Heydər Əliyev: “Azərbaycan Ayaz Mütəllibovsuz daha təmizdir!”

ayaz_araz

“Daha bir alaq otunu Azərbaycana aparmağımıza  nə  ehtiyac  var. Harada olmasından – dəmir barmaqlıq arxasında və ya öz mənzilində oturmağından asılı olmayaraq, o, bizə gərək deyildir”

Nikolay Zenkoviç müasir Rusiyada məşhur və maraqlı kitabların müəllifi kimi  tanınır.
28-may.az rusiyalı araşdırmaçının 2007-ci ildə nəşr edilmiş “Heydər Əliyev: tale  yolları” kitabından bir  hissəni  təqdim  edir.

1997-ci ildə onun Rusiya Federasiyasına ilk rəsmi səfəri başlandı. Moskvaya uçmazdan öncə Bakı jurnalistləri maraqlandılar ki, Ayaz Mütəllibovun qaytarılması məsələsi müzakirəyə çıxarılacaqmı. Heydər Əliyev belə cavab verdi:

– Bilirsiniz, Ayaz  Mütəllibov o  qədər də diqqətə layiq adam deyildir.
Görüşün yekunlarına dair  Rusiya XİN-in mətbuat mərkəzində mətbuat  konfransı keçirildi. Orada  da maraqlandılar ki, keçmiş prezident Ayaz Mütəllibovun verilməsi məsələsi müzakirə edilmişdirmi? Əliyev  dedi:
– O, sizin ona yetirdiyiniz diqqətə heç layiq deyildir. O, beş il bundan əvvəl Rusiya qoşunlarının hərbi  təyyarəsinə  minib  Azərbaycandan  qaçmışdır. Həmin vaxtlarsa o prezident  idi. Əgər  kimisə  prezident  seçib etimad göstərmişlərsə, o, bu etimadı doğrultmalı, bu vəzifədə qalıb ölkəni idarə etməli, öz xalqının təhlükəsizliyini  təmin etməlidir. Amma ona etimad göstərmışdilər, doğrudur, saxtakarlıqla prezident olmuşdu, bu, özlüyündə aydın idi. Lakin buna baxmayaraq, formal surətdə prezident elan edilmışdi, – o isə Rusiya təyyarəsinə minib əkilmişdir və beş ildir burada gizlənir. Belə isə, o, danışmaq üçün hansı mənəvi hüquqa malikdir və ona kömək və yardım göstərməyə ayrı-ayrı Rusiya strukturlarının nə kimi mənəvi haqqı var?
Kimsə dedi ki, – mən bilmirəm, bu məlumat rəsmi deyildir, – guya Mütəllibov özünə siyasi sığınacaq verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Hansı siyasi sığınacaq? O, öz respublikasından əkilib qaçmışdır. Hesab edirəm ki, Rusiya belə adamlara siyasi sığınacaq verməməlidir. Siyasi sığınacaq bir ölkə tərəfindən digər ölkənin vətəndaşına, siyasi fəaliyyətə görə təqib edilən vətəndaşına verilə bilər.
Rusiya ilə  Azərbaycan arasında dostluq münasibətləri var. Rusiya isə Azərbaycandan qaçmış bu və digər adamlara siyasi sığınacaq verməyə cəhd göstərir. Bu, Rusiya-Azərbaycan münasibətlərini müəyyənləşdirən prinsiplərin hamısına  ziddir.
Elə həmin gün iyulun 4-də Heydər Əliyev “Exo Moskvı” radiostansiyasına böyük bir müsahibə verdi. Ondan yenə soruşdular: “Mütəllibovla bağlı məsələni həll etmək mümkün oldumu?” Bu barədə  o  zaman Rusiyanın bütün informasiya vasitələri yazırdı. Guya Azərbaycan hakimiyyət dairələri onun verilməsini tələb edir. Onun cavabı belə oldu:
– Bilirsiniz, biz bu məsələni heç müzakirə də etmədik. Mən bir daha demək istəyirəm, bu, heç haqqında danışılası, üstəlik də sizin studiyada xatırlanası adam deyil. O, buna layiq deyil. Sadəcə olaraq Rusiya Federasiyasında bəzi adamların günahıdır ki, Mütəllibov kimi cinayətkarlara himayədarlıq edirlər.
Əgər bu adam Prezident vəzifəsində olarkən cinayət torətmış və Rusiya Federasiyasının hərbi  təyyarəsində gizlənib Moskvaya gəlmişsə və artıq beş ildir burada yaşayırsa – elə bunun özü onun  kimliyndən xəbər verir. Yaxşı bacarmadı, deyək ki, əkildi, qaçdı. Özü bilər. Lakin atılıb düşməsin. Amma o, burada hər şeyə burnunu soxur, orada isə ayrı-ayrı adamları şikəst edir. Nə cür şikəst edir? Adamları öz cinayətkar  fəaliyyətinə cəlb edir, terrorçuluq tapşırıqları ilə Bakıya, Azərbaycana göndərir, orada isə onları tuturlar, onlar həbsxanaya düşürlər, şübhəsiz ki, cəza alırlar. Hesab edirəm ki, o, bu insanları şikəst edir. Ola bilsin, bu adamlar nə dərəcədə onun təsiri altına düşdüklərini, bəlkə də o qədər başa düşmür, anlamırlar.
Lakin o, bu işlə məşğul olur. Əgər belə işlərlə məğul olmasaydı, bizə əsla lazım deyil, Azərbaycan onsuz daha təmizdir. Daha bir alaq otunu Azərbaycana aparmağımıza nə ehtiyac  var?
Harada olmasından – dəmir barmaqlıq arxasında və ya öz mənzilində oturmağından asılı  olmayaraq, o bizə gərək deyildir.

“Heydər Əliyev: tale  yolları”  “Azərbaycan” nəşriyyatı, 2007. səh, 541-543

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button