Hüseynqulu Bağırovla Vüqar Səfərlinin ortaq rəzaləti

ETSN və KİVDF korrupsiyanın və rüşvətin yeni yolunu tapdılar…

Yarandığı gündən mətbuatın maraqları uğrunda işləmir. Müstəqil mətbuatın isə düşmənidir. KİVDF-dən və bütün şüurlu həyatını qəzet satmaq və çeşidləməklə keçirən Vüqar Səfərlidən bəhs edirik. Son günlərin mətbuatı ondan və onun gül balası Seymur Səfərlidən yazır. Vüqar Səfərli prezidentin və dövlət qurumlarının ayırdığı və məqsədi müstəqil mətbuata inkişafına yardım etməli olan pulu artıq korrupsiya vasitəsinə çevirə bilib. Müstəqil mətbuata tam bir qəssab təfəkkürü ilə yanaşan və «barada mənəm Bağdadda kor xəlifə» məntiqi ilə işləyən Səfərli cənabları heç bir hədd gözləmədən dövlətin ayırdığı pulları yaxınlıq, yerlilik və dostluq prinsipləri ilə sağa-sola paylayır. Özünü Ramiz Mehdiyevin komandasının xumarlanan üzvü hesab etdiyi üçün ona hələlik qalın «gözün üstə qaşın var» deyən yoxdur. Amma illərdir mübarizə aparırıq və əminik ki, Vüqar Səfərliyə – müstəqil mətbuata düşmən kəsilən bu zata qarşı da bir gün «dur» deyən tapılacaq…

Hələliksə, nüfuzlu «qafqazinfo» saytının təqdim etdiyi Vüqar Səfərlinin 1-ci yeri tutan gül balası Seymur Səfərlinin üzündən köçürülmüş yazısını və saytda yazılan şərhləri təqdim edirik. Qeyd edək ki, yazıdakı yanlışlıqların hamısını saxlayırıq və bundan məsuliyyəti Vüqar Səfərli və onun oğlu daşıyır.

Müsabiqədə birinci yer tutan yazı

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə keçirilən yazı müsabiqəsinin qalibləri artıq açıqlanıb. “Qafqazinfo” müsabiqədə birinci yer tutan yazılardan birini, “Mövqe” qəzetinin redaktoru Seymur Səfərlinin məqaləsini təqdim edir. Qeyd edək ki, S.Səfərli KİVDF-nin rəhbəri Vüqar Səfərlinin oğludur.

Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi

Qarabağ müharibəsi flora-fauna genofondumuzu məhv etdi

140 nadir və nəsli kəsilməkdə olan bitki növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib

Dünyada 300 mindən artıq bitki növü məlumdur. Botaniki tədqiqatlar nəticəsində məlum olub ki, bunların 30 mini, yəni 10 növdən birinin məhvolma təhlükəsi var. Azərbaycan florasında isə 900 növdən çox dərman əhəmiyyətli, 850 növ efiryağlı, 200 kauçuklu, 200-dən çox aşı maddəli, 460 boyaq bitkisi, 400 vitaminli, 600 alkoloidli, 150 meyvə və giləmeyvə bitkilərinin yayılması haqda məlumat verilir. Respublikamızda 80-90-cı illərin məlum hadisələrində 225 min hektar qiymətli meşə sahəsi və 70 min hektardan çox kol və kolluqlar məhv edildi. Vaxtilə Azərbaycan ərazisinin 25-30%-dan çoxunu meşələr təşkil etdiyi halda, indi onun sahəsi 11%-ə enib. Son 20 ildə Respublikamızın Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonunun Ermənistan Respublikasının ordusu tərəfindən işğalı və həmin ərazilərdə flora-fauna genofondunun məhv olmasına səbəb olub.

