumatların üç nüsxə sürətini də mənə verdi. İnformasiya bankına Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı 44 uşaq şahmat məktəbi barədə müfəssəl məlumat, müxtəlif partiyalar, displeyin ekranına rahatca çıxarılan başqa informasiyalar toplanmışdı. Bu, mənə o qədər maraqlı gəldi ki, elə səhəri gündən bu məlumatlarla tanış olmağa başladım. Əminəm ki, proqramlaşdırılmış tədrisin kompüter sisteminin böyük gələcəyi var.

çapay1

Şahmatda “Azərbaycan proqramı”…

Hətta rəsmən onu “Azərbaycan proqramı” adlandırmaq olar. O, bütün dünyada, əsasən də inkişaf etməkdə olan ölkələrdə şahmatçıların, məşqçilərin etibarlı köməkçisi olacaq. Düşünürəm ki, bu sistemin öyrənilməsi üçün Bakıda beynəlxalq seminar təşkil etmək olar. Burada SSRİ-nin hazırki ən gənc şahmat ustaları yetişdirilib – qızlar arasında ölkə çempionu Aynur Sofiyeva, qadınlar arasında Azərbaycan çempionu Firuzə Vəlixanlı və 14 yaşlı Vladimir Akopyan. Bu, tədris prosesinin səmərəliliyindən xəbər verir. Belə başa düşdüm ki, bütün bu təşəbbüslərdə Azərbaycan Şahmat Federasiyasının rolu böyükdür, o böyük işlər həyata keçirir”.
Həm də növbəti Olimpiadanın keçiriləcəyi 1986-cı ildə Çapay Sultanov Yunanıstanda FİDE-nin növbəti konqresində çıxış edir. Onun “Azərbaycan şahmat məktəbinin inkişafı, kompüter tədris sistemi və şahmatçıların hazırlanması” adlı hesabatı şahmat dünyasında böyük marağa səbəb olur. Şahmatın kompüterlə tədrisi barədə çıxışı xüsusi maraqla qarşılanır, hansı ki, həmin vaxt zal Olimpiadada iştirak edən ölkələrin nümayəndələri ilə dolu idi.
İclası açan FİDE-nin ovaxtkı prezidenti Kampomanes Bakıya səfəri və bu tədris sistemi ilə şəxsən tanış olması barədə danışır. Sonra isə bu haqda ətraflı bəhs etmək üçün Çapay Sultanova söz verir. Çapay müəllimin çıxışından sonra əsasən bu sistemi necə əldə etmək barədə suallar yağmağa başlayır. Bu zaman daha çox səy göstərən isə Puerto-Riko nümayəndəsi idi. O, təklif edirdi ki, Azərbaycan Şahmat Federasiyasının rəhbəri Olimpiadadan sonra onun ölkəsinə getsin. Mühazirədən bir neçə gün sonra şahmat üzrə SSRİ yığmasının tərcüməçisi Çapay müəllimə bildirir ki, bu sistemi almaq üçün ona çoxlu təkliflər gəlib. “İlk dəfə nəyinsə alınması istəyi ilə üzləşirəm, Siz yaxşı qazanmaq şansını əldən buraxırsınız” – tərcüməçi belə deyir.
FİDE-nin sözügedən konqresində Sultanov, ali şahmat qurumunun eyni zamanda iki komissiyasının üzvü seçilir – “Məktəbdə şahmat” və “Kompüter və şahmat”.
“…Heç bilirsiniz ki, elektron texnikanın indiki səviyyəsində, hətta lap köhnə çempionlarla da görüşmək imkanı var? Bu barədə “Məktəbdə şahmat” beynəlxalq seminarında Çapay Sultanov danışıb. Uzun illər eyni zamanda Bakıda respublika şahmat məktəbinə rəhbərlik etmiş elmlər doktoru, professor Çapay Sultanov məşhur qrossmeysterlərin irsinin sistemləşdirmək, onların bilik bankını yaratmaq və bu bilikləri kompüter oyunları metodu ilə məktəblilərə çatdırmağı təklif edib. Bu məruzə dərhal ingilis dilinə tərcümə olundu, FİDE-nin kompüter şahmatı və inkişaf etməkdə olan ölkələrə yardım komissiyalarında onun haqqında çox danışıldı, hazırlanmış proqramları xeyli sayda almaq istəyənlər var” – bunu isə Salonikidə, həmin dövr “Sovetskiy sport” qəzetinin ən populyar şahmat şərhçisi Aleksandr Roşal qeyd edib.

