“Hüdudsuz hakimiyyət korrupsiyanı və cəzasızlığı stimullaşdırır”

Əli Əliyev

Əli Əliyev

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri 

“Hüdudsuz hakimiyyət korrupsiyanı və cəzasızlığı stimullaşdırır”

Bu gün Sürixdə FİFA-nın prezidenti postuna seçkilər keçiriləcək. Uzun müddətdir “”dəhlizlərində” kriminal qalmaqallar baş verən ümümdünya təsisatı, yeni mərhələyə qədəm qoymalıdır.

FİFA öz əhatəsinə görə dünyanın ən təmsilçili qurumu sayılır. Üzvlərinin sayına görə FİFA, hətta BMT-dən geniş areala malikdir. İlk korrupsiya qalmaqalları hələ keçmiş prezident braziliyalı Joao Avelanjın dövrünə təsadüf edirdi. Avelanj və kürəkəni Rikardo Teyşeyra 24 illik idarəçilik dönəmində, müxtəlif xarakterli qanun pozuntularına cəlb olunduqları barədə məlumatlar yayılmağa başlamışdı.

Avelanjın avtoritetini və dünya düzəninin reallıqlarını nəzərə alaraq, dünya ictimai rəyi o vaxt bunu sakitcə “həzm etmişdi”. Bütün ittihamlara rəğmən, Avelanj FİFA-da hakimiyyəti özünün “sağ əli” Yozef  Blatterə ötürə bilmişdi.

1998-ci ildən FİFA-da yeni mərhələ başlasa da, əvvəlki korrupsiya sxemləri işləməkdə davam edirdi. Bu prosesdə son damla, Rusiya və Qətərdə keçiriləcək dünya birinciliklərinin seçimi odu. Məhz bu seçimlərdən sonra ABŞ-ın FTB-su İsveçrənin Vergi qurumları ilə birlikdə, FİFA -da baş verən dələduzluq faktların rəsmi qaydada araşdırmağa qoşuldu.

Tədqiqatın ilk hədəfi FİFA İcraiyyə komitəsinin üzvü Çarlz Bleyzer oldu. 18 000 maaş alan futbol məmurunun 6 minlik pişikləri üçün icarələdiyi ev və maaşına adekvat olmayan həyat tərzi tədqiqatçıların nəzərindən qaçmayıb. Bleyzerin faş edilməsindən sonra onun köməkliyi ilə daha 11 nəfər İcaraiyyə komitəsinin üzvü istintaqa və həbsə cəlb ediliblər.

Bu beynəlxalq qalmaqalın son “qurbanları” preizdent Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini oldu. Bu şəxslərin hər ikisi ictimai təzyiqin altında vəzifələrindən kənarlaşdırıldı və futbolla məşğul olma tabusu tətbiq edildi.

Bu gün keçirilən Sürix toplantısında seçilən prezidentin fəaliyyət müddəti 2 dördillik idarəçilik maksimumu ilə hüdudlanacaq. FİFA daxilində cərəyan edən hadisələr çox ilginc və ibrətamizdir. Detallı yazmaq imkan xaricində olsa da, gəlinən nəticələri ümumiləşdirmək istərdim:

  • Göründüyündə korrupsiya, YAP-çıların iddia etdiyi kimi, dünya mərəzidir, beynəlmiləldir və insan xisləti ilə bağlıdır;
  • misaldan anlaşılan odur ki, korrupsiyanın olmasına rəğmən, onu güdən, izləyən və cəzalandıran institutların mövcudluğu və effektiv fəaliyyəti mühüm şərtlərdəndir;
  • 24 və 17 illik Avelanj və Blatter eraları korrupsiyanın şəbəkələnməsinə səbəb olduğundan hakimiyyət ömrünün məhdud olmasının vacibliyi, futbol ictimaiyyətinə nizamnamə dəyişikliyinə qərarı zəruri edib. Yəni hüdudsuz hakimiyyət korrupsiyanı və cəzasızlığı stimullaşdırır;
  • Bleyzerin nümunəsində, kiçicik bir məişət uyğunsuzluğunun hansı miqyasda korrupsiya əməllərini aça bilməsi bütün hüquq-mühafizə və fisqal orqanlar üçün parlaq nümunədir;
  • beynəlxalq tədqiqatın aparılması və transmilli korrupsiya maşınının sındırılmasının ABŞ tərəfindən icra edilməsi nümunəsi də diqqət çəkəndir.

FİFA olayları bizim Dövlət üçün də nümunəvidir. Nəzərə alsaq ki, qurumun rəhbərlərindən biri sayılan Platininin AFFA rəhbərliyi ilə yaxşı münasibətlərdə olması, Azərbaycanın Avropa birinciliyinə ev sahibliyi hüququ əldə etməsi kimi faktlar mövcuddur, o zaman müəyyən suallar yaranır. Lakin belə beynəlmiləl qalmaqalda adımızın çəkilməməsi müsbət haldır.

Yaxud ictimai qaydada aşkarlanan miqyaslı yeyintilər və oğurluqlar barədə məlumatlar ətrafında tədqiqat aparılmaması, günahların ört-basdır edilməsi Azərbaycanda aidiyyatlı orqanların və yaxud hakimiyyətin susması, müəyyən şübhələrə yol açmaya bilmir. İstəməzdim ki, bizim korrupsionerlər FİFA-dakı kimi, FTB və yaxud başqa dövlətin orqanları vasitəsilə araşdırılsınlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button