Hüquq müdafəçisinin məhkəməsinə ictimai fəallar buraxılmayıb

Zala daxil olanlara polislər nəzarət edib

Mayın 26-da Göyçay Rayon Məhkəməsində Fərhad Əfəndiyevin sədrliyi ilə hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi başlayıb. O, xuliqanlıqda ittiham olunur.
Proses yarıqapalı rejimdə keçirilib, məhkəməyə yalnız təqsirləndirilən şəxsin doğmaları qatılıb. Yerli fəallar məhkəmə zalına buraxılmayıblar. Zala daxil olanlara isə məhkəmə icraçıları yox, polis əməkdaşları nəzarət ediblər. Bu barədə Turan-a T.Xasməmmədov bildirib.
Məhkəmə iclasında beş zərərçəkən çıxış edib – bir mülki şəxs və dörd nəfər polis işçisi. Yol polisinin iki əməkdaşı isə şahid qismində dəvət edilib.
İstintaqın versiyasına görə, fevralın 24-də T.Xasməmmədov Göyçayda mebel mağazasının yaxınlığında zərəçəkənlərə qarşı xuluqanlıq hərəkətləri törədib, hətta güc tətbiq edib.
Zərərçəkənlər və iki şahid polis bu versiyanı dəstəkləyiblər. Mülki şəxs isə T.Xasməmmədovun əleyhinə ifadə verməyib.
T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova da şahid kimi dindirilib.
T.Xasməmmədovun vəkili yoxdur, hüquqlarını özü müdafiə edir.
O,  növbəti məhkəmə iclasında mebel mağazasının yanında qurulmuş video-müşahidə kamerasından qeydlərə baxılması və zərərçəkənlərin müayinə olunması üün tibbi ekspertizanın rəyin təqdim olunması barədə vəsatət qaldırıb. Hakim vəsatətləri təmin edib. Eyni zamanda məhkəməyə müdafiə tərəfinin əlavə şahidlərinin çağırılması barədə vəsatəti baxılmamış saxlayıb.
Növbəti məhkəmə iclası 2 iyun saat 15:00-a təyin edilib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev hesab edir ki, prosesə ictimaiyyət nümayəndələrinin buraxılmaması qanunun və ədalət mühakiməsinin şəffaflığının pozulmasıdır.
O, “Turan ia”-ın müxbiri ilə söhbətində bildirib ki, məhkəmə prosesi ictimaiyyət üçün qapadılıb ki, cinayət işinin saxtalaşdırılması gizlədilsin. O.Gülalıyev hesab edir ki, T.Xasməmmədov siyasi motivlərlə təqib olunur.
T.Xasməmmədov CM-in   221.2.2-ci maddəsi (hakimiyyət  nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə ittiham olunur. Bu maddə iki il müddətinədək icbari iş kimi cəzanı və ya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
T.Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. Mağazadan çıxarkən bir naməluş şəxs ona yaxınlaşıb üzünə tüpürüb. Sonra həmin adam  yerə yıxılıb və özünü elə aparıb ki, guya T.Xasməmmədov onu döyür.
Fevralın 26-da Göyçay rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
T.Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və Facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə tanınır. Bundan öncə də hüquq-müdafiə fəaliyyətinə görə  mühakimə edilib, lakin iki il əvvəl əfv olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button