İctimai-siyasi xadimlərdən Faiq Əmirlinin həbsinə sərt təpki

Xədicə İsmayıl: «Güman edirəm ki, Ərdoğan bütün bunların şou olduğunu anlayacaq»

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi FaiqÿƏmirlinin həbsinin siyasi sifariş olduğu, ona qarşı sürülmüş ittihamların saxtalığı Azərbaycandakı ictimai-siyasi vəziyyətə az-çox bələd olan, həmçinin Faiqi tanıyan adamların heç birində şübhə doğurmur.

Xüsusən, Faiq Əmirlinin Fətullah Gülən şəbəkəsinin üzvü, “imam” kimi qələmə verilməsi, onun guya, moizələr oxuması barədə iş materiallarında yazılanlar yalnız gülüşlə qarşılanır.

Elə ölkənin tanınmış simaları da hökumətin öz vətəndaşını bu cür gülünc ittihamlarla şərləyib həbs etməsindən təəssüfləndiyini deyir.

“Faiq Əmirli vicdan məhbusudur”

evez-zeynal;

Keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirir ki, Faiq Əmirliyə qarşı CM-nin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələrilə irəli sürülmüş ittihamların ona heç bir aidiyyəti yoxdur: “Bu, tamamilə siyasi bir qərardır. Məqsədləri müxalifəti susdurmaq, AXCP sədri Əli Kərimlinin köməkçisinə ittiham elan etməklə ona doğru istiqamət götürməkdir. Faiq Əmirliyə qarşı baş verənlər həm ”Azadlıq” qəzetini susdurmaq, həm də Əli Kərimlinin neytrallaşdırılması üçün atılan addımdır. Qərar elan olunan ilk andan bəlli oldu ki, Faiq Əmirli artıq bir  vicdan məhbusudur”.

Hökumətin gülünc ittihamlarının məqsədi

xedice-musahibe1

Tanınmış araşdırmaçı-jurnalist Xədicə Ismayıl da Faiq Əmirliyə qarşı irəli sürülmüş sürülən gülünc ittihamla hökumətin bir neçə hədəfə vurduğunu düşünür. Onun fikrincə, bu həbslə hökumət Ərdoğanın gülənçilərlə bağlı tələblərini yerinə yetirdiyi görüntüsü yaradır və onu razı salmağa çalışır: “Həmçinin, bu yolla əsl gülənçiləri də qoruyur.  Bundan başqa, fürsətdən istifadə edib bu ad altında müxalifətçilərdən canını qurtarmağa çalışır. Situasiya olduqca gülüncdür. Güman edirəm ki, Ərdoğan da bu məsələnin kifayət qədər şou olduğunu anlamağa qabiliyyəti çatan adamdır. Yəni, o anlayacaq ki, bütün bunlar şoudur”.

“Hakimiyyət gülənçiləri öz ətrafında axtarsın”

oqtay gulaliyev-yeni

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də Faiq Əmirlinin həbsini birbaşa siyasi sifarişin nəticəsi kimi dəyərləndirir. Onun fikrincə, hakimiyyət bu həbslərlə həm cəmiyyətin diqqətini qarşıdan gələn 26 sentyabr tarixli referendumdan yayındırmağa çalışır, həm də AXCP-yə və onun sədrinə qarşı repressiyaları davam etdirir: “Hakimiyyət son zamanlar baş verən olaylardan öz rəqiblərinə qarşı istifadə edir. ”Gülənçi” axtarırlarsa, onun öncə detallarına varmaq lazımdır. Əvvəla, Fətullah Gülənin terrorçu olması barədə rəsmi qərar açıqlanmayıb. Ikincisi, hökumət onu müxalifətdə yox, öz ətrafında axtarmalıdır. Çünki müxalifətdə Gülənin hesabına iş görən, fəaliyyət göstərən, vəzifə tutan və ya mandat alan yoxdur. Faiq Əmirli və digər cəbhəçilərin həbsi birmənalı şəkildə siyasi motivlidir. Bu, ümumilikdə müxalifətə qarşı olan repressiyaların tərkib hissəsidir. Faiq Əmirliyə qarşı irəli sürülən ittihamlar tamamilə gülüncdür.  Hətta əsaslı bir ittiham da tapa bilməyiblər”.

“Bu cür absurd hərəkətlərlə özlərini ifşa edirlər”

tofiq-yaqublu

Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Tofiq Yaqublu hesab edir ki, hakimiyyət həbs edilən gənclərdən AXCP sədri Əli Kərimliyə qarşı ifadə almaq istəyir. Onun sözlərinə görə, hakimiyyət baş verənlərdən Əli Kərimliyə və müxalifətə qarşı istifadə etməyə çalışır: “Lakin bunun nəticəsinin olacağına qəti inanmıram. Fətullah Gülənin müxalifətlə azacıq da olsa, təması yoxdur. Lakin bu cür absurd hərəkətlə özlərini ifşa edirlər. Beynəlxalq aləm və cəmiyyət də bunu yaxşı bilir. Belə hərəkətlərin nə vaxt dayanacağını demək isə çətindir. Baş verən hadisələrə, gülünc ittihamlara  beynəlxalq təpki az da olsa, var. Cəmiyyətin təpkisi isə çox azdır. Müxalifət və cəmiyyət belə məqamlarda rejimə qarşı birləşməli və prinsipial mövqe ortaya qoymalıdır. Rejimə qarşı səmimi və prinsipial əməkdaşlıq zəruridir. Nə qədər ki, nəticə çıxarılmır, vəziyyət getdikcə dərinləşir. Daha dəhşətli hadisələr baş verə bilər. Lakin hakimiyyətin Əli Kərimlini bulaşdırmaq cəhdi heç bir nəticə verməyəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button