Hüquq müdafiəçisinin məhkəməsi müəmmalı şəkildə uzadılır
“İyunun 2-də saat 15:00-da hüquq müdafiəçisi, vicdan məhbusu Taleh Xasməmmədovun məhkəməsi olmalı idi. Məhkəmədə iştirak etmək üçün Talehin qohumları, dostları, jurnalistlər Göyçay Rayon Məhkəməsinin qarşısına toplaşmışdırlar. “Zərərçəkmiş” Zahir və digər “zərərçəkmişlər” də orada idilər. Məhkəmə iclasını keçirmək üçün hər bir şərait və imkan olsa da, hakim Fərhad Əfəndiyev heç bir səbəb gətirmədən məhkəmənin təxirə salındığını bildirdi”.
Bu barədə müsavat.com-a Taleh Xasməmmədovun yaxınları məlumat verdilər. Onlar bildirdilər ki, növbəti məhkəmə iclası iyun ayının 16-a təyin edilib: “Çox çalışsaq da məhkəmənin saat neçəyə təyin edilməsini öyrənə bilmədik. Hakimin prosesi bu şəkildə yubatması ölkəmizin və hakimiyyətin nüfuzuna ziyanı olan bir addım kimi qiymətləndirilməlidir. Çünki günahsız və sifarışli həbs olunanlar Avropa Oyunlarına qədər azad edilməsələr, ölkəmiz beynəlxalq təşkilatlarının haqlı olaraq ciddi qinağına tuş gələcək. Biz dövlətimizin adına xələl gəlməsini istəmirik”.