Planetin ekoloji vəziyyəti korlanıb

Müasir dünyada baş verən təbii fəlakətlər, müharibələr, sənayenin və iqtisadiyyatın inkişafı cəmiyyət üçün nüvə müharibəsi qədər təhlükəlidir. Bu fəlakətlər insanların yaşayış tərzinin pisləşməsinə və məcburən yeni sahələrə köçməsinə səbəb olub. Həmin sahələr tədricən bərpa edilib, insanlar yenidən öz torpaqlarına qayıdıblar.
XIX-XX əsrlərdə dünyada sivilizasiya çox böyük sürətlə inkişaf etmiş, Yer kürəsində yaşayış məskənlərinin sayı çoxalıb. Urbanizasiya prosesində zavod və fabriklərin sayı 100 dəfələrlə artmış, daxili və xarici ölkələr arasında əlaqələri yaxşılaşdırmaq məqsədilə dəmir, şosse yolları, biosferin nazik yerüstü təbəqəsi olan stratosferdə təyyarələrdən, okeanlarda, dənizlərdə, çaylarda – gəmiçilikdən geniş istifadə edilməyə başladı. Bu iqtisadi inkişaf nəticəsində antropogen amillər biosferi dəyişmiş, bu da planetdə ekoloji vəziyyəti korlanıb. Xüsusən də dünyanın bütün ölkələri ilə əlaqələrin, sərhədlərin, açılması ərazilərdə yerləşdirilən hava limanları və onların yaradıcısı olan hava nəqliyyatı vasitələrinin ətraf mühitə axıtdığı tullantılar torpağın çirklənməsinə, insanların təbii fəlakətlərlə üzləşməsinə səbəb olub.
Bu gün də ətraf mühitə axıdılan tullantıların miqdarı durmadan artır, bir çox yaşıl zonalar, meşələr dağıdılır. Bu da planetin həyat hissəsinə – biosfer təsərrüfatına daha çox təsir göstərir ki, nəticədə mühitdə çirklənmə faizinin artmasına gətirib çıxarır.
Məhz bu təhlükələrin aradan qaldırılması istiqamətində ekologiyanın müxtəlif bölmələrində geniş axtarışlar aparılır.
Bitkilərin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. Bu kitaba düşən bitkiləri dövlət mühafizə edir. Alimlər 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvan və quş nəsli tamamilə kəsildiyini dəqiqləşdiriblər.
Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilib. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli alıb. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunub.
Azərbaycan Respublikasının müvafiq nazirlikləri və başqa mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində dövlət bitki mühafizəsi xidmətinə, onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə köməklik edirlər.
Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu quru landşaftlar (yarımsəhralar, dağətəyi və dağlıq çöllər) əhatə edir. Ölkəmizin təbii və coğrafi şəraitinin unikallığı burada floranın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaradıb. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zəngin bitki aləminin növ tərkibinin 64%-ni təşkil edir. Bunlardan 240-ı endemik və relikt növlərdir. 140 nadir və nəsli kəsilməkdə olan bitki növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir bitki və heyvan növlərinin genofondunun mühafizəsi və öyrənilməsi xüsusi yer tutur və prioritet verilən istiqamətlərdən hesab olunur. Qeyd olunan sahələr üzrə müəyyən edilmiş zəruri tədbirlərin təşkili Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti və onun struktur bölmələri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planına əsasən nadir heyvan və bitki növlərinin mühafizəsinin təşkili, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi istiqamətində zəruri təşkilati işlər aparılıb.

“Qırmızı kitab”, yoxsa, SOS siqnalı…

Nadir heyvan və bitki növlərinin qeydiyyatının aparılması və ölkə təbiətində onların dinamikasının izlənilməsində “Qırmızı kitab” özünəməxsus əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası “Qırmızı kitab”ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşri 1989-cu ildə həyata keçirilmiş və bu kitabın yeni II nəşrinin həyata keçirilməsi zərurəti yaranıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitab”ı haqqında Əsasnaməyə uyğun olaraq “Qırmızı kitab”ın II nəşri istiqamətində məqsədəyönlü tədbirlər həyata keçirirlər.
3 dekabr 1996-cı il tarixində ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Bitki mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olundu.
Qanunda bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: bitkilərin ziyanverici, xəstəliklərin yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi.
Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsinin təşkilində, təbiətin kompleks şəkildə saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.
Hazırda insanların təsirinə məruz qalmayan təbiət kompleksləri ilə qarşılaşmaq qeyri-mümkündür. Bu baxımdan, vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi mühüm rol oynayır. Belə bir şəraitdə ətraf mühitin, bioloji müxtəlifliyin və ümumilikdə ekosistemin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət əraziləri mühüm əhəmiyyət daşıyır. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi, füsunkar estetik gözəlliyə malik ərazilərin antropogen təsirlərdən kənarda saxlanılması və onların tam şəkildə gələcək nəsillərə çatdırılması mümkün olur.
Qeyd etmək lazımdır ki, 2001-ci ilədək respublikamızın ərazisində ümumi sahəsi 478 000 hektar olan 14 Dövlət Təbiət Qoruğu və 20 Dövlət Təbiət Yasaqlığı mövcud olub.

