İkili standartlar….

Gündəm dəyib bir-birinə, aləm qarışıb. ABU-nun keçmiş rektoru, hal-hazırda Avropada gizlənən Elşad Abdullayev iddia edir ki, 2005-ci ildə Milli Məclisə “seçilmək üçün” (oxu: deputatxanada kreslo almaq üçün) deputat Gülər Əhmədovanın vasitəçiliyi ilə akademik Ramiş Mehdiyevə 2 milyon dollar pul göndərib, sonrası məlumdur, Elşada “atıblar”…

ƏVƏZin məhkəməsi….

Çoxdan idi ƏVƏZi yaxından görmürdüm, ƏVƏZ tutulandan onun məhkəmələrində cəmisi bir dəfə olmuşdum, onda da lap axrıncı sırada oturduğum üçün ƏVƏZlə görüşə bilməmişdim. Ayın 19-u qardaşım Sakit Orduxanlı mənə zəng edib bildirdi ki, bəs bu gün ƏVƏZin məhkəməsidir, “xub” deyib, getdim məhkəməyə. Saat 14-də bizi içəri buraxdılar, ƏVƏZlə görüşdük, hal-əhval tutduq, zatən ƏVƏZ öz ampluasında idi, O öz günahsızlığını yox, onu ittiham edənlərin günahını sübut etmək niyyətində idi və bu onda alındı da. Demək bir saatdan çox məhkəmə zalında oturmağımıza baxmayaraq, prosses başlamırdı ki, başlamırdı. Hər 10-15 dəqiqədən bir məhkəmənin katibi hakimin otağına girir, 2-3 dəqiqədən sonra ordan çıxırdı. 15:10-da bir ədliyyə işçisi qapıda göründü və ƏVƏZ ona xitabən “Zaur, keç içəri” dedi. Zaurun içəri keçməsi ilə paralel qapıda dövlət ittihamçısı da göründü və prokuror yerini tutan kimi hakim də zala daxil oldu. Prosses başladı.

