Hillari Klinton: “Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar hələ də həbsxanalarda saxlanılır”

  2011-12-11

ABŞ dövlət katibi Hillari Klinton 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə mesaj yayımlayıb. Onun Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatında deyilir: “1948-ci il dekabrın 10-da dünya liderləri BMT Baş Assambleyasına toplaşdılar və öz üzərlərinə öhdəlik götürdülər ki, bütün insanların haqları və əsas azadlıqları təmin olunsun. İnsan Hüquqları Bəyannaməsində əksini tapan bu öhdəliklərə görə insan dünyaya gələndən müəyyən təxirəsalınmaz hüquqlara malikdir. Dünyada sülh və ədalət, azadlıq bu hüquqların əsasını təşkil edir”.

Hillari Klinton deyib ki, hər bir ölkənin vətəndaşı öz hökumətini formalaşdırmaq, onların hüquq və azadlıqlarına təminat verən konstitusiyasını müəyyənləşdirmək hüququna malikdir: “Bu, keçid dövrünü yaşayan hər bir ölkənin insanlarına da aiddir, onlar azadlıqları və hüquqları boğmağa çalışanlara qarşı mübarizə aparıb demokratik dövlət qurmaq ümidlərini itirməməlidir. Bu il ərzində bizim universal hüquq və azadlıqlarını, sərbəst toplaşmaq, öz fikirlərini azad şəkildə ifadə edə bilmək haqlarını tələb edən insanlara qarşı şahidi olduğumuz zorakılıqlar İnsan Hüquqları Bəyannaməsində əksini tapmış dəyərlərlə dünyanın hər yerində bir çox insanların üzləşdiyi vəziyyət arasında məsafənin nə dərəcədə böyük olduğunu xatırladır. Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanır. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.

“Yeni Müsavat” qəzetinin məlumatına görə, ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Beynəlxalq İnsan Hüquqları Gününün qeyd olunduğu bir vaxtda Birləşmiş Ştatlar bir daha bu ideallara sadiq olduğunu təsdiqləyir: “Biz insan haqlarını müdafiə edən və buna görə sıxışdırılan insanların yanındayıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button