Təbiəti qoruyuruq ki, təbiət bizi qorusun

Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilərək, hazırda ölkəmizdə ümumi sahəsi 880975,6 ha olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığına çatdırılıb. Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının və yasaqlıqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməklə, Dənizkənarı Milli Parkın, Zaqatala Biosfer Rezervatının, Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində dövlət təbiət yasaqlıqlarının yaradılması, Kürün deltasında və respublikanın müxtəlif regionlarında yerləşən su-bataqlıq sahələrində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması nəzərdə tutulub. Eyni zamanda Almaniya Federal Hökümətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkının layihəsi işlənilir.
Qeyd olunan xüsusi mühafizə olunan təbiət ərazilərində bitki növlərinin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Yazıdan da görünür ki, Vüqar Səfərlinin əziz-xələfinin yazısı heç normal redaktə də olunmayıb. Artıq mətbuatın yazdığı kimi, bu yazının istənilən bir hissəsinin googl axtarış sisteminə verilməsi ortaya yazının tamamilə köçürüldüyünü və eləcə də – ağına-bozuna baxmadan – müsabiqəyə təqdim edildiyini çıxarır. Bu haqda yazmalı olanlar isə 300 manatlıq itaparan «həvəsləndirici» mükafatla susdurulublar. İndi isə mövzu ilə bağlı «qafqazinfo»da yer alan şərhlərin önəmli bir hissəsini Oxucuların diqqətinə çatdırırıq:

Vüqar Səfərlini heç cür müdafiə etmək olmaz – bu adam mətbuatın düşmənidir!

Lala: – Ay Vüqar müəllim, siz özünüz bu yazıya neçə bal verərsiniz? Amma bitərəf olun, əgər bacarsanız….

KIVDF-dən: – Bizim Fondun adını “Vüqar Səfərli adına Fond” qoysaydılar, lap yerinə düşərdi. Axı burada mükafatlar ancaq V.Səfərlinin şəxsi siyahısı əsasında və kimlərinsə kurasiyasında olan KİV-lərə təqdim edilir? Öz oğluna birinciliyi layiq görən Fond sədrindən daha hansı obyektivliyi gözləmək olar?!

Ekologiya Nazirliyindən: – Neçə bal verəcək, təbii ki 50. Burada müəllifin şəxsi bir cümləsi də yoxdur. Hamısı eco.gov.az saytında yerləşdirilən materiallardır.

JURNALIST: – …KİVDF-nin rəhbəri Vüqar Səfərlinin oğlu, “Mövqe” qəzetinin redaktoru Seymur Səfərlinin məqaləsini oxudum. Bu yazıda heç bir araşdırma yoxdur. Kitab, internet materiallarıdır kopyalayıb “yazı” düzəldib, dədəsi də qalib edib.

Journalist: – Təşəkkür, Elbrus! Əla! Cəsarət göstərmisən, həm də əla ideyadı. Professional jurnalistlər qalıb bir yana, bunlar açıq-açığına arvad-uşaqlarının adından məqalə verib pullar qazanırlar. Heç olmasa, yazını başqasının adından verin… Ay Vüqar Səfərli, sən heç özün ömründə bir yazı yazmısan ki, oğlun da yazsın????????? Gedin, qoyunlarınızı otarın da…

qəzetçi: – Buna müsabiqə demək nə qədər doğrudur? Qaliblərin siyahısına baxanda hər şey aydın olur. “Müsabiqə”nin münsifləri kimlərdir? Hansı münsif hansı yazıya neçə bal verib? Bunlar da açıqlansın. Sonra həmin o münsifdən soruşmaq lazımdır ki, ay… bu yazının nəyinə bu qədər bal vermisən? Bu yazıda araşdırma yoxdur. Tamamilə internet materialları əsasında hazırlanmış copy-paste yazısıdır. KİVDF qəzetlərə qrant verdiyi üçün müxalifət qəzetləri belə bu “müsabiqə”lərin əleyhinə yazı verə bilmir.

QURU BEY: – …Cənab prezident belələri ilə neyləsin? Etibar edir, vəzifəyə qoyur, büdcədən pul ayırır, ev tikdirir, axırı da belə. Bunu da prtezident deyir ki, “get mükafatı oğluna ver????”

Journalist: –Pula görə bütün mətbuat və jurnalistlər ağızlarına su alıb oturub. KİVDF bazar açıb, heç bir yazı oxunmur. Mən jurnalistləri müsabiqələrdən imtina etməyə çağırıram.

Tuncay: Ey Vüqarlar, heç utanmırsınız? Adamda abır-həya yaxşı şeydi də. Süleyman Osmanoğlu və onun kimi jurnalistlər pulsuzluqdan əməliyyata girə bilməyib dünyasını dəyişir, siz isə prezidentin jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaratdığı fondun pullarını qohum-qardaşınızın adına mənimsəməklə məşğulsunuz. Vicdanınız yoxdur – cəhənnəmə olsun, amma heç olmasa, Allahdan qorxun!