Prossesin niyə belə gec başlamasının səbəbini ƏVƏZ hakimdən soruşdu, hakim eyni sualı “şahid Zaura” ünvanladı.(?) Zaur “probkaya” düşdüyünü bildirdi və hamı “rahatlandı”. Ədliyyəçi Zaur əlindəki konspekti kəkələyə-kəkələyə bir təhər oxuyub, başa vurduqdan sonra prokurorun ona ünvanladığı sualları da konspekt vasitəsi ilə “cavablandırdı”. Növbə çatdı vəkilə, vəkil də bir-iki sual verdi və bu sualların cavabı konspektdə olmadığı üçün “şahid” çaşdı, elə bu vaxt vəkil gözlənilmədən “Möhtərəm hakim, şahidin əlindəki vərəqlər ittiham aktının 21 və 22-ci səhifələrinin sürətləridir, ittiham aktının sürətləri şahiddə nə gəzir?” sualını verdi və hakim bu suala sadəcə cavab vermədi və prokuror “bu şahidin tutduğu konspektdir” dedi. Nə isə, “konspekti” heç kəsə göstərmədilər, baxmayaraq ki, hakim həmən “konspekti” özü alıb, baxa bilərdi, sadəcə o “konspektdən” xəbəri olduğu üçün buna ehtiyac duymadı. Sual vermək növbəsi çatdı ƏVƏZə, ƏVƏZ ilk olaraq Zaurdan ədliyyənin hansı qərarı üzrə iş apardığını soruşdu, Zaur suala cavab verməmiş prokuror “hər üç iş (Vüqar Səfərlinin, Ağabəy Əsgərovun və Nüşabə Ələsgərlinin iddialarını nəzərdə tutur. red) məhkəmənin qərarı ilə birləşdirilib və Zaura təhvil verilib” dedi. ƏVƏZin “Zaur, bu işlərlə bağlı mənə nə vaxt zəng eləmisən, və ya mənə nə vaxt bildiriş vərəqəsi göndərmisən?” sualına da ədliyyəçi bir cavab verə bilmədi və bu minvalla məhkəmə davam etdi. Zaurun heç bir suala cavab verə bilməməsi, tez-tez prokurora yazıq-yazıq baxması məndə belə qənaət yaratdı ki, Zaurun vicdanı hələm tam korlanmayıb, az da olsa onda vicdan hissi qalıb. Elə bu vaxt ƏVƏZ Ali Məhkəmənin Qərarının sürətini hakimə təqdim edib bildirdi ki, prokuror və ədliyyə işçiləri birləşərək, Ali Məhkəmənin Qərarını saxtalaşdırıblar. Ali Məhkəmənin Qərarında 3 iş yox, 4 iş birləşdirilib və 4-cü iş Ramiş Mehdiyevin iddiası ilə bağlıdır. Daha sonra ƏVƏZ hakimdən “bu saxtakarları niyə tutmursuz? Bunlar dərhal həbs edilməlidirlər, bunlar Ali Məhkəmənin Qərarını saxtalaşdırıblar” desə də hakim bu suala da cavab vermədi, ƏVƏZin sualını yenə prokuror cavablandırdı, bildirdi ki, “Ramiz Mehdiyevin işi təzədir, ona görə çıxarılıb”, bu cavab ƏVƏZdə bir sual da yaratdı: “Vüqar Səfərlinin işi ondan da təzədir, bəs onu niyə çıxartmırsız?” Təbii ki, prokurorun deməyə sözü yox idi, bəlkə də imkanı olsaydı “Əvəz, sən yatmalısan e, yatmalı, bizi dağa-daşa salma, sifariş belədir” deyərdi, ancaq bunu demək üçün də cəsarət lazımdır. Elə burdaca məhkəmədən reportajı saxlayım, keçid alım bəzi “qeyd”lərimə. Məhkəmə iclasının 1 saatdan çox yubanması, katibin tez-tez hakimin otağına girib-çıxması, çöldə daha 3 şahidin gözləməsinə baxmayaraq iclasın keçirilməməsi, zala əvvəl “şahidin”, sonra prokurorun daxil olması, dərhal da hakimlərin zala girməsi, “şahidin” əlində ittiham aktının sürətinin olması məndə bu qənaəti yaradıb ki, həm şahid, (bəlkəm də digər şahidlər də) həm də prokuror elə hakimin otağında olublar, aparılan “təbliğat və təşviqat” işinin uğursuz nəticələnəcəyindən qorxan hakim və prokuror ittiham aktının müvafiq səhifələrini sürətçıxardan maşından keçirdib, “şahidə” veriblər ki, o da həmən vərəqlərdən oxuyub, çaşmasın. Amma şahid çaşdı, çünki o ƏVƏZin qənşərində idi, ƏVƏZ aslan görkəmində, şahid isə cılız vəziyyətdə idi, hətta prokurorun imkanı olsaydı şahidi elə ordaca şil-küt edərdi ki, “hazır çörəyi də yeyə bilməyib”, nə isə, bu məhkəmə prossesi bir daha sübut etdi ki, ƏVƏZi şərləmək istəyirlər, ƏVƏZi sıradan çıxartmaq istəyirlər, bu işdə kimin ƏVƏZdə hayfı qalıbsa, kimin ”sifarişçilərə” bir balaca köməkliyi dəyə biləcəksə, yubanmasın, cumsun məhkəməyə, onlara orda ehtiyac var….

