Hüseyn Abdullayevdən şok müsahibə: “Heydər Əliyev oğlu İlhamdan fərqli olaraq təəssübümü hər itə-qurda vermədi”

“Səni nə vaxt və hansı qiymətə satacağını bəlli etməyənlərə yaxın dost deyilir.”

Hüseyn Abdullayev

 

Hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayevə cəmiyyəti maraqlandıran suallarla müraciət etdik və özü ilə bağlı Azərbaycan cəmiyyətində qaranlıq qalan bir sıra məsələlərə aydınlıq gətirməsini xahiş etdik. Budur, Hüseyn Abdullayev həmin suallara cavablarını göndərib və biz bu sensasion müsahibəni olduğu kimi dəyərli xural.com Oxucularının diqqətinə təqdim edirik.

1991-ci ildən 2003-cü ilə qədər Heydər Əliyevə göstərdiyim dəstəyimi inkar etmirəm 

Xoş gördük Sizi. Necəsiniz, işləriniz necədir? Qürbət həyatının acısına necə, alışa bilirsinizmi?

Çox sağ olun Əvəz bəy, pis deyiləm. Şükürlər olsun, qürbətdəki həyat nə qədər acı da olsa, bir təhər alışıram.

Hüseyn bəy, mən sizin media ilə olan bağlarınızın soyuq və məsafəli olduğunu bilirəm. Və bu müsahibəyə razılıq verməyinizdən hiss edirəm ki, söhbətimiz maraqlı və uzun olacaq. Ona görə də birbaşa suallara keçək. Axı necə oldu ki, bir vaxtlar Heydər Əliyevin ən yaxın adamlarından biri sayılan, uzun illər ona dəstək verən, hətta onun hakimiyyətini qorumaqdan ötrü qeyri-leqal hərbi birləşmələr yaratmaqda adı keçən Hüseyn Abdullayev, bu cür xoşaqəlməz təqiblərə və ağır çətinliklərə məruz qaldı? Lap açığını deyim, çox adam hələ də başa düşmür ki, mövcud iqtidarla sizin aranızda olan konfliktin səbəbləri nədir? Yəni nə oldu ki, bir vaxtlar İlham Əliyevlə də isti münasibətləri olan və onunla birgə işlər görüb milyonlar qazanan adam, dönüb hakimiyyətin qatı düşməninə çevrildi?

Əvvəla, onu bildirim ki, zaman-zaman səslənən və sizin də indi qeyd etdiyiniz o “hərbi birləşmələr” yaratmaq iddiası tamamilə yalan və heç bir əsası olmayan böhtandır. Hakimiyyətin, bəzən də bəzi düşük müxalifət funksionerlərinin bu cür şayiə yayması, mənim timsalımda cinayətkar obrazı yaratmağa və gələcək siyasi fəliyyətimə kölgə salmağa hesablanıb. Lakin Naxçıvandan başlayaraq,1991-ci ildən 2003-cü ilə qədər mərhum Heydər Əliyevə göstərdiyim dəstəyimi inkar etmirəm.

…o böyük pulları qazanmasaydım, Heydər Əliyevə kömək etməyim də mümkün olmayacaqdı

Əgər sirr deyilsə, söhbətin hansı dəstəkdən getdiyini deyə bilərsinizmi? 

– Hesab etmirəm ki, bunu bütün detallları ilə sadalamaq etik baxımından düz olsun. Amma onun şəxsi xahişlərinin, eləcə də bir çox ehtiyaclarının təmin edilməsində köməyim olub. Və siz nəzərə alsanız ki, o illərdə, yəni 1991-1995-ci illərdə Azərbaycanın dövlət büdcəsi yox səviyyəsində idi və dövlət təşkilatları öz əməkdaşlarının maaşını belə verməkdə çətinlik çəkirdi, o zaman ona göstərdiyim yardımın nə qədər önəmli və necə əhəmiyyətli olduğunu anlayarsınız. Burada onu da qeyd etməliyəm ki, həmin vaxtlar dövlət başçısı Heydər Əliyev deyil, başqası da olsaydı, mən onu da dəstəkləyər, ona da yardım edərdim.

Niyə? 