Tuncay: Ey gözünü Bayılda tikiləcək evə dikən jurnalistlər, əmin olun ki, o evden Sizə pay düşməyəcək. Mətbuatın başına dırmanmış bu quldur dəstəsi mənzilləri yalnız öz aralarında bölüşdürəcək, sonra da həyasızlıqla üzünüzə duracaqlar ki, biz illərdi kirayədə yaşayırıq, acından günorta dururuq, yatmaga yerimiz olmadıgına görə də onun-bunun qucagında yatırıq. Lənət olsun bütün eybəcərliklərə və eybəcərlərə!

Gulya: – Bu fond ancaq kimlərinsə cibini doldurmaq məqsədilə yaradılıb. Fonddan əsl jurnalistlərdən başqa, kim desən yararlanır. Bu müsabiqələr hələ nədir ki? Görün evlərin paylanılması zamanı hansı hoqqaları çıxaracaqlar? Mən eşitmişəm ki, bəzi redaktorlar artıq indidən jurnalistlər üçün tikiləcək binada qohumlarına ev almaq üçün işlər görməyə başlayırlar.

Baxtiyar: – Bir gün bütün bu talançılıqlara göre cavab verəcəksiniz, ondan 100 faiz əmin olun. İndi amirlik tutmuş gözlərinizi, onda imdad hissləri bürüyəcək, amma heç kimin sizə yazığı gəlməyəcək. Buna əmin olun, bu dünyada ilahi ədalət deyilən bir şey var – milləti bu qədər narazı salmaq olmaz. Bu qədər abırsızlıq olmaz. Yeyin, partlayana qədər yeyin…

S.S: – Vüqar müəllim, ayıb deyil? Niyə mətbuatı bu günə qoymusunuz. Vallah, əvvəl vəziyyətimiz daha yaxşi idi.

Rita: – HÖRMƏTLİ AZƏRBAYCAN JURNALİSTLƏRİ, SİZİ MÜSABİQƏLƏRDƏN İMTİNA ETMƏYƏ SƏSLƏYİRƏM. BOYKOT!!!!

Jurnalist: – Vüqar Səfərlinin inhisarında olan qəzetlər ve onun yaxınları bütün müsabiqələrin qalibi olur. Başa düşmək olmur, müsabiqəni yalnız özləri üçün keçirirlər? Dövlət pulu əsl yazıya vermək üçün ayırıb, yoxsa hər dəfə ənənəvi olaraq kiminsə “qalib olan” qohum-əqrəbasına?

Lalə Mehralı: – Əla “copy-paste”dir… Bircə səhv var yazıda, lap sonda mənbə yazılmayıb. Hansı elmi kitabdan köçürübsə, onu da yazsın, belə olmaz, bəlkə bizim də işimizə yaradı o kitab, müsabiqəyə yazı hazırlayarıq, mükafat verilir axı belə yazılara.

Narazi: – Əvvəlcə hamını bezdirdilər. Bezdirmənin də müxtəlif yolları vardı. Məsələn, biri belə idi; 14-15 ilin jurnalistlərinin sənədlərini qəbul edib sonra da yazdılar ki, əmək stajınız çatışmır. Lap kolxozda olduğu kimi. Bezdirmə prosesi başa catandan sonra da kimə istəsələr, ona da yer verirlər. Görkəmli Əflatun müəllim də buna göz yumur.

Muxbir: – Mən 5 dəfədir müsahibəyə qatılıram.Lakin heç birində qalib gəlməmişəm.Artıq Prezidentə, Prezident Aparatına müraciət etmək lazımdır. Vüqar müəllim özünü çox yuxarıdan aparır. O, heç jurnalistləri saymır. KIVDF-yə gedib Vüqar müəllimdən bir məsələni xahiş etmək, söz soruşmaq, hansısa icra başçısının qəbuluna düşmək ondan asandır. Müxalifət qəzetlərinin də səsi batıb. 30-40 min manat alıb yazılara görə jurnalistlərə 10-15 manat pul verən həmin qəzetlərin redaktorlarına da ayıb olsun.

Azer: – KIVDF-nin müsabiqələrində belə yazılar çox olur. Təhsildən yazılan yazılar içərisində yer “Oxu məni” qəzetinə, ekologiyadan yer “Futbol+” qəzetinə verilir. Hələ deyirlər qaliblərə verilən diplomlar da Səfərli firmasında hazırlanır. Ekologiya Nazirliyi obyektiv qurumdur. Bunlar KİVDF-nin işləridir.

