Heydər Oğuz yazır: “Tanıdığım və tanımadığım Kamal(əddin)”-YENİ LAYİHƏ

Tanınmış qələm sahibi Heydər Oğuz xural.com-da yeni layihəyə start verir. Bu layihədə Heydər Oğuz Azərbaycanın oliqarx məmurlarının, odioz fiqurlarının, deputatların və tanınmış xadimlərinin ictimai-siyasi portretini cizəcək. Bu portretin ilki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yazılıb. Üç hissədən ibarət olması ehtimal olunan bu yazının I hissəsini yayınlayırıq.

heyder oguz

I yazı

Proloq

Buna bənzər bir yazını hardasa 5 il bundan əvvəl yazmışdım. 2011-ci ilin qızmar yay aylarında. Vaxt o vaxt idi ki, haqqında düşüncələrimi oxuyacağınız, başqa ifadəylə desək, yazımın qəhrəmanının 50 yaşı tamam olurdu. Mən də “köhnə dost”umun yubileyinə ad günü təbriki yazmaq üçün qolumu çırmalamışdım. Di gəl ki, düşüncələrim təbrikimi bitirməyə imkan vermir, söz sözü, fikir fikiri gətirirdi. Bir də gözümü açıb görmüşdüm ki, ey dadi-bidad, mən ki əməlli-başlı kitab yazmışam.

Həmin vaxt qələmə aldığım o yazını ictimailəşdirmədim. Əvvəla, ona görə ki, ictimailəşdirmək üçün sən deyən tribunam yox idi. İkincisi, ona görə ki, yazımı oxuyanlar mənim özgə bir təmənna güddüyümü zənn edə bilərdilər. Açığını deyim ki, təmənna güdmür də deyildim. Mən canımda olan yaradıcılıq potensialımı ortaya qoya bilmədiyimə inanır, qarşımda yaradılan maneələrin böyük bölümünün günahını isə qəhrəmanımda görürdüm. Təbii ki, ondan bu maneələri qaldırmağı təmənna etməyim ən doğal hüququm idi.

Bununla belə, yazıma nəfsimi qarışdırdığımı və bununla da qələmimin ruhuna ilk növbədə özümün təcavüz etdiyimi düşündüyümdən, kağıza köçürdüyüm fikirləri üzə çıxarmamağa qərar vermişdim. Axı, xalqımızın gözəl bir adəti var: Təcavüzə uğrayan birini el-oba arasına çıxarmazlar. Mən də ilk növbədə özümdən utandığımdan yazımı məhv etmişdim.

Üzərindən 5 il keçəndən sonra yenidən bu mövzuya qayıtmağım da asan olmadı. Yenə “millət nə düşünər” sualı beynimi qurcalayırdı. Amma artıq özümdən utanmırdım. Nə mən özüm 5 il bundan əvvəlki əli heç bir tribunaya çatmayan, yazdığı şeirləri, uzaqbaşı facebook səhifəsində 5-10 dostu üçün paylaşa bilən adam idim, nə də qəhrəmanım hazırda qapısına pənah gətirən hər kəsə bol kisəsini aça biləcək qüdrətdədir: Allaha çox şükür, ölkəmizin getdikcə demokratikləşməsi mənim kimi xordan xaric oxuyanların da səsinin eşidilməsinə kifayət qədər imkan verir, qəhrəmanımın isə fövqəladə gücü zəifləyir, tədricən adi, sıravi insanlardan birinə çevrilir. Belə bir vəziyyətdə mənim zati-alilərinə məddahlıq etməyim, təmənna güdməyim üçün heç bir əsas qalmır.

Digər tərəfdən, yaxın dostum, qələm və tələbə yoldaşım Əvəz Zeynallının bəndənizdən bir istəyi qələmə aldığım bu yazının ərsəyə gəlməsində müstəsna rol oynadı. Əvəz bəy mənə siyasi xadimlər (əsasən, nazirlər və deputatlar) haqqında portret yazılar yazmağımı, tam qərəzsiz şəkildə əyrini əyri, düzü düz göstərməyimi məsləhət bildi. Özünün isə hər bir siyasi xadim, dövlət adamı barədə yazacağım bu silsilə yazılar üçün sahibi olduğu “Xural” saytında rubrika yaradacağına söz verdi. Mən də razılaşdım.

