İ.Əliyev: “Enerji təhlükəsizliyi olmadan inkişaf mümkün deyil…”

prezident02.07.2013

“Enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri başqa sahələrə yönəldirik” – iyulun 1-i Şirvanda “Cənub” Elektrik Stansiyasının açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı deyib ki, “Cənub” Elektrik Stansiyası müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyasıdır: “780 meqavat gücündə olan stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək, imkan verəcək ki, ölkə iqtisadiyyatı bundan sonra da uğurla inkişaf etsin. Çünki elektrik stansiyalarının fəaliyyəti ümumi inkişafa təkan verir. Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilib. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilib və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır”.

Prezident qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır: “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyil. Bunsuz müstəqil inkişaf mümkün deyil. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır.

Bu o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaq. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri başqa sahələrə yönəldirik”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button