Kasparovun məkrli siyasəti Kamran Bağırov dönəmində dəstək aldı

Kamran Bağırov hakimiyyətə gəldikdən sonra vəziyyət yenidən gərginləşir. Vilnüs şəhərində keçirilən yarışmanın yarımfinal mərhələsində Kasparov Vasili Smıslova qalib gəldikdən sonra, o, Kamran Bağırovun qəbulunda olarkən yenidən Azərbaycan Şahmat Federasiyasına  – hədəfi olan Çapay Sultanova qarşı hücuma keçir. Bu dəfə onun səyləri boşa çıxmır. Kasparovla dostluq münasibətlərində olan Kamran Bağırov “Azərbaycan Şahmat Federasiyası ilə məşğul olmaq” göstərişini verir və məhz bundan sonra səhnədə “səs verənlər” peyda olur. Burada əsas rolu Azərbaycan KP Mərkəzi Komitəsinin ideoloji bölməsinin əməkdaşları oynayır. Hədəf və məqsəd bəllidir – Kasparovla olmayan, onlara qarşıdır.
Çapay Sultanov özü bu haqda deyir: “Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur “Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərinin manşetinə çevrildi. Nəhayət, hazırda bir çoxu “cənab” olan, həmin “yoldaşlar” üçün çoxdandır gözlədikləri gün gəlib çatdı – “Federasiyanın geniş iclası” yığıldı və burada “səs verənlər” məni Şahmat Federasiyasının rəhbəri vəzifəsindən azad etdilər. Ən gülməlisi o idi ki, həmin “yoldaşlar” “səs verənləri” normal təlimatlandıra bilməmişdilər. İclasa şahmata aidiyyəti olmayan şəxslər yığılsa da, onlar Federasiya rəhbərinin taleyini həll etmişdilər”.

Bundan bir neçə ay əvvəl isə SSRİ Şahmat Federasiyasının iclasında onun rəhbəri, təyyarəçi-kosmonavt Vitali Sevastyanov qərar qəbul etmişdi: “Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi təqdir edilsin və ittifaq respublikalarının Şahmat Federasiyasına tövsiyə edilsin”.

Stalinin qəfil məktubu…

Çapay Sultanov hesab edir ki, 90-cı illərin əvvəllərində baş vermiş bu cür hadisələr, bu gün də davam edən oxşar hadisələrin yanında “qaçdı-tutdu” oyununa bənzəyir: “Bunu həm iqtidar, həm də müxalifət aydın şəkildə görməlidirlər. Məhz möhkəm konsolidasiya edilmiş vətəndaş cəmiyyəti kənardan edilən bütün çağırışlara müqavimət göstərə bilər… 1992-ci ildə Heydər Əliyevin parlamentdəki çıxışı zamanı ayağını yerə döyən və səs verənlər indi haradadırlar? Əgər bu və ya digər şəxsiyyətlərlə bağlı məsələlər qədim Romadakı Kolizeydəki kimi səsvermə yolu ilə həll edilsəydi, onda dünya ictimaiyyətinin müxtəlifliyi çox böyük fəlakətlə üzləşərdi… Müharibədən sonrakı ilk illərdə SSRİ Yazıçılar İttifaqında İlya Erenburqun “Boran” adlı əsəri qızğın müzakirədə idi. Mərkəzi Komitənin hansısa məmurundan göstəriş alan bütün çıxış edənlər həmin əsəri hiddətlə pisləyirdilər. Nəhayət, sözü Erenburqun özünə verdilər. Hamı ondan peşmançılıq gözləyirdi. Bunun əvəzində Erenburq bir teleqram çıxartdı, “Əsərinizi oxudum. Xoşuma gəldi. Stalin” – deyə oxudu və yerinə əyləşdi. Bütün əvvəl çıxış edənlər yenidən söz istədilər və çıxış etdilər, lakin artıq başqa tərzdə...

Çapay Sultanov bir çox digər önəmli hadisələri də xatırladır: “O vaxt Bədən Tərbiyəsi İnistitutunun rektoru olan Samur Novruzov mənim müraciətimdən sonra bu ali təhsil ocağında şahmat ixtisasının açılmasına razılıq verdi, hansı ki, bu, Azərbaycanda şahmat sahəsində məşqçilər də daxil olmaqla ixtisaslı kadrların hazırlanması baxımından mühüm hadisə idi”.
Elə o dövrlərdə Çapay Sultanov Mərkəzi Komitənin katibi Həsən Həsənovun köməyi ilə ayda bir dəfə şahmata dair qəzetin nəşrinə nail olur. Qəzetə redaktorluğu isə fizika elmləri doktoru, eyni zamanda Çapay Sultanovun ilk şahmat müəllimi Azər Zeynallı üzərinə götürür. O vaxt mərhum Nicat Rəhimov “Şahmat klubu” verilişinin efirə getməsinə razılıq vermişdi və bu veriliş informativ xarakter daşıyırdı. Çapay müəllimin istəyi və yenə də Həsən Həsənovun müdaxiləsi ilə isə artıq televiziyada məşqçilər üçün də ayrıca veriliş hazırlanmağa başladı. Hansı ki, həm sözügedən qəzet, həm də adıçəkilən televiziya verilişi Azərbaycanda şahmat maarifçiliyinin “qaranquşları” olmaqla bərabər, bu idman növünə marağın artması və şahmat mütəxəssislərinin ortaya çıxmasında müstəsna rolo oynayıb.

