Heç kəs artistlik eləməsin!

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri

Müstəqil media olmayan yerdə demokratiyadan danışmaq gülüncdür, iqtidar da pulu “yandaş” mediaya ayırır…

Son günlərdə bir sıra mətbuat orqanına dövlət yardımı verilməsi ilə bağlı məlumat verildi. İlk baxışdan hər şey yaxşı görünür, cəmiyyətin aynası hesab olunan mətbuata bu hakimiyyət sanki himayəçi rolunda çıxış edir. Əvvəlcə onu qeyd edim ki, bu ölkənin varidatının talan edildiyi bir vaxtda hansısa sadə bir jurnalistə minimum dövlət yardımının çatmasına qarşı deyiləm. Amma vəziyyət bir qədər fərqlidir. Siyahıya diqqətlə baxanda aydın olur ki, ildə üç-dörd dəfə dövlət tərəfindən rəsmi maliyyə yardımı olan qəzetlərdən yalnız ikisi iki müxalifət partiyasına yaxın, bir qəzet isə müstəqil hesab oluna bilər, qalan 30-a yaxın qəzet hakimiyyətin onsuz da nəzarətində və himayəsində olan yandaş media orqanlarıdır.

Maraqlıdır, pul ortaya gələn kimi əksəriyyət susur. Bir müddət öncə mətbuatda bir qadın hüquq müdafiəçisinə yubiley yaşının tamam olması münasibəti ilə prezident təqaüdünün verilməsi təklif edilmişdi. Sadəcə bir təklif idi, heç o qadına təqaüd–filan da verilmədi. Müxalifət qəzetlərində yazarlıq edən, müxalifət partiyalarının tanınan funksionerlərindən qəti etirazlar gəldi. O zaman soruşan olmadı ki, bəs sən özün şəxsən yardımdan pay alanda niyə etiraz etmirsən? Bu sual bu gün də qüvvəsində qalır.

Maliyyə alan hətta müxalifət qəzetlərində belə “Xural”, “Nota” kimi müstəqil qəzetlərə də dövlət tərəfindən maliyyə yardımı ayrılmasının vacibliyi təklifi eşidilmir.  Əgər müstəqil mediadan, söz azadlığından, fikir plüralizmindən danışırıqsa, qeyd edək ki, yalnız bu qəzetlərin baş redaktorları qəzetlərində özlərinin əleyhinə olan yazını verməkdə müstəqildirlər.

Azərbaycanda siyasi partiyaların, ziyalıların, cəmiyyətin özünün problemləri olduğu kimi, bu ölkənin mediasının da ciddi problemləri var. Az bir qisim istisna olmaqla əksəriyyət düşündüyünü deyil, verilən sifariş və çəkilən xətt çərçivəsində yazır. Hətta müstəqil yazmaq qabiliyyətində olanların əksəriyyəti də maddi asılılığında və ya sadəcə simpatiyası olduğu liderin çərçivəsindən kənara çıxa, fərqli düşüncəyə obyektiv yanaşa bilmir, mətbuat imkanlarından istifadə edərək öz “lider”indən başqa hamını aşağılamağa çalışır, beləliklə, bolşevik təfəkkürü nümayiş etdirir. Hakimiyyətin istədiyi də budur, qəzetlərin maliyyə mənbəyi ola biləcək reklam bazarı məhv edilmiş, ələ baxan, yandaş media strukturları və hakim zümrədən başqa hamını qaralayan yazar ordusu yaradılmışdır. Müstəqil media olmayan yerdə demokratiyadan danışmaq gülüncdür, mövcud reallıq bununla Azərbaycanda avtoritar rejimin at oynatdığının çox bariz nümunəsini nümayiş etdirir.

“Ərəb dalğası” başlayandan sonra qorxudan sancıya düşən Azərbaycan hakimiyyəti bir sıra şirnikləndirici vədlər verdi, özbaşına tikililərin xüsusi mülkiyyətə verilməsi, maaşların, pensiyaların qaldırılması və s. Bu təkliflər işərisində siyasi partiyalar haqqında qanunun dəyişdirilməsi və partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də xüsusi diqqət çəkirdi.

Maraqlıdır ki, partiyaların maliyyələşdirilməsi məsələsinə münasibət bildirən hakimiyyət yandaşlarının, hakimiyyətə loyal münasibət bəsləyənlərin, lap elə müxalifət təmsilçilərinin mövqeləri hətta prezident aparatı təmsilçilərindən daha mühafizəkar və daha qəzəbli idi. Hamı da dünya təcrübəsini əsas gətirir və özlərindən başqa kimsənin maliyyə almasını istəmir.

