İctimai Palatanın sessiyası keçirilib

08.09.2012

 Müxalif İctimai Palata sentyabrın 8-də sessiya keçirib. “Media forum” saytına verilən məlumata görə, həbsdə olan “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri Rafiq Cəlilov İctimai Palataya üzv qəbul edilib.

Sessiyada mərhum prezident Əbülfəz Elçibəyin zəhərləndirilməsi adı altında AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimliyə qarşı kampaniyaya son qoyulması tələb olunub. Koordinasiya Şurasının üzvləri maliyyə çətinliyi yaşayan “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə olduqlarını bəyan ediblər və İctimai Palata üzvlərini bu kampaniyaya qoşulmağa çağırıblar.

Sessiyada İctimai Palatanın siyasi məhbuslarla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir: “Hazırda İctimai Palatanın 2011-ci ildə keçirdiyi aksiyalara görə həbs edilən AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli, jurnalistlər (Əvəz Zeynallı və digərləri), hüquq müdafiəçiləri (Müsavat Partiyasının üzvü Taleh Xasməmmədov və digərləri), hicab probleminə etiraz edən xeyli sayda inanclı vətəndaş həbsdədir. Quba və Sabirabadda siyasi tələblərlə çıxış etmiş sadə vətəndaşlara qarşı da repressiya maşını işə düşüb.

İctimai Palata yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbuslar probleminə diqqəti azaltmamağa, siyasi motivlərlə hələ də həbsdə saxlanan günahsız insanların azadlığa buraxılması üçün yeni kampaniyalara başlamağa səsləyir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button