Çünki həmin ərəfədə ölkə tam bir xaosa sürüklənmiş, dövlətçiliyimiz tamamilə dağılmaq və yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Kimin əlinin kimin cibində olduğunu da heç kim anlamırdı. Məhz bu baxımdan, eyni zamanda Azərbaycandakı nəzarətdən çıxmış sabitliyin bərpa edilməsi baxımından, Heydər Əliyevə inanıb dəstək vermişəm. Buna görə məni qınayan qınasın, tənqid etmək istəyən də tənqid etsin. Mən o vaxt doğru bildiyim addımı atmışam. İndi isə keçək bu hakimiyyətin vaxtında “milyonlar qazanıb” məsələsinə. Deməli, mən özüm də şahid olmuşam ki, sosial mediadakı bəzi mikroblar və mənim keçmişimdən qəti xəbəri olmayanlar “Hüseyn özünü demokrat kimi göstərmək istəyir, məgər o da bir vaxtlar korrupsiyaya bulaşıb bu hakimiyyətin hesabına milyonlar qazanan deyildimi?..” deyib, sərsəm şərhlər yazır, açıqlamalar verirlər. Bu müsahibədən istifadə edib, o yazıqlara ərz edim ki, mənim ilk dəfə biznes fəliyyətinə başlamağım Heydər Əliyevin hələ hakimiyyətə gəlmədiyi, yənı 1988-ci illərə təsadüf edir. Və qazandığım əsas gəlirlərim Ukrayna və Rusiyadakı əlvan və qara metal biznesindən əldə edilib. Təəssüflər olsun ki, iqtidardakı bəzi başı boş axmaqlara da hələ çatmır ki, həmin vaxtlar o böyük pulları qazanmasaydım, Heydər Əliyevə kömək etməyim də mümkün olmayacaqdı.

 

İlqar Məmmədova rəğbət və hörmət bəsləyirəm

 

– Bəs sizin Azərbaycandakı müxalifət liderlərinə münasibətiniz necədir? Onlardan hər hansı biri ilə dostluğunuz, ya da yaxınlığınız varmı? 

– Xeyr, heç biri ilə nə dostluğum, nə də ki, bir yaxınlığım var. Sadəcə həbsdə yatan ReAL Hərəkatının lideri İlqar Məmmədova rəğbət və hörmət bəsləyirəm. Lakin onun “silahdaşları” haqqında eyni fikirdə deyiləm.

Hüseyn bəy, yəqin bilməmiş deyilsiniz ki, Eynulla Fətullayev “Xural”ın proyekti kimi tanınan “Qaynar Qazan”ın qonağı olarkən, sizi hakimiyyətin oyun qaydalarını ciddi şəkildə pozmaqda ittiham edib. Bu haqda nə deyə bilərsiniz? 

– Etiraf edim ki, o “adama” qarşı hədsiz dərəcədə allergiyam olsa da, həmin açıqlamasına görə ona təşəkkür edirəm.

Nə üçün? 

Çünki bu hərif özü də fərqində olmadan dolayı yolla da olsa, rejimin mənim qarşımda qoyduğu şərtləri qəbul etmədiyimi və ciddi şəkildə etiraz etdiyimi təsdiq edib.

Rejimin alçaldıcı şərtlərini qəbul etmədim

O şərtləri bizə açıqlaya bilərsinizmi? 

– Bəli, düşünürəm ki, hamı bunu bilməlidir. Və mən bunu etdikdə, siz də hakimiyyətlə aramda olan konfliktin hansı səbəblərdən olduğunu anlayacaqsınız. Bu rejimin mahiyyəti əslində, indi sadalayacağım prinsiplərdən ibarətdir. Deməli, həmin mənzərəyə yaxşı-yaxşı diqqət edin. “Biz sənə də bir neçə malın monopoliyasını verək, sən də parlamentdə otur və heç nəyə qarışma”. Bizə yaxın olan bəzi harınlamış nazirlərin və bütövlükdə Nazirlər Kabinetinin fəliyyətini tənqid etmə. Öz burnunun dibində Hacı Məmmədov kimi qanqsteri, yəni başkəsəni görməzdən gələn Daxili İşlər naziri Ramil Usubovun gəlib parlamentdə hesabat verməsini tələb etmə. Halbuki Milli Məclisdə “Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyası”nın üzvü kimi, bunu tələb etmək birbaşa mənim vəzifə borcum idi. Qanunverici orqan olan parlamentin qəbul etdiyi qanunlara, xüsusi bir nəzarətetmə mexanizminin yaradılmasını tələb etmə.

