Hüquq-müdafiəçisini şərləmək istəyirlər – FOTOLAR

Elçin Məmməd: “Sifarişlə ittiham yazdıranlar özləri mənim vətəndaşlara hüquqi yardım göstərdiyimi etiraf ediblər.”

Azərbaycan hakimiyyəti hüquq-müdafiəçilərinə qarşı siyasi təzyiqlərdən əl çəkmək istəmir. Nümayəndəlik institutunun ləğvinə qərar verən YAP rejimi qeyri-hökumət təşkilatlarına qarşı qondarma ittihamlarla cəza mexanizlərini yenə işə salıb. Xəbər verildiyi kimi, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, “Yüksəliş naminə” qəzetinin baş edaktoru Elçin Məmməd yanvarın 15-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə  çağırılıb. Hüquq-müdafiəçisi idarəınin rəis müavini Vüqar Nəsibov tərəfindən 2014-cü ildə QHT-lərə qarşı başlanılmış cinayət işinin davamı prosesi üzrə yenidən dindirilib. Bu, hakimiyyətin Azərbaycanda 150-dən artıq siyasi məbusun olmasına baxmayaraq, vətəndaş cəmiyyətinə qarşı repressiv tədbirlərə son qoymaq istəmədiyini göstərir. Lakin hüquq-mühafizə orqanlarının əlində heç bir ciddi arqument olmadığından Elçin Məmmədə yönəlik ittihamlar da əsassız qalıb. Ona görə də hakimiyyət siyasi ənənəsinə uyğun olaraq, QHT rəhbərini şərləmək üsulundan istifadə etmək qərarına gəlib.

Elçin Məmmədə qarşı bu dəfə başqa taktikaya əl atılıb. Özünü Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbə sakini təqdim edən Əmiraslanova Aygün Baba qızının adından vergilər naziri Mikayıl Cabbarova ərizə ilə müraciət olunub. Müraciətdə qeyd edilir ki, Elçin Məmməd məhkəmələrdə vətəndaşların hüquqlarını qoruyaraq, onlara nümayəndə qismində hüquqi yardım göstərir.

“Elçin Məmmədin bu fəaliyyətlə bağlı şəxsi VÖENİ yoxdur, O, işçilərlə əmək müaviləsi bağlamadan fəaliyyət göstərir və dövlətə vergi verməkdən yayınır. O, tək Sumqayıt şəhərində deyil, Bakıda da ona müraciət edən vətəndaşların hüquqlarını qoruyur. O, dəfələrlə prezidentə və Mehriban xanıma, eləcə də dövlətə qarşı əxlaqsız, kəskin təhqiredici ifadələrlə KİV-də məlumatlar paylayır. Xahiş edirəm, AXC Partiyasının fəal üzvü Elçin Məmməd Məmməd oğlunun bütün fəaliyyəti hərtərəfli araşdırılsın və qanunsuz bütün fəaliyyətləri nəzərə alınaraq barəsində qanuni tədbir görülsün.” – deyə “fədakar” vətəndaş ərizəsində qeyd edib.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Elçin Məmməd sözügedən şikayət ərizəsinin qondarma olduğunu və hakimiyyət orqanlarının göstərişi ilə hazırlandığını dedi: “İlk növbədə onu bəyan etmək istəyirəm ki, bütün bu iddialar əsassızdır və məni həbs etmək üçün saxta ittiham aktı hazırlamaq məqsədi daşıyır. Ancaq bunun kifayət qədər savadsız hazırlandığı açıq görünür. Təsəvvür edin, bunlar mənim fəaliyyətimin qanunsuz olduğunu göstərmək istədikləri halda, özləri də fərqinə varmadan, məhkəmələrdə vətəndaşlara hüquqi yardım göstərdiyimi etiraf ediblər. Yəni ərizədən də açıq görünür ki, hüquq müdafiəçisi kimi fəaliyyətimdən narahatdırlar. Mən də bir daha bildirmək istəyirəm ki, həqiqətən də vətəndaşlara məhkəmə proseslərində nümayəndə kimi hüquqi yardım  göstərmişəm və burada qanunsuz heç nə yoxdur. Bunun üçün vəkillər kollegiyasının üzvü və ya hüquqşünas olmaq da lazım deyil. Bu qondarma ittihamı hazırlatdıran və Azərbaycan hüquq-mühafizə sistemini idarə edən adamlar görün necə savadsızdırlar ki, hələ hələ hüquq-müdafiəçisi anlayışının mahiyyətini anlamırlar. Elə bilirlər ki, hüquq-müdafiəçisi olmaq və ya vətəndaşlara hüquqi-maarifləndirici yardım göstərmək üçün ixtisasca mütləq hüquqşünas və vəkil olmaq lazımdır. Onların bu düşüncəsi sadəcə gülüş doğurur. O ki qaldı mənim vergidən yayınmam barəsində uydurma  iddialara, deməliyəm ki, mən nümayəndə kimi göstərdiyim hüquqi yardım müqabilində  hər hansı maddi gəlir əldə etmirəm ki, vergi də ödəyim. Yəni biz ictimai təşkilat olaraq, vətəndaşlara  könüllü  hüquqi yardım göstəririk.”

Elçin Məmməd onu da əlavə edib ki, əvvəllər vətəndaşlara hüquqi yardım və insan hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdikləri layihələr üçün beynəlxalq təşkilatlardan qrant alıb və müvafiq orqanlara vaxtında da hesabatlar təqdim edib.

“Mənim fəaliyyətimə bələd olanlar yaxşı bilirlər ki, “Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi İctimai Birlyi qrant aldığı əvvəlki illərdə heç vaxt vergidən yayınmayıb və QHT-nin VÖEN hesabı da mövcud olub. QHT qanunvericiliyinə dəyişiklər ediləndən dən sonra xaricdən qrant almamışıq, ancaq bizə müraciət edən şəxslərə könüllü qaydada hüquqi xidmətlərimizi göstərməkdə davam edirik. Digər ittihamlara gəlincə, mən AXCP-nin üzvü deyiləm və müstəqil ictimai fəaliyyətlə məşğulam. Həmin partiyanın üzvü olsaydım, ancaq bununla fəxr edə bilərdim. Azərbaycanın müstəqillik qazanmasında əvəzedilməz xidmətləri olmuş belə bir quruma üzv olmaq yalnız şərəf gətirə bilər. Bu qondarma, mənasız ittihamı sifarişlə yazdıranlar onu da anlasınlar ki, vergilər nazirinin vəzifəsi siyasi partiya üzvlərini cəzalandırmaqdan ibarət deyil. Fəaliyyətim müddətində mediada nə Azərbaycan prezidentinin, nə də birinci vitse-prezident xanım Mehriban Əliyevanın ünvanına hər hansı təhqiredici ifadələr işlətməmişəm. Sadəcəc olaraq, görünür, azadlıqda qalan nadir sayda müstəqil hüquq-müdafiəçilərindən biri kimi məni susdurmaq və həbs etmək üçün digər QHT rəhbərlərinə, jurnalistlərə tətbiq edilən üsullardan istifadə etmək istəyirlər. Mənə qarşı  vergidən yayınmaq bəhanəsi ilə yalançı ittiham düzəltmək istəyirlər ki, bunun üçün də ciddi əsas tapa bilmirlər.” – deyə hüquq müdafiəçisi bildirib.(yukselis.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button