Journalist: – Məncə hər şeyi Vüqar Səfərlinin üstünə atmaq olmaz, düzdür, qərəzli yazılar çoxdur və həmişə də olub, amma bina məsələsini düşünəndə onun jurnalistlər üçün nəsə etdiyini düşünmək olar. Evlər hər kimə verilsə də, bizlərdən də heç olmasa 5-6 adama veriləcək:))

SS: – Ay jurnalist, heyf adını bilmirəm, amma sənə kimdir ev verən? Evlər qoca qurdlara, bir də Vüqarın siyahısı əsasında qohumlara, tanışlara veriləcək. Evlər tikilənə qədər biz sağ qalaq, ya qalmayaq. Vüqarı heç cür müdafiə etmək olmaz. Bu adam mətbuatın düşmənidir. Oğula yer vermək qəbahət deyil, amma ona da yazı demək böyük günahdır. Statistikadan başqa orada nə var?

Cefer: – Bu biabırçılıq və həyasızlıqla bağlı bütün jurnalistlər birlikdə prezidentə müraciət etməlidirlər.

Elik: – Bu, İlham Əliyevə böyük zərbədir. Vüqar Səfərli 1000 manatın da görməmişliyini edir. Sizin 1000 manatamı ehtiyacınız var? Bu musabiqə ölkədə ehtiyacı olan jurnalistlər üçün nəzərdə tutulub, yoxsa sizin balalarınız, qohumlarınız üçün? Ayıb olsun sizə. Bununlamı Qarabağı alacaqsınız? Bununlamı cəmiyyətdə korrrupsiyaya qarşı mübarizə aparacaqsınız? Biabırçılıqdır bu. Təcili şəkildə müsabiqənin nəticəsi ləğv edilməlidir.

Aqil Letifov: – Ay həmkarlar, xahiş edirəm, adınızı yazın. Əgər fikrinizi bildirirsinizsə, ad yazmaqdan çəkinmek lazım deyil. Amma bəzi həmkarlarımızı başa düşmək olar. Sözün həqiqi mənasında bu yazının məqalə ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə kopyalanmış cümlələr toplusudur. Müsabiqənin necə və hansı kriteriyalar əsasında keçirilməsi her kəsə bəllidir. Onsuz da bu şəxs bütün müsabiqələrin “qalibi” olur. Ən azından 1000 manatı hər müsabiqədə olsa belə yaxşı yazı ilə qazanmaq lazimdir.

Journalist: – Aqil, qardaşım! Sənin xətrini çox istəyirəm. Və inanıram ki, sən bu sözləri (“adınızı yazın” kəlmələrini) ürəyinin təmizliyindən deyirsən. Ancaq jurnalistlər baş redaktorlardan qorxur axı. Bu ——- VÜQAR hamını ələ alıb.

Faiq I. – Nə yaxşı ki, bu müsabiqəyə mövqesiz “Mövqe” qəzetinin Danabaş kəndindən gəlmiş —– adlı redaktoru qatılmadı, yoxsa heç çoxlarına həvəsləndirici mükafat da çatmayacaqdı. Vüqar ozu ——— bilmir, amma KİV-in problemini həll etmək tapşırılıb ona. Fondda yazı yazmaq nədi, düz əməlli danışmağı bacarmayan Umud Rəhimoğlu, jurnalistinə maaş verməyən Rəşad Məcid, sonuncu dəfə nə zaman yazı yazdığını kimsə bilməyən Əflatun Amaşov, yalnız tamada kimi tərif deyən Vüqar Rəhimzadə varsa, əlinizi üzün.

SS: – Burada qərəz yoxdur. Mən KİVDF-nin müsabiqələrində ümumiyyətlə, iştirak etmirəm. Amma tapşırıqla olduğunu da bilirəm. Bunu bütün jurnalistlər bilir. Ada gəlincə, axı bütün qəzetlər Vüqardan qrant alır deyə ondan çəkinir. Ad yazılsa, sabah çox jurnalist işini itirə bilər. Mən həmkarlarımı başa düşürəm.