Millət vəkili seçildiyim Nizami rayon sakinlərini narahat edən heç bir problemi qaldırma və ümumiyyətlə, gündəmə gətirmə. Və digər deyə bilmədiyim şeylər. Şübhəsiz ki, mən bütün bu alçaldıcı şərtləri qəbul edə bilməzdim və etmədim də. Çünki mənim təbiətimdə

ölmək var, amma sınmaq yoxdur. Bu keyfiyyəti mənə bəxş edən valideynlərimə, xüsusilə Atama sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. O Atama ki, hakimiyyətin mənə qarşı yönəltdiyi qeyri-insani və heç cür qəbuledilməz təqiblərin qurbanı oldu.

 

İlham Əliyev Əli Əsədovu yanıma göndərmişdi

Əvəz bəy, sizə deyim ki, mən Heydər Əliyevin vaxtında da müxtəlif haqsızlıqlarla qarşılaşmışam. Amma bu cür çirkin və müqayisə edilməyəcək dərəcədə yox. O, tamamilə fərqli və başqa insan idi. Siz baxmayın onun yüksək kürsülərdəki çıxışlarına və vahiməli təəssürat bağışlamasına. Həyatda olduqca fərqli və çox mehriban idi. Allah ona rəhmət eləsin. Ömrünün sonuna kimi ona etdiklərimi unutmadı və oğlu İlhamdan fərqli olaraq, təəssübümü hər yoldan keçən itə-qurda verib, atamın ölümünə səbəb olmadı. Yaxşı, bu iqtidarın vaxtında pul qazanmışam deyə, İham Əliyev mənim mövqeyimə, ya da açıq fikir deməyimə hörmətsizlikmi etməlidir? Hökümətin yarıtmaz fəaliyyətini tənqid etmişəm deyə, üstümə 30 nəfər yaramazı və anasının əmcəyini kəsən quldurları salıb həbs etdirməliydimi? Doğrudur, mən həbsdən çıxandan sonra o, öz peşmançılığını bildirməkdən ötrü yanıma adam göndərdi. Lakin nə fayda? Artıq iş işdən keçmiş, qəlbim qırılmışdı.

Göndərilən adamın kim oldugunu deyə bilərsinizmi? 

– Bəli. O vaxt prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışan Əli Əsədov idi. Onu göndərmişdi. Əli Əsədovla Bayılda yerləşən “Rivyera” restoranında görüşdük.

 

İlham Əliyev xəbər göndərdi: “Onu alçaqcasına vurdular!”

– Sirr deyilsə, onunla olan söhbətin məzmunu nəydi?

– Əsədov mənə İlham Əliyevin fikirlərini çatdıraraq (həm də rusca) bunları bildirdi “Али, передай дословно мои слова Гусейну и cкажи что, его подло подставли. Я никогда не забуду его заслуги перед моим отцом. Я не хотель этого ареста” (Redaktordan tərcümə: Əli, mənim sözlərimi olduğu kimi Hüseynə çatdır və de ki, onu alçaqcasına vurdular. Mən heç bir zaman onun atama etdiyi yaxşılıqları unutmaram. Mən onun həbs edilməsini istəməzdim).

Sizcə prezident kimləri nəzərdə tuturdu? 

– Həmin ərəfədə Ramil Usubov-Ramiz Mehdiyev kopellasına qoşulmuş, beləliklə də məndən öz acıqlarını almaq istəyən Bəylər Əyyubov və Kəmaləddin Heydərovu.

– Maraqlıdır, bunlar nəyin heyfini almaq istəyiblər? 

– Ramil Usubovla Ramiz Mehdiyevi başa düşürdüm. Çünki Ramil Usubovun fəaliyyətini tənqid etməyimə və Daxili İşlər Nazirliyində baş vermiş qaranlıq məqamlara aydınlıq gətirməsini tələb etməyimə görə. Amma Bəylərlə Kəmaləddini bu günə kimi anlaya bilmirəm.

