Hüquq müdafiəçisi prokurorluqda dindirilib

Yanvarın 15-də “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd prokurorluqda olub. Bu barədə hüquq müdafiəçisi özü “yukselis.info”ya məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb və istintaq idarəsinin rəis müavini Vüqar Nəsibov tərəfindən 2 saat dindirilib.

Elçin Məmmədə bildirilib ki, 2014-cü ildə QHT-lərə qarşı açılmış cinayət işinin istintaqı davam edir və bəzi QHT-lərin fəaliyyəti yenidən araşdırılır. Hüquq müdafiəçisindən rəhbərlik etdiyi QHT və qəzetin fəaliyyəti barədə soruşulub. Elçin Məmməd indiyə qədər həyata keçirilən layihələrdən və bu istiqamətdə görülən işlərdən danışıb. Hüquq müdafiəçisindən istintaq sirrini yaymamaq barədə iltizama imza atdırılıb və yenidən idarəyə çağıralacağı bildirilib. Elçin Məmməd hesab edir ki, bütün bunlar vətəndaş cəmiyyətinə, müstəqil mediaya qarşı təzyiqlərin yeni dalğasıdır və bu il keçiriləcək prezident seçkilərinə hesablanmış oyundur.

Qeyd edək ki, 2013-cü ildən bəri Azərbaycanda siyasi hakimiyyətin QHT-lər üzərindəki basqıları və qanunlara edilən mürtəce dəyişikliklər vətəndaş cəmiyyətini iflic edib. Xaricdən qrant almaq imkanları məhdudlaşdırırlıb və QHT-lərin donor təşkilatlarla əlaqələr kəsilib. Xatırladaq ki, 2014-cü ildə QHT-lərə qarşı başlanan cinayət işinə görə bir sıra QHT rəhbəri ölkəni tərk etməyə məcbur olmuşdu. Xeyli sayda QHT rəhbəri dəfələrlə prokurorluq və polis orqanlarında dindirilmişdi. Bir neçə QHT sədri o vaxtı bu cinayət işi ilə əlaqədar həbs edilmişdi.(yukselis.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button