Hüseyn Abdullayev: “Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm?”

HAbdullayev27.06.2013

“Oğuz eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev vergidən yayınmaq ittihamı ilə barəsində başladılan cinayət işinə və axtarışa verilməsinə münasibət bildirib. Musavat.com-a açıqlama verən keçmiş deputat deyib ki, bu cinayət işi qondarma, saxta bir işdir: “Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram.

Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə biznes fəaliyyətim”.

H.Abdullayev bildirib ki, bütün bunlar onun yaradıcılığı və mövqeyi ilə bağlıdır: “Hər şey “Susma” əsərindən sonra baş verdi. Ona qədər də hakimiyyətdən mənə qarşı basqı var idi. Amma “Susma”dan sonra əsəbilərinə hakim kəsilə bilmədilər. Mən o əsərlə xalqımı haqsızlığa, ədalətsizliyə çağırmışam. Öz taleyinə biganə olmamaq çağırışı etmişəm. Bunlar isə məni xalqımla eyni mövqedə olduğum üçün qondarma ittihamlarla axtarışa veriblər. Məni axtarmağa və tapmağa nə var ki. Mənim yerim Azərbaycan xalqının ürəyidir… Mən millətimin ürəyindəyəm, millətim də mənim qəlbimdədir. Öz ölkəmdə xalqımı sevdiyimə görə mənim barəmdə cinayət işi açıblar. Məgər xalqı, vətəni sevmək cinayət əməlidir?!”

Hüseyn Abdullayev onun barəsində son vaxtlar bəzi saytlarda gedən yazılara da münasibət bildirdi: “Barəmdə açılan cinayət işi kimi, o müsahibələr də sifarişdir. Məni təxribata çəkib danışdırmaq istəyirlər. Mən onların istədiyi vaxtda yox, öz istədiyim vaxtda danışacam. Səviyyəsiz və sifarişlə yaşayan adamlara cavab vermək istəməzdim. Hər şeyin zamanı var…”

Aşağıda haqqında danışılan klipi təqdim edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button