…Bəylər dönüb naxələf çıxdı

– Nəyə görə?

– Ona görə ki, illər boyu yanımdan çəkilməyən və ən böyük problemlərini məhz mənim vasitəmlə həll edən, ən acınacaqlısı odur ki, Heydər Əliyevin yolunda necə can qoyduğumun canlı şahidi olan Bəylər, dönüb naxələf çıxdı. Bir vaxtlar bir evli kimi olduğum Kəmaləddinə gəldikdə isə, yəqin o, keçmişdə aramızda olan mübahisələrin heyfini alırmış. Görünür, belə şeyləri gördüyümdən, mənim fəlsəfəmdə bu düşüncə özünə yer edib: “Səni nə vaxt və hansı qiymətə satacağını bəlli etməyənlərə yaxın dost deyilir.”

– Sizi anlayıram. Yaxşı, bəs ötən yüzilin 90-cı illərinin əvvəllərində sizin şirkətinizdə işləyən və gecə-gündüz öz ailələrinə çörək aparan, sonradan məhz sizin məsləhət və təklifinizlə ən yüksək postlara təyin edilən adamlar haqqında nə deyərdiniz? Çox maraqlıdır, onlar sizin ən çətin günlərinizdə özlərini necə göstərdilər?

– Əvəz bəy, siz məni bağışlayın, amma məni satmaqdan ötrü növbəyə durmuş həmin o siyasi fahişələrlə bağlı kifayət qədər fikir bildirmişəm. Əlavə nəsə deməyə ehtiyac yoxdur.

– İcazə verin, indi də Bakıdakı mülklərinizlə bağlı sual verim. Nə yerdədir o işlər, bununla bağlı nəsə demək istəyirsinizmi? 

Bəli. Deməli, hər kəsə məlumdur ki, İlham Əliyev rejimi mənə və ailəmə aid olan mülklərə əl qoyub. Bəzilərini isə barbarcasına uçurub. Və bunu etməklə guya nəyəsə nail olublar. Fürsət düşmüşkən, onlara bir daha bildirim ki, siz özünüzü nə qədər cırsanız da, dagıtsanız da o yerlər mənim halal və şəxsi mülkiyyətimdir. İnşallah, bir gün Vətənimə, azad və demokratik dəyərlərlə idarə olunan Azərbaycana dönərəm və bütün mənə aid olan mülklərimi qaytararam. Özü də artıqlaması ilə. Bunu qulağınıza sırğa edin.

“Qurban olum Azərbaycan”ı yazan adam Azərbaycan üçün darıxmazmı?

 

– Zənnimcə bir qədər də şəxsi həyatınızla baglı sual verməyin vaxtıdır. Harada doğulmusunuz, hansı məktəbi bitirmisiniz və hansı ali təhsili almısınız?

– 1967-ci il may ayının 25-də Culfa şəhərində doğulmuşam. Orta təhsilimi 38 saylı Culfa şəhər Dəmiryol Məktəbində almışam. Eyni zamanda həmin şəhərin musiqi məktəbində təhsil almış, əsgərlik xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeyster vəzifəsində çalışmışam. İxtisasça hüquqşünasam. Bakı Dövlət Unverstetinin hüquq fakultəsini bitirmişəm.

– Çox gözəl, mən heç bunların çoxunu bilmirdim. Düzünü deyin, Hüseyn bəy, hərdən heç darıxırsınız? Ürəyiniz öz evinizi, ya da doğma torpağınızı görmək istəyirmi? Bildiyimə görə Almaniyadakı şəraitiniz heç də pis deyil. Avropada da biznesiniz gedir.

– Elədirsə, mən də belə bir sual verirəm, Əvəz bəy, sən gərək ki, Azərbaycan hakimiyyətinin məni absurd və qətiyyən hüquqi əsası olmayan ittihamlarla İnterpola verməsini xatırlayırsan?

– Əlbəttə, xatırlayıram. 

