İFADƏ AZADLIĞI: İYULDAN NOYABRA NƏLƏR OLUB?

Media Hüququ İnstitutu Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı aralıq hesabat (iyul-noyabr 2011) açıq­la­yıb.

“Media forum” saytının məlumatına görə, sənədin “Önəmli olaylardan seçmələr” bölümündə “Xural” qəzetinə qarşı basqılara, qəzetin baş redaktoru Əvəz Zeynallının həbsinə, professor Rafiq Əliyevin hökuməti tənqid edən açıqlamalarından sonra çalışdığı ali məktəbdə işindən kənarlaşdırılmasına, “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə davalarına, habelə tənqidçi veb resurslara yönəlmiş kiber hücumlara yer verilib.
Hesabatın “Məhkəmə işləri” bölümünə görə, son 4 ayda ifadə azadlığı məzmunlu 38 məhkəmə davası üzrə proseslər davam edib. Hesabat dövründə 5 jurnalist cinayət ittihamı ilə üzləşib, onlardan 3-ü həbs olunub.
Hesabata görə, ifadə azadlığı məzmunlu işlərə baxılarkən jurnalistlərin ədalətli mühakimə, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulması halları baş verir: “Son 4 ayda yazılarına görə məhkəməyə çəkilən mediadan 1 755 000 manat təzminat istənilib. Həmin iddialara baxan məhkəmələr mediaya mənəvi zərər əvəzi olaraq 35 000 manatdan artıq cərimə kəsib. Təzminata məhkum edilən media quruluşları “Xural” və “Yeni Müsavat” qəzetləridir”.
Hesabatın “Jurnalistlərə qarşı basqılar” bölümündə qeyd olunur ki, ötən 4 ayda ən azı 31 jurnalist basıqya məruz qalıb. Basqı olaylarının əksəriyyəti onlar peşə fəaliyyətini yerinə yetirərkən baş verib.
Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan sivil toplum qurumudur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button