Hilal Məmmədov yenə saxlanıldı və buraxıldı

“Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov saxlanılıb.

Onun qardaşı Səbahəddin Məmmədov “Turan”a bildirib ki, saat 11:30-a yaxın sahə polis mükəkkili Hilalın yanına gələrək məhkum olunmuşlarla profilaktik söhbət məqsədilə onun ofisinə getməsini xahiş edib.

Sonradan Hilal evə telefon edərək “Gənclik” metro stansiyası yaxınlığındakı idarəyə aparıldığını bildirib. Mənbəyə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi həmin ərazidə yerləşir.

Eyni zamanda məlum olub ki, Masallı Rayonu Talış Mədəniyyət Mərkəzinin fəalı Fərid Abbasov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə “Turan”a “Tolışi sado” qəzetinin baş redaktoru, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov bildirib.

O güman edir ki, F.Abbasovu bu ilin qışında Ermənistana qaçmış Şahin Mirzəliyevin işi üzrə şahid ifadəsi vermək üçün aparıblar.

R.Cəlilov deyib ki, mayın 26-da onun özünü də sərhəddə saxlayıblar və prokurorluğa apararaq bu iş üzrə şahid kimi dindiriblər.

O, hüquq-mühafizə orqanlarının məcburi tədbirlərindən təəccübləndiyini bildirib. “Bizi çağıra bilərdilər və biz də gedib ifadə verərdik”, – R.Cəlilov vurğulayıb.

xural.com qeyd edir ki, 5 saatlıq saxlanılmadan sonra Hilal Məmmədovu sərbəst buraxıblar və bu haqda Hilal Məmmədovun özü facebook statusunda məlumat verib. Hilal Məmmədov facebook statusunda yazıb:

“Banditizim idarəsində dindirilməyimlə bağlı məlumat…
Bu gün (8 iyun 2017) saat 10.30 radələrində Rəfael adlı sahə müvəkkili mənə zəng edərək, 1-2 dəqəqəlik görüşməyi xahiş etdi. Bu məqsədlə də sahə müvəkkilinin evimizin yanında (Q.Qarayev pr., 51/57) yerləşən ofisinə yollandım. Sahə müvəkkili Bakı Baş Polis İdarəsində kimlərinsə mənimlə 5 dəqiqəlik söhbət etmək istədiklərini bildirdi. Maşınina oturub onunla birgə ora yola düşdük. Yolda narahat olmasınlar deyə, evə zəng edərək, 5 dəqiqəqlik Bakı Baş Polis İdarəsinə çağırılmağımı bildirdim.
Düzü, çağrıldığım binadan çıxanacən elə bilirdim ki, ora həqiqətən də Bakı Baş Polis İdarəsidir. Lakin çıxanda gözlərim qeyri-ixtiyari binanın üstündə “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi” sözlərinə sataşdı və harda olduğumu yalnız bundan sonra dəqiqliklə bildim. Düzdür, artıq tərk etdiyim binanın 5-ci mərtəbəsində məni bir neçə dəqiqə dindirmiş bir şəxsin kabinetinin qapısının üstündə Banditizm və DTCMŞ (?) rəisi sözlərini görəndə bir qədər təəccüblənmişdim…
Dindirmə zamanı mənə bu yaxınlarda Ermənistanda sığınacaq tapmış Şahin Mirzəlinin də olduğu bir şəkil göstərdilər. Şəkildə xeyli insan var idi. Onların içərisindən mənə oxşar bir nəfəri göstərib, həmin şəxsin mən olub-olmadığımı soruşdular. Dedim ki, əlbəttə, mən deyiləm! Şəkildəki digərlərinin kimliyini soruşanda isə bildirdim ki, bu adamların kimliyini elə o şəxslərin feysbuk səhifələrindəki aşkar paylaşmalarından öyrənə bilərsiniz, bunun mənə heç bir aidiyyəti və bu kimi heç bir oyunlara da alət olmaq niyyətim yoxdur!
Məni dindirən şəxs bildirdi ki, generala (?) məruzə edəndən sonra gedə bilərsiniz… Bu “məruzəetmə prosesi” nə az, nə çox, düz 5 saata yaxın vaxt çəkdi…
Doğrusu, polis səlahiyyətlilərin növbəti dəfə heç bir əsas olmadan, mənə, ailəmizə və cəmi dost-tanışlara bu qədər sıxıntı və əziyyətləri bəxş etməkdə əsas məqsədlərinin nə olduğunu anlamadım. Əlbəttə ki, bu biabırçılıq barədə daha ətraflı sorğu-müraciətimi DİN nazirinə ünvanlamaq niyyətim var…

P.S. “Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün ONA təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, səbr edərik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər (İbrahim surəsi., 12)!

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button