– Bax o zaman Almaniya dövlətinin mənim hüquqlarımın bərpa etməsini və məsələnin tam ədalətli şəkildə araşdırılmasında kömək göstərməsini həyatım boyu unutmaram. Və alman xalqına olan sevgim də sonsuzdur. Amma mən bura aid deyiləm axı. Əlbəttə, darıxıram. Sözsüz ki, üzülürəm. Sən necə fikirləşirsən, 20-25 il ərzində “Mənim Ölkəm”, “Qurban olum Azərbaycan”, “Torpağın səsi”, “Oguz Eli” və digər musiqi əsərlərini yazan adam qürbət eldə darıxmazmı? Nahaq yerə deməmişlər: “Bülbülü qatmışlar qızıl qəfəsə, o yenə də Vətənim-Vətənim demiş”.

Zülfiyyə Xanbabayeva, Röya və boynuyoğun nazirlər


İndi isə gəlin bir az da sənət aləmindən danışaq. Artıq heç kimə sirr deyil ki, Azərbaycanın ən populyar müğənniləri sizin mahnılarla zirvəyə qalxıb, çoxlu pullar qazanıblar. Məni çox düşündürür, görəsən, onlar sizin dar gününüzdə hansı mövqeni tutdular?

Bircə Zülfiyyə Xanbabayeva dəyişmədi və sadiq qalaraq etibarlı çıxdı. Amma Röya haqqında bunu deməzdim. Yeri gəlmişkən, sizə bir əhvalatı danışım.

– Buyurun.
– Deməli, bir gün anamla Münhen şəhərinə yol gedirdik. Və maşını sürən dostum təsadüfən “Sənə görə” mahnısını qoydu. Nədənsə özümdən asılı olmayaraq gözlərim doldu və sürücüyə “o səviyyəsizin səsini kəs” dedim. Yanımda oturan anam dönüb mənə: “Ay bala, sən ondan niyə inciyirsən axı. Məgər sənin hesabına nazir olmuş boynuyoğunlar və gədələr qədrini bildilərmi ki, Röya da bilsin? Yazıq neynəsin? Qorxur ki, nəsə desə, pis olar. Odur ki, boş ver belə şeylərə” dedi.

Bir yaradıcı insan olaraq o an nəyə üzüldüyünüzü yaxşı başa düşürəm. 

– Bəli, Əvəz bəy, ölümlü, itimli dünyadır. Bütün bu şeyləri ona görə açıqladım ki, sabah işdi- şayət başıma bir iş gəlsə, heç kimin ürəyində xal qalmasın. Ümid edirəm, sənin də suallarına yetərincə və mümkün qədər ətraflı aydınlıq gətirdim. Bundan sonra mənim nə qədər doğru, ya da nə qədər haqlı olub-olmadığımın qərarını qoy oxucular versin. Bu qədər və təşəkkür edirəm.

Xural.com

Əlaqəli məqalələr

3 şərh

  1. Hakimiyyətdə olanda xalqa qan utdururlar, hakimiyyət bunları odnorazovıy şpriz kimi istifadə edib, bütün var-yoxunu əlindən alıb dalından təpik vuran kimi, bunlar quzu balasına dönür, əxlaqdan, mənəviyyatdan, vətənpərvərlikdən, xalqçılıqdan dəm vururlar və ən əsası isə birdən birə “demokrat libası” geyinib “demokrat” olurlar və özlərini mövcud hakimiyyətin ən barışmaz müxalifəti kimi qələmə verirlər…

    Mənim bu cür insanlara həmişə bir tərəfdən yazığım gəlir, digər tərəfdən bunlardan iyrənməmək, bunlara nifrət bəsləməmək olmur…

    Bunlar başa düşmürlər ki, xalqa, millətə elədikləri xəyanətlər unudulmur və bağışlanmır…

    Hüseynə deyən gərək ki, Ay qardaş, bəs müxalifətin mitinqlərini mülki geyimdə daxıdan, insanları şilküt edən, anasını, arvadını, bacısını üzünə söyən o cümlədən sənin başına yığdığın quldurlar deyildimi?!…

    Elə ən böyük sənin və sənin kimilərin o cümlədən səndən də əvvəl “demokrat” və “müxalifətçı” və hətta “müxalifətin lideri” kimi tanınan Rəsul Quliyevin və bu kimi insanların xalq qarşısında ən böyük cinayətiniz Heydər Əliyevi və onun partokrat dəstəsini yenidən hakimiyyətə qayıtmasını təmin etməyiniz və buna canla-başla xidmət etməyinizdir…