Eks-Jurnalist: – Səfərlinin qalib olması, Azərbaycanda sözün həqiqi mənasında peşəkar jurnalistlərə edilmiş ən böyük təhqirdir.Bir neçə il bundan əvvəl Seymuru atası “Futbol+Qol”a təcrübəyə gətirmişdi. Sonra atası tapşırdı ki, qəzetdə oğlunun da yazısı çıxsın və qonorar alsın. Beləcə, dahi Səfərlinin möhtəşəm oğlu Liverpula gəlmiş hansısa futbolçudan xəbər yazır.Qısası – futbolçu deyir ki, Liverpulda “jizn slovno v trube”, yəni “həyat darıxdırıcı keçir”. Seymurun tərcüməsi isə belə olmuşdu – “Liverpulda DURBALARDAN BAŞQA BIR ŞEY GÖRMƏDİM…”

Aqil Səmədli: – Mən Vüqar Səfərlinin iç üzünün böyük auditoriyada – jurnalist tayfasının qarşısında açıldığının ikinci dəfədir şahidi oluram. Birincisini həmkarımız Elxan Salahov ötən il mükafatlandırma mərasimində gur səsi ilə V.Səfərliyə “quyunotaran”, “qəzet satan” deyib məhv eləmişdi. Ə.Amaşovla Rəhimzadə Vüqarı zorla Elxanın əlindən almışdılar.

Səxavət: – Ekologiya naziri H.Bağırov iyunun 4-də Zığda şəxsən zibil yığıb təmsil etdiyi hökumətin xalq içində nüfuzunu yüksəldir, KİVDF-nin sədri isə öz çirkin əməlləri ilə jurnalistlərin nifrətini qazanır, hökuməti, eləcə də ETSN-i nüfuzdan salır. Məncə bu şərhləri oxuyan iqtidar mənsubları V.Səfərlinin yerində olmadığının fərqinə ciddi şəkildə varmalıdırlar. V.Səfərliyə isə onu demək istəyirəm ki, buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz. Etdiyin hər saxtakarlığa görə bir gün Uca Yaradan özü sənin cəzanı verəcək!

Asef Ayxan: – Düşünürəm ki, bu məsələ ilə birbaşa məsul olan Əli Həsənov ölçü götürəcək və bu görməmişliyə görə onları cəzalandıracaq. Burada söhbət ondan gedir ki, onlar rəhbər qoyulub və pul da ondan ötrü verilib ki, cəmiyyətdə ictimai rəy formalaşdırılsın, müəyyən müsbət fəaliyyət göstərilsin. Onlar isə Allahın 1000 manatını belə jurnalistə çox görürlər. Bu, çox ciddi görməmişlik faktıdır. Məncə Vüqarın oğlu bu mükafatdan imtina etməli və özünü təmizə çıxarmalıdır.

Rauf: – Əlbəttə, bütün mükafatları kürdlərə verək, qurtarsın getsin, savad ancaq onlardadı, qıcqırıb.

Journalist: – Bu cür “qazanılan” min manatı Vüqarın oğlu Seymur necə yeyəcək?! Bu pullar onun burnundan gəlməyəcək? Maşını avariyaya düşəndə pullarını xəstəxanalara xərcləməyəcək? Yoxsa Vüqarın qara ciyərində problem yarananda xarici həkimlərə verməyəcək?

MEHMAN: – Vüqar müəllim, siz oğlunuzdan soruşun görək, ümumiyyətlə yazıda işlətdiyi “Urbanizasiya” kəlməsi nə deməkdir? Vuqar Səfərli. KİVDF-nin icraçı direktoru: – Salam hörmətli “Qafqazinfo”. Mən hesab edirəm ki, KİVDF-nin elan etdiyi müsabiqənin nəticələri obyektivdir. Ən azından bu yazılara ölkənin tanınmış qəzetlərinə rəhbərlik edən baş redaktorlar ekspert kimi qiymət vermişlər. Odur ki, burada gedən şərhləri qərəzli və Fondun fəaliyyətinə kölgə salmağa cəhd kimi qiymətləndirirəm.

Jurnalist: – Zəhmət olmasa, ekspertlərinizin adlarını açıqlayın.

Asılı, cəsarətsiz journalist: – Ataların belə bir gözəl sözü var. Deyir — nədir, tükü də nə olsun. V.Səfərli, Sizin rəhbərlik etdiyiniz fond və onun fəaliyyəti nədir ki, camaat iş-gücünü atıb ona kölgə salmağa çalışsın. Bu yazılanlar, o cümlədən mənim yazdığım fikirlər and olsun Yaradana ki, içimdən gəlir. Sizin etdiyiniz haqsızlıqlar bir deyil, beş deyil. Sadəcə, indi dəyərli “Qafqazinfo.az” belə bir fürsət yaratdığı üçün Sizdən ciddi və haqlı şəkildə narazı olanlar ürəklərini psevdonim imzalarla yazmaqla olsa belə boşaldırlar.