Çapay Sultanov Azərbaycan şahmatının inkişafında rolu olanları ehtiramla xatırlayır…

Çapay Sultanovun dediklərinə görə, Bakıda ovaxtkı Razin, indiki Bakıxanov qəsəbəsində internat idman məktəbində şahmat bölməsi yaradılır. Bununla da əyalətlərdən paytaxta respublika miqyaslı şahmat turnirlərinə gələn yeniyetmələrin yerbəyer edilməsi reallaşır. Bu işdə sözügedən məktəbin direktoru Rafiq Bədirzadənin rolu da danılmazdır: “Həmçinin respublikada şahmat məktəblərinin fəaliyyətinin güclənməsi istiqamətində dövrün təhsil nazirləri – Mehdi Məmmədov, Elmira Qafarova və Kamran Rəhimovun, İdman Komitəsinin sədr müavini Oqtay Atayevin, eyni zamanda bəzi partiya işçilərinin, həmçinin Cahangir Müslümzadə və Nurəddin Mustafayevin xidmətlərini xüsusi qeyd etməyə dəyər”.
Çapay Sultanov 16 il Şahmat Federasiyasına, 30 il isə Respublika Şahmat Məktəbinə rəhbərlik etdiyi müddət ərzində bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi, şahmat ənənələrinin yaradılması baxımından əməkdar məşqçilər Nəriman Yusifovun, Aleksandr Aslanovun, Akif Vəlibəyovun, Fuad Cəfərovun, idman ustası Bəhruz Qurbanovun və başqalarının da rolunu ehtiramla xatırlayır.

 

Çapay Sultanov hər yerdə…

Bu yaxınlarda fransalı sənədli film rejissorlarının “Hədəf – Bakı. Hitler neft uğrunda müharibəni necə uduzdu?” filmi uğurla nümayiş etdirildi, filmin əsas prodüsseri Arzu Əliyeva, baş məsləhətçisi isə Çapay Sultanov idi. Filmə Avropa, Avstraliya, ABŞ və Çində yüz minlərlə tamaşaçı baxıb. Film əsasən Çapay Sultanovun “Tarix felin lazım formasını sevmir, amma yenə də…” kitabı əsasında çəkilib. Bu kitab italyan, ingilis, türk dillərinə tərcümə edilib, artıq Romada nəşr edilib. Həmçinin onun Londonda, Berlində, Ankarada nəşrinə hazırlıq gedir.
İtaliyanın mərkəzi «RAİ» telekanalında Azərbaycan barədə 15 dəqiqəlik verilişində Azərbaycanda şahmatın inkişafında Çapay Sultanovun xidmətlərini xüsusi vurğulayır.
Hazırda Çapay Sultanov, Harri Kasparovun Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov və DTK sədri Ziya Yusifzadənin köməyi ilə onu Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsindən necə uzaqlaşdırması, həmçinin Federasiyanı dağıtması, yuxarıda sadalanan işləri alt-üst etməsi, FİDE rəhbəri olan kimi Bakının da tövsiyəsi və dəstəyi ilə Çapay Sultanovu FİDE-nin iki komissiyasının tərkibindən necə çıxartdırması barədə kitabı tamamlayır. Bununla yanaşı, o, Çapay Sultanovun FİDE prezidenti F.Kampomanesin rəsmən “Azərbaycanın şahmat tədris proqramı” adlandırdığı «Chess school» tədris proqramını FİDE-nin reyestrindən çıxarıb. Həmçinin hazırkı Federasiyanın bəzi qeyri-leqal üzvləri bir çox şahmatçı və məşqçini məhv edib, digərlərini də bütün dünyaya pərən-pərən salıb. Və hələlik haqqında bəhs etmək istəmədiyimiz çoxlu digər məsələlər!
Məqaləni Çapay Sultanovun öz sözlərilə bitirmək istərdik: “Məncə, şahmat tariximiz haqqında son sözü korrupsiyanı bu idman növünə yaxın buraxanlar və Azərbaycanın hazırkı Şahmat Federasiyasının bəzi qeyri-legitim üzvləri deməyəcək. Bütün bunlara tarix özü qiymət verəcək!”

Məlahət Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button