“Heç olmasa siyasi qibləgahınız Putindən öyrənin…”

Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri

 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində mövcud hakimiyyətin siyasi inkarçılıq xəttini tənqid edən yazı paylaşıb:

“2 gün əvvəl Putin Naina Yeltsinanın 85 illik yubileyini rəsmi şəkildə qeyd etdi. Ona Dövlət mükafatı verməklə yanaşı, özünün də qatıldığı mərasim təşkil etmişdi.
Yubilyar RF-nin birinci prezidenti Boric Yeltsinin xanımıdır. Putin Yeltsini bəyənməsə də, Dövlətin nüfuzunun yüksəldilməsi üçün belə addımları vaxtaşırı atır.
Dövlətdə siyasi varislik və ənənələr mühümdür. Dövlətin inkişafı əsas xətt üzrə olmalı, hakimiyyətlər əvvəl gələni söyməməli, lazım olanı etməlidir. İqitdarın siyasəti özündən əvvəlkinin inkarından ibarət olmamalıdır.
YAP yalnız bu işlə məşğul olur. 24 ildir 1 illik hakimiyyəti “yaxalamaqla” məşğuldurlar. Hərdən bir az əvvəlkilərə də “daş atmağı” unutmurlar. Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovdur. Şəxsi münasibətimdən asılı olmayaraq, Mütəllibov Müstəqillik aktına imza atmış, Dövlətin Rəsulzadə versiyasında atributlarını qəbul etdirərək bir tarix yazmış şəxsdir. İndi YAP dövlət tədbirlərinə Mütəllibovu belə dəvət etmir.
YAP-a görə Azərbaycan dövləti 1969-dan, millətimiz isə bir qədər ondan əvvəl təşəkkül tapmışdır. Yanlış buradadır. Nə qədər ki, iqtidar Azərbaycan dövlətinin bioloji deyil, siyasi varisliklə idarəolunma zərurətini duymayacaq, Dövlət qarşısında xidmətləri olanlara sayğı nümayiş etdirməyəcək, özlərinin də aqibəti təsadüflərə bağlı şəkildə olacaq.
Hörmətli opponentlərimiz, Rəsulzadənin avtoritetinə bir baxın. Təmənnasız tərzdə Millətə xidmətin və təmənnasız Millət sevgisinin ünvanı odur. Azərbaycanlılar əvəzsiz olaraq Ona sayğı duymaqdadırlar. Nə qədər ki, Sizlər Rəsulzadədən, Xətaidən, Nadir şahdan, Ağa Məhəmməd Qacardan qorxacaqsınız, Dövlət qarşısında xidmətləri olanlardan gizlənəcəksiniz, bir o qədər zəif qalacaq, münasibətlər qladiatorların “məhv edim” təfəkküründən o yana keçməyəcək. Günlərin birində isə Sizi də tarixdən amansızcasına siləcəklər. Bu düşmənçilik və siyasi cırlıq Dövləti zəiflədir.
Heç olmasa siyasi qibləgahınız Putindən öyrənin. Qarşıda gələn bayramlarda Mütəllibovu, Müstəqilliyin bərpasında əvəzsiz xidmətləri olmuş şəxsləri Dövlət tədbirlərinə dəvət etsəniz, bundan yalnız cəmiyyət udar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button