Jurnalistler adindan: – Hörmətli Vüqar müəllim. Bu dediklərinizə heç özünüz inanırsınız, yoxsa bizi avam, qoyun hesab edirsiniz?! Hansı obyektivlikdən söhbət gedə bilər ki, bir ildə bir jurnalist 3-4 dəfə qalib olur? Həmin o jurnalistlər ki, ekspertləriniz olan baş redaktorların qəzetlərini təmsil edirlər. İndi təkləndiyiniz vaxtda sadəcə bir söz hüququna malik olub sizin müdafiənizə belə qalxmırlar, haradadırlar, yoxsa müxbirlərlə mükafatı bölüşməyə başları qarışıb?

KİVDF-e yox deyek: – Buradakı bütün narazı jurnalistləri Fonda qarşı birləşməyə səsləyirəm. Gəlin, pozulmuş huquqlarımızı bərpa edək və hamılıqla ölkə başçısına müraciət edək. Əgər bu gün öz problemimizi belə həll etməyə qadir deyiliksə, başqasının problemini necə həll edə bilərik? Vüqar müəllim, onu da bilin ki, sizin rəva görmədiyiniz o mükafatlara ölkənin “n” sayda, xırda problemini həll etmək ümidi ilə baxan o qədər jurnalistlərimiz var idi ki?!Axi sizin nəyiniz əskik idi?!

Akif: – Mən biləni, baş redaktor kimi Tapdıq Abbas və Elçin Mirzəbəyli bu yazıya yüksək qiymət veriblər. Bir də Müşviq Ələsgərli.

Asılı, cəsarətsiz journalist: – Hamı, o cümlədən mən də iş yerimdə problem yaranmaması üçün adımı açıqlaya bilmirəm, səhv etdiyimi bildiyim halda “az aşım, ağrımaz başım” prinsipi ilə hərəkət edirəm. Olaydı demokratik ölkə, müstəqil məhkəmə. Sizi verərdim məhkəməyə, sübut edərdim saxtakarlıqlarınızı, proteksionizminizi. Amma onu da bilirəm ki, ölkə demokratik olsaydı, jurnalistlər arasında “—– ilə tanınan Siz V.Səfərli KİVDF-nin sədri olmazdınız. Ümumiyyətlə, mətbuatı ələbaxımlığa, gözü kölgəliliyə öyrədən KİVDF olmazdı. İnanın Uca Yaradana ki, mən indiyədək jurnalistlər arasında V.Səfərlini və KİVDF-ni müsbət xarakterizə edən bir nəfər görməmişəm. Hətta fondun Müşahidə Şurasının üzvü R.Məcid, M.Ələsgərli də vaxtaşırı narazılıqları dilə gətiriblər. V.Səfərli, bilin ki, sabah vəzifədən çıxarılanda Sizə ən böyük zərbəni bu gün “ayağınızı yuyub suyunu ıçənlər” vuracaqlar.

Elbrus Ərud, Qafqazinfonun bash direktoru: Dəyərli oxucular və şərh yazanlar. Bildirmək istəyirəm ki, mənim şəxsən Vüqar Səfərli ilə heç bir problemim yoxdur. Və bu yazını qərəzdən irəli gələrək sayta yerləşdirməmişəm. Sadəcə, fond direktorunun oğlunun bu musabiqədə iştirakını və birinci yer tutmasını ədalətsiz hesab edirəm. Vüqar müəllimin oğlu bu mükafata layiq olsa da bele. Məhz atanın fond direktoru olduğuna görə oğulun bu yarışmada iştirakını düzgün saymıram. Və bu yazını verməyim də bu mövqedən irəli gəlir. Oxuculardan isə xahişim budur ki, təhqirlər yazmasınlar və cəsarət nümayiş etdirib adlarını qeyd etsinlər. Sizin adınızı gizlətməyiniz tənqid etdiyiniz hadisədən daha pisdir. Hər kəsə təşəkkür edirəm və bir daha oxucuları etik çərçivələr daxilində şərh yazmağa dəvət edirəm.

Azär Häsrät: – Hər kəsə salamlar! Yazını oxumağa səbrim çatmadığı üçün onun haqqında bir söz demirəm. Ancaq Elbrus dostumuz kimi mən də hesab edirəm ki, atanın başçılıq etdiyi qurumun keçirdiyi yarışmaya oğulun qatılması faktının özü belə düzgün deyil. Hətta deyərdim ki, bu hal etik deyil. Qınayıram. Bir də çox istərdim ki, şərh yazanlar adlarını da açıqlasın. Atatürk demişkən, “Şərəfli insanlar da şərəfsizlər qədər cəsarətli olsaydı” problemlər çoxdan həll edilmişdi…

