Hövsanlılar “cəzalandırıldılar”…

12.02.2012

Qəsəbə sakinlərinə rədd cavabı gəldi; aksiya keçirdiklərinə görə, rəsmi dairələr qəsəbəyə nə işıq, nə də qaz verməyəcəklər

Xəbər verdiyimiz kimi, Hövsan qəsəbəsinin sakinləri elektrik və qaz verilişinin dayandırılmasına etiraz əlaməti olaraq ard-arda iki gün aksiya keçirdilər. 2000-ə yaxın qəsəbə sakini rəsmi qurumlardan şaxtalı havada belə bir vəziyyətin yaranmasından dolayı haqlarını tələb ediblər. Hövsanlıların aksiyasının ikinci günü qəsəbəyə polis göndərilsə də, bunun bir nəticəsi olmayıb. Çünki artıq 4-cü gündür işıqsız və qazsız qalan sakinlər problemin aradan qaldırılması tələblərində israrlı olublar. Bunun ardından isə iki gün öncə yerli hakimiyyət orqanları sakinlərlə danışıq apararaq, problemi aradan qaldıracaqlarını vəd ediblər. Hövsanlıların isə qoyduları vaxt başa çatdı.

Bu gün Hövsanda vəziyyət əvvəlkitək ağır olaraq qalır. Rəsmi qurumlar problemi aradan qaldırmaq əvəzinə sakinlərə rədd cavabı veriblər. Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Hövsana hələ bir müddətdə elektrik , qaz verməyəcəklərini bildiriblər və bunu sakinlərin aksiya keçirmələri ilə əlaqələndiriblər. Qəsəbə sakinləri isə, bir gün əvvəl elektrik enerjisinin fasilələrlə verildiyini, axşama yaxın isə iki saat işığı yenidən kəsdiklərini bildiriblər. Məmurlar tərəfindən əsəblərinin tarıma çəkildiyini görən hövsanlılar qəsəbənin mərkəzinə toplaşaraq, məsələni yenidən müzakirə ediblər.  İstədikləri nəticəni əldə etmədikləri təqdirdə  Bakıya gələrək yürüş-mitinq keçmək qərarı qəbul olunub.

Aksiyanın polislər tərəfindən dağıdılmamasının əsas səbəbi isə yolların buz bağlaması və polis maşınlarının ora gələ bilməməsidir.

“Azərbaycan hamının vətənidir və məmurlar bizi o gözdə görməsələr də biz də bu dövlətin vətəndaşıyıq. Ora-bura tolerantlıq göstərib işıq-qaz paylamaqdansa, əvvəlcə bu ölkənin vətəndaşlarını təmin etsinlər» deyən qəsəbə sakini tələblərinin yerinə yetirilmədiyi müddətcə aksiyanı davam etdirəcəklərini və onun miqyasını  genişləndirəcəklərini bildiriblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button