Birinci müxalifətin mövqeyindən başlayaq. Həmkarlarımız arqument kimi parlament seçkilərində neçə namizədlə iştirak etməyi və toplanan səslərin cəmini əsas götürürlər.

Dünya təcrübəsində neçə namizədlə iştiraka görə maliyyə verilməsinə rast gələ bilməzsiniz, sadəcə bir səbəbə görə ki, ola bilsin, namizədlər çoxdur, amma bu çoxun əksəriyyəti səs toplaya bilməyib, ola bilər ki, bir partiya az namizədlə seçkiyə qatılır (real gücünü ölçərək) və həmin namizədlər, yaxud əksəriyyət yaxşı səs toplayıb seçkini udur. Azərbaycan timsalında misal gətirsək, DADP çox namizədlə seçkiyə qatılmışdı, amma namizədləri elə bir səs toplaya bilmədi, Xalq Partiyasından isə cəmi iki nəfər – Pənah Hüseyn və Qiyas Sadıqov seçkiyə qatıldılar və hər ikisi də faktiki seçkini uddular.

Müxalifətin ikinci arqumenti, bütün seçki dairələri üzrə səslərin cəminin əsas götürülməsidir ki, buna dünya təcrübəsində rast gəlinir. Amma bizdə vəziyyət elədir ki, heç bir partiya ümumi seçkilərin heç 1 faizinin səsini belə toplamayıb, 125 dairənin bir dairəsinin ərazisindəki seçicilərin sayı qədər səsi olan bir partiya olar, ya olmaz. Ən çox səsi olan Müsavat Partiyasının parlamentdə bir təmsilçisi belə yoxdur, amma Rafael Hüseynov Avropa Şurasında müxalifət təmsilçisi kimi təqdim olunur. Mən hələ seçkilərin necə keçirilməsindən danışmıram, rəsmi nəticələrə görə fikirlərimi bölüşürəm. Belə olan halda, 1 faiz seçki səsi olan, parlamentdə də təmsil olunmayan partiyalara dövlət yardımının, yaxud dövlət tərəfindən maliyyələşmənin hansı dünya təcrübəsinə əsaslandığını bilən varsa, yazsın. Hakimiyyətyönlülərin, loyal münasibətdə olanların mövqeyi isə yalnız parlamentdə təmsilçisi olanlara maliyyə verilməsi istiqamətindədir. Bunlar da dünya təcrübəsini əsas gətirməyə çalışırlar. Nisbi mojaritar sistemin mövcud olduğu və parlamentdə 1 təmsilçisi olan hansı partiyaya dünya təcrübəsində maliyyə verilir? Məsələyə baxış kökündən yalnışdır, ona görə də dünya təcrübəsini əsas gətirib söz oynatmağın yeri yoxdur, kim də dünya təcrübəsini əsas gətirib öz marağını güdəcək, digərlərini sıradan çıxarmağa çalışacaqsa, çoxlu arqumentlərlə üzləşəcək.

Səbəb çox sadədir. Azərbaycan, mövcud Azərbaycan iqtidarı, bu ölkədə keçirilən saxta seçkilər, bir-iki adamın kefinin istədiyi qaydada formalaşan saxta parlament, millətin iradəsinə tüpürmək və s. kimi amillər heç bir demokratik dünya təcrübəsinə uyğun gəlmir. Bu ölkədə nə qədər ki, seçkilər azad, ədalətli və demokratik qaydada keçirilmir, qəbul olunan yeni siyasi partiyalar haqqında qanun da kağız parçasından başqa bir şey olmayacaq, verilən maliyyənin mahiyyəti də tamam fəqli olacaq. Necə ki, mətbuata yardım adı altında öz yandaşlarına maliyyə verirlər, müstəqil mətbuatın formalaşmasının və inkişafının qarşısını alırlar, eləcə də siyasi partiyalara eyni münasibəti bəsləyirlər. Bu ölkədə kim bilmir ki, üzdə olan qəzetlərin, eləcə də parlamentdə təmsilçisi olan partiyaların əksəriyyəti – bir neçə partiya parlamentdən kənarda qalsa da – hakimiyyətin ayrı-ayrı strukturları və vəzifəli şəxsləri tərəfindən gizli maliyyələşir. Xaricdən maliyyələşənlər barədə də mətbuatda kifayət qədər yazılar gedib. Siyasi partiyaların və siyasi proseslərin məxfi maliyyələşdirilməsi isə korrupsion hərəkətlərə aiddir. Heç kəs artistlik eləməsin və hamını da kor hesab eləməsin.