Amma qarşımda ciddi bir problem vardı: Portret yazıları üçün qəhrəmanlarını da yaxşı tanımalısan. Əks halda, fikirlərin qərəz və subyektivizmdən o tərəfə çıxa bilməz. Mənim isə bu ölkədə nazirlər arasında az-çox tanıdığım bir adam var – qəhrəmanım. Odur ki, qələmimi sınamaq istədiyim ilk ünvan da elə o oldu.

 

Mənim tanıdığım Kamal

kəmaləddin heydərov

Onunla tanışlığımın qədim bir tarixi var və bu, olduqca mühüm bir hadisəyə təsadüf edir.

Səhv etmirəmsə, 1982, ya da 1983-cü il idi. Azərbaycanın dahi şairi Hüseyn Cavidin 100 illiyi münasibətilə məzarı uzaq Sibirdən götürülüb doğma Naxçıvana gətirilirdi. Azərbaycanın hər yeri kimi, bəlkə də hər yerindən artıq Naxçıvan diyarı bu əlamətdar hadisəyə sevinir, toy-bayram edirdi. Mənim də o zaman 13, ya da 14 yaşım vardı. Məmləkətimdə baş verən bu bayram əhval- ruhiyyəsi bəndənizin də könlünü şövqə gətirmişdi, gənclik duyğusunun verdiyi emosionallıqla coşub-daşırdım. Gah dahi şairə vəfa borcumu ödəmək üçün onun ev muzeyinə gedir, yeni açılmış bu mədəniyyət ocağının qurulmasında əlimdən gələni əsirgəmir, müəssisənin kollektivinə qoşulub həyətini belləyir, güllərini sulayırdım. Gah da o dövrün fəal gənci kimi şairin xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak edirdim.

Mənim fəallığımın, şövqlə alışıb-yanmağımın bir başqa özəl səbəbi də var idi:  Oxuduğum 5 nömrəli orta məktəb Hüseyn Cavidin adını daşıyırdı. Üstəlik, məktəbimizin direktoru Hüseyn müəllim (Allah rəhmət eləsin) mənə çox mühüm “komsomol tapşırığı” da vermişdi. Hüseyn Cavidə həsr olunacaq ümumrespublika əhəmiyyətli tədbirə məktəbimizin adından səhnəcik hazırlayacaqdım.

Sözsüz ki, bu qədər böyük bir məsuliyyətin 13-14 yaşlı bir uşağa həvalə edilməsi kiçimsənəcək etimad deyildi.

Mənə duyulan bu güvənə bir də Hüseyn müəllimlə aramızda bağladığımız “centlemen sazişi” əlavə olunmuşdu: Məktəbin heç bir müəllimi, hətta direktorumuzun özü belə komandamızın işinə qarışmayacaqdı – Hüseyn Caviddən şeirləri özümüz seçib, özümüz məşq edib, özümüz deyəcəkdik.

İnsafən, məktəbimizin müəllim heyəti direktorumuzla bağladığımız bu “centlemen sazişi”nə tam şəkildə əməl edirdi. Bizim işimizə qətiyyən qarışmır, bəzən sadəcə məharətimizi izləməyə təşrif buyurur və məmnuniyyətlə akt zalını tərk edirdilər.

Yalnız bir dəfə Hüseyn müəllim bu sazişi pozdu. Bu “qanun pozuntusuyla” da mənimlə qəhrəmanımın tanış olmasına səbəb oldu.