Ekologiya Nazirliyinin nümayəndəsi- hüquqşünas: – Salam. Mən işdən çıxarılmaqdan ehtiyat edərək adımı yazmıram. Amma ədalətsizliyə də dözə bilmirəm. Jurnalistlərə bildirirəm ki, Fond rəhbərinin dövlətin ayırdığı pulu öz oğlu vasitəsilə mənimsəməsi elə korrupsiyanın bir formasıdır. Ona görə jurnalistlərə təklif edirəm məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etsinlər. Qoy araşdırma aparılsın. O yazıya qiymət verən ekspertlərin adları açıqlanmalıdır. Onlar da məsuliyyət daşıyırlar. Korrupsiyaya şərik olublar…

Journalist: – Jurnalistlərin parasınının arxasına kim keçsə bükə-bükə, Qoy pullar onun burnundan gəlsin tikə-tikə (Bu geydirmə şeirimi Vüqar Səfərliyə və onun oğluna həsr eləyirəm!) Gəlin qarğış edək, cənab jurnalistlər! Qarğış edək ki, görüm kasıb jurnalistlərin puluna-parasına göz dikən, səlahiyyətlərindən istifadə edib onu mənimsəyən para-para olsun.

Jurnalist: – Vüqar Səfərlinin belə özünəarxayınlığı ən azı dövlətin imicinə və onun inkişafına kölqə salacaq bir haldir. V.Səfərli hələ də unudur ki, KİVDF Prezidentin yanında yaradılan bir qurumdur. Odur ki, onun artıq jurnalistlərin səbr kasasını daşdıran hərəkətləri bağışlanılmazdır və buna yüksək çinli məmurlar tərəfindən də münasibət bildirilməlidir. Ən azi işdən çıxarılmalı və layiqli cəzasını almalıdır. Harada görünüb ki, ildə bir neçə dəfə elan edilən müsabiqələrdə eyni adamlar “qalib” olsunlar?

Azer: – Vüqar Səfərli utanmadan özünə bəraət qazandıracaq da… Hələ müsabiqənin nəticələri elan olunanda ETSN-in binasına gətirdiyi, içində hədiyyələr olan, üzərində “Səfərli” MMC yazılmış firma selofan torbalarına nə söz?.. Jurnalistlərə ayrılan pulu Vüqar Səfərli və Tapdıq Abbas kimilər mənimsəyirlər. “Paralel” qəzetində gedən və 3-cü yer verilən yazıya bənzər nəsə vardı. Ona hansı adla yer verilib bilmək olmur. Evləri də jurnalistlər arasında belə böləcəksinizsə, işimizi bilək. Alim: – Bu şəkildəki yaxşı qəssaba oxşayır.

Eks-Jurnalist: – Utanmasan oynamaga nə var ki… Adamda bir həya yaxşı seydir – olan yerdə. Bu Vüqar Səfərli uzun illər “Futbol+Qol”un baş redaktoru olub və qəzet adına büdcədən dəfələrlə 20-25 min AZN-lər yeyib, haram xoşu olsun. Gedin Vüqardan soruşun görün, dünyanın hansısa çempionatı demirəm, bilirmi ki, Azərbaycan çempionatında neçə klub istirak edir? ..indi də “Möqve” və “Futbol+Qol”a rəhbərliyi oğluna tapşırıb…

Ramin DEKO: – Vüqar bəy, əgər sizin oğlunuz ən gözəl yazıbsa belə siz bir valideyn kimi o yazını müsabiqəyə buraxmamalı idiniz. Ya da istefa verib fondu tərk etməli idiniz, sonra övladınız yazını təqdim edib qələbə qazanardı. Bütün hallarda obyektiv sayıla bilməz… İkincisi də bu yazını oxudum bir qəpiklik deyil. Əlifbanı təzəcə bitirən 7 yaşlı dayım oğlu da nazirliklərin materiallarını bir-birinin ardınca qoşub belə bir yazı yaza bilər. Heç utanırsınızmı, Vüqar bəy?!!! Bağışlayın, sizə “bəy” deyə müraciət etdim…

Journalist: – Vüqar Səfərliylə Vüqar Rəhimzadə söhbət edir. Vüqar Səfərli deyir: – Oğlumun yazısı sənin qardaşın oğlu Nailin məqaləsinə nisbətən daha yaxşı, maraqlı yazı olub, ona verilən qiymətləndirmə daha obyektiv keçib. – Niyə axı? Oğlun yazını 1 aya yazıb, ona görə? – Yox ee. Mən bunu QAFQZİNFO-dakı şərhlərin sayına görə deyirəm. Sənin qardaşın oğlu Nailin yazısına gələn şərhlərin sayı cəmi 20-ni keçib. Mənim oğlumun yazısına yazılan şərhlərin sayı 100-dən çoxdu. İndi gör kimin yazısı maraqlıdı da bəəəəə..

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button