Bu ölkədə elə şərait yaradılıb ki, siyasi partiyaların nəinki inkişafı, heç olan gücünü qoruması mümkün deyil. Maliyyə verənin əli, dil çıxaranın dili kəsilir. Səsi gələn həbsə göndərilir. Belə hal mövcud hakimiyyətə hələlik sərf etsə də, ölkəmizə, millətimizə sərf etmir. Əslinə baxanda heç hakimiyyətin özünə də belə münasibət sərf etməməlidir, çünki artıq siyasi rəqabət şəxsi düşmənçilik səviyyəsinə qalxır, bu gün imkanı olan əzirsə, sabah da əks qütb tərəfindən daha əzazilliklə əzilmək təhlükəsi ilə üz-üzə qala bilər.

90-cı illərin əvvəllərində gənclər çox həvəslə siyasi partiyaya üzv olub siyasət, idarəetmə, demokratiya öyrənirdisə və yalnız sivil, demokratik mübarizə yolunu qəbul edirdisə, artıq gənclər yalançı din pərdəsi altında yaradılmış radikal təriqətlərə üz tuturlar, təbii ki, onların mübarizə metodları və yolları da fərqlidir. Budur Azərbaycan iqtidarının siyasi partiyalara və müstəqil mediaya qarşı apardığı təzyiq siyasətinin nəticəsi.

Ölkənin, millətin, insan haqlarının, demokratiyanın, ayrı-ayrı sosial təbəqələrin və bütövlükdə cəmiyyətin inkişafında siyasi sistemin tərkib institutlarından olan siyasi partiyaların rolu barədə geniş danışmağa ehtiyac yoxdur. Bütün inkişaf etmiş demokratik ölkələrdə belədir və siyasi partiyaların normal fəaliyyət göstərdiyi ölkələrdə insanlar da adam balası kimi yaşayır və fəaliyyət göstərirlər, onların iradəsi ilə də hakimiyyət formalaşır, yaxşı işləməyəndə də o hakimiyyəti dəyişirlər.

Dünya dəyişir, Azərbaycan da dəyişəcək, ümumi tarixi proseslərin qabağını heç kəs ala bilməyib. Biz bu dəyişimin Azərbaycanda qansız–qadasız islahatlar yolu ilə aparılmasından yanayıq. Hamı üçün eyni, bərabər start xətti çəkilməlidir, onda kimin qabiliyyəti, gücü olacaqsa o da qabağa çıxacaq. Siyasi təşkilatlara maliyyə veriləcəksə, növbəti parlament seçkilərinə qədər bütün qeydiyyatdan keçmiş partiyalara eyni miqdarda maliyyə verilsin. Dünya təcrübəsində belə olmasa da, Azərbaycan reallığına tam uyğunluğunu düşünürəm. Bu hakimiyyət 1995-ci ildə qəbul olunan Konstitusiyaya keçid müddəaları yazmamışdı? Yazmışdı, onu da mövcud reallıqlarla əsaslandırırdı. Biz də təklif etdiyimiz keçid müddəasının daha ədalətli olduğu iddiasındayıq, sonra dünya təcrübəsinə uyğun qanunda göstərilən qaydada maliyyələşmə həyata keçirilsin, müvafiq dövlət orqanı da bu məsələlərlə bağlı funksiyasını həyata keçirsin.

Kimsə fikirləşməsin ki, biz sadəlövhcəsinə verdiyimiz təklifin hakimiyyət tərəfindən qəbul olunacağına və maliyyə alacağımıza inanırıq. Biz bəri başdan qətiyyətlə maliyyədən imtina edirik. Bizim istədiyimiz ölkədə yeniliyin, dəyişikliyin olması, siyasi təşkilatların klassik partiya formasında formalaşması, gənclərin siyasi partiyalarda toparlanması, siyasi təşkilatların maliyyə üzündən xarici donorların təsirinə düşməməsi və s-dir.

Ən təhlükəli amillərdən biri alternativ olmamasıdır. Bu ölkədə isə alternativlər yox deyil. Sadəcə hamı üçün eyni şərait həmin alternativləri üzə çıxaracaq. Demokratiya da elə bunu tələb edir.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button