Məşqlərimizin birində zala daxil olan Hüseyn müəllim özüylə bərabər yaşca bizdən balaca məktəbli bir qız gətirmişdi. Məni yanına çağıraraq, bu qız üçün də şeir seçməyi tələb etmişdi. Mən də narazı nəzərlərimlə ona baxıb “centlemen sazişi”ni xatırlatmaq istəmişdim. O isə ağzımı açmağa imkan vermədən amiranə şəkildə məni kabinetə dəvət etmişdi. Kabinetdə əsl ağsaqqal kimi həyatın qaydalarını mənə başa salmışdı. Demişdi ki, bizdən xəlvət, məşqlərimizi izləyir. Səylərimiz, çalışmalarımız o qədər xoşuna gəlir ki, müdaxilə etməsinə ehtiyac duymur. Yoxsa ki, nə saziş-filan. Çalışmağımız uğurlu alınmasaydı, bizi çoxdan zaldan qovalayar, bu məsuliyyətli işi müəllimlərdən birinə tapşırardı. Çalışmalarımızın yaxşı alınmasına baxmayaraq, bu, uğurun açarı deyil. Əsl uğur açarını komandamıza o gətirib. Daha sonra qızın Naxçıvanın Mədəniyyət nazirinin övladı olduğunu və girəcəyimiz yarışın həmin nazirlik tərəfindən təşkil olunduğunu bildirmişdi.

Mən də Hüseyn müəllimi sazişimizi pozmaqda qınaya-qınaya yenidən akt zalına geri dönmüş, qızcığaza “Xəyyam” əsərindən gözəl bir parça seçib vermişdim.

Növbəti məşqdə qızcığazın həqiqətən də şeirin haqqını verə-verə oxuduğunu görmüş, “Mədəniyyət nazirinin qızı belə olar” deyə, Hüseyn müəllimə ürəyimdə təşəkkür etmişdim.

Qızcığazla məşqlərə onun qardaşı da gəlirdi. Adını Kamal kimi təqdim edən bu oğlanla tez bir zamanda yaxınlaşdıq. Bəzən məşqlərdən sonra şəhəri xeyli gəzər, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, musiqisi haqqında söhbətləşərdik. Bəzən söhbətlərdən doymur, mən onu, o məni evlərimizə qədər yola salırdıq. Əksər hallarda bu get-gəllər bir neçə dəfə təkrarlanırdı. Biz internat məktəbinin, o isə “Təbriz” mehmanxanasının qarşısında yaşayırdı. Bir neçə km-lik bu məsafəni ölçə-ölçə etdiyimiz söhbətlər bəzən məni çox təəccübləndirirdi: Kamal mənim o zamana qədər heç bir yaşıdımda təsadüf etmədiyim savadda idi.

Mən bu təəccübümün səbəbini çox sonralar anladım. Sən demə, mənim tanıdığım Kamal yaşıdım və ya məndən bir neçə yaş böyük deyildi. Baxmayaraq ki, yeni dostumun evində də dəfələrlə olmuşdum və onun Səməd adlı bir qardaşının olduğunu bilirdim, amma sonrakı illərdə Fəttah müəllimin Kəmaləddin adlı oğlunun ortaya çıxması məni çaşdırmışdı. Düşünürdüm ki, Kamalın, yəqin özündən böyük qardaşı da varmış və bizim tanışlığımız dövründə o, ya əsgərlikdə, ya da hansısa başqa şəhərdə ali məktəbdə oxuyurmuş.

Bütün bunlar “Mənim tanımadığım Kəmaləddin” mövzusunun bəhsləri olduğundan söhbəti çox uzatmadan “Tanıdığım Kamal”a qayıtmaq istəyirəm.

Tanıdığım Kamalla münasibətlərimiz Hüseyn Cavidin 100 illik yubileyinə həsr edilmiş tədbirdən sonra da davam etdi. Onunla keçirdiyimiz müddət ərzində yaşıdım sandığım bu adamı vətənpərvər, Azərbaycan mədəniyyətinə, tarixinə vaqif, yüksək milli şüura malik birisi kimi tanıdım. Hətta onu məhz bu keyfiyyətlərinə görə, sonradan gizli təşkilatda olduqlarını anladığım ziyalılarla da tanış etdim. Mərhum Asif Kələntərlinin qurduğu ədəbi yaradıcılıq dərnəyinə də apardım. Bir neçə dəfə bu dərnəkdə bərabər zaman keçirdik. Amma bu əlaqələrimiz birdən-birə kəsildi.

Kamalın daha sonra Özbəkistana getdiyini öyrəndim. Və mənim tanıdığım Kamal bununla da bitdi. Daha sonralar o, mənim önümə tanımadığım Kəmaləddin simasında çıxdı.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button