    İndi Hüseyn də, bunun kimi insanlar da artıq özlərini azərbaycan “müxalifətinin” aparıcı simaları kimi görürlər, bu cür təbliğ olunmağa can atırlar və siyasi revanşla nəfəs alırlar-yaşayırlar…

    Hüseyn qardaş hakimiyyətə barmağını silkələyib nə desə yaxşıdır?! – Vaxtilə millətdən oğurlanıb buna verilən, və ya xalqı talan etməklə əldə etdiyi mülkünü qaytaracağı ilə indiki hakimiyyəti hədələyir və hətta onların indiki var-yoxunu da əllərindən alib öz mülkünə qatacağı ilə hədələyir… Əhsən belə demokrata! Əhsən belə müxalifətə!… Əhsən belə xalq təəssübkeşinə!…

    O ki qaldı Hüseynin məhz İlqar Məmmədovu dəstəkləməsinə, burada bir neçə təmənnalı məqamlar var, lakin ən başlıcası odur ki, “müxalifət liderləri” sayılan kəslərin arasında İlqar Məmmədov siyasi bilik və bacarıq baxımdan ən zavallısı və ən bacarıqsızıdır ki, bunun əliylə hakimiyyətə gəlib sonra bunun başını yemək Hüseyn kimi adamlar üçün bir stəkan su içmək kimi bir şeydir…

    Hakimiyyət bunların əlindən getsə də biclik, riyakarlıq, təmənna və yırtıcılıq bunların canından çıxası dəgil!…

    Oqtay Ataxan

    23.06.2017

  2. Hörmətli redaksiya!
    Əvvəla mən başa düşmürəm ki, siz niyə bu cür senzura qurmusuz qəzetinizdə?!…
    Nədən ehtiyyat edirsiz?!…
    Siz əgər həqiqətətn öz materiallarınızla cəmiyyətdə həqiqəti üzə çıxaran diskussiyalara təkan vermək istəyirsizsə, onda niyə bu cür senzura qurmusuz: ya kommentləri ümumiyyətlə vermirsiniz, ya da ən yaxşı halda materialın dərcindən üç gün sonra veririsiz?!.. Bu oldu əsl kommunist senzurası! Mən başa düşürəm ki, əgər kommentdə söyüş gedir – bu başqa məsələ, lakin əgər komment tənqidli kommentdirsə, və hətta sizin şəxsi mövqelərinizə belə ziddirsə, siz axı əgər həqiqətən demokratsınız bu tənqidi kommentləri verməlisiniz, və ən əsası da material çıxan andan verməlisiniz – daha üç gün bundan sonra yox… Mənim nəzərimdə əsl demokratiya budur!… “Mənim sənin dediklərindən zəhləm gedir, lakin mən həyatımdam keçməyə hazıram ki, sənin dediklərin səslənsin!” Budur əsl demokratiyanın qanunu!…
    O ki, qaldı Hüseyn Abdullayevin bu müsahibəsinə dair mənim yazdığım kommentə, siz başlıqda yazmısız “2 şərh”, lakin mənim şərhimi hətta üç gün keçəndən sonra da verməmisiniz, məndən 13 saat sonra yazılan iki cümləli kommenti isə vermisiniz, lakin yenə təkrar edirəm başlıqda “2 şərh” olduğu anonsunu vermisiniz.. Bu necə olur?!..
    Nə isə… Sizə uğurlar!… Lakin yaxşı olardı ki, demokratiya aşıqləri olan kəslər bir az da özləri demokrat olsunlar, addımbaşı pislədikləri kommunist diktaturasından ibrət almasınlar…
    Onu da deyim ki, mənim bəzi kommentlərimi verdiyinizə görə sizə minnətdaram, çünki sizin bu hərəkətiniz müəyyən mənada indiki hakimiyyətin və sözdə ona “müxalifət” olan, AXC ruhlu, KİVlərin mənə qarşı üzün illərdir qoyulan qadağanı qırırsız!…
    Bir daha sizə uğurlar!…
    Oqtay Ataxan
    26.06.2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button