Daha 4 ay…

Bu həftə professor Hilal Məmmədova dah 4 ay “sınaq müddəti” verdilər, Bakı Appelyasiya məhkəməsi də 20 sentyabrda həmən qərarı qüvvədə saxladı, eşitdiyimə görə artıq “Tolışi Sədo” qəzetinin baş redaktoru məhkəmələrə də gəlmir, deyir nə qərar verirlər, versinlər, heç olmasa məni görməyib, xəcalət hissi keçirtməzlər. Vallah bu Hilal müəllim deyəsən öz alicənablığı ilə bu məmləkətdə bir zibil qaynadacaq, a kişi onun alicənablığını görənlər ondan utanırlarsa, demək ən azı sonra özlərinə heç olmasa “mən gərək bu qurama işin altına girməyəydim, Hilal mənə keçsə də Allah mənə keçməz” deyirlər, mən buna adım kimi əminəm. ƏVƏZ məhkəmədə, prossesin gecikdiyini görüb bir hadisə danışdı: Təcridxanada çöldə gəzişən ƏVƏZ görür ki, bir nəfər ona tərəf gəlir və “Əvəz, Vallah mənim günahım yoxdur, məni ora zorla gətirdilər” deyir. ƏVƏZ “a kişi, nə olub, səni hara aparıblar?” sualını verir və məlum olur ki, “Xural” qəzetinin ofisində yoxlama apararkən bu kişidən də “şahid” kimi istifadə ediblər, təbii ki, heç kəsin zindana düşməsini istəməzdim, amma yalandan üzəduranların hamısının aqibəti belə olur. Demək hər polis bölməsinin startda duran “hal şahidləri” olur, hətta deyirlər ki, bəzi hal şahidləri bu işə o qədər öyrəşiblər ki, günləri elə polis bölmələrində keçir. Hətta professor Hilal Məmmədova qarşı hal şahidliyi edən birisi “a kişi, bu alimə oxşayır, bundan narkoman olar?” desə də, “səsivi kəs, kağıza qol çək, yoxsa…” hədəsi ilə ona protokola qol çəkdiriblər. Deyəsən mövzudan yayındım, professor Hilal Məmmədova daha 4 ay verdilər ki, axtarıb bir şey tapsınlar, deyilənlərə görə hətta tapıblar da: Lənkəran rayonunda bir nəfər Hilal müəllimin üzünə durmağa razılıq verib, sadəcə mənə bir şey maraqlıdır: həmən şəxs Hilal müəllimin üzünə durub nə deyəcək? Deyəcək ki, biz bir yerdə narkotika satırdıq? Bəlkəm bir yerdə cəsusluq ediblər? Bəlkəm bir yerdə dövlət sirrlərini (?) öyrənib, xaricə satıblar? Hər üç variantda həmən şəxs də həbs olunmalıdır, necə ki, Ustad Novruzəli Məmmədovun üzünə yalandan duran elman həbs edildi, Ustad Şəhid olsa da qəlblərimizdə daima yaşayacaq, ancaq elmanın sağ olmasına baxmayaraq o ölü kimidir, çünki insan cismən bir dəfə ölür, adı isə qalır, mənən ölüb-dirilənlər isə ayaq üstə gəzən leşlərdilər ki, onlar ətrafdakılar üçün ölüdən də pisdirlər. Mən bu günkü məhkəmələrdə ƏVƏZİ, HİLALI, (Hilal müəllim, bağışla, SƏNi heç vaxt adınla çağırmamışdım, ancaq SƏN də bu siyahıda olduğun üçün, ayıra bilmədim) NİGARI görəndə fərəhlənirəm, bu insanlar bizlər üçün QƏHRAMANLIQ salnamələridirlər, belə ÖVLADLARI olan VƏTƏNin pis günü az olar, yaxşı günü bizlərə SİZLƏR verəcəksiz, mən buna əminəm!

“Atılan” rektor???

Yuxarıda yazmışam, Elşad Abdullayev deputatxanaya girmək üçün 2 milyon rüşvət verib, bu rüşvəti verərkən hətta bunu video və audio lentlərə yazıbda, çox maraqlıdır ki, Elşad Abdullayev həmən 2 milyonu məhz ƏVƏZi “məndən pul tələb edib” iddiası ilə tutduran deputat Gülər Əhmədovaya verdiyini iddia edir, pulunu geri istəyəndə… təbii ki, qapıdan qovulub, yəni ki, 2 milyon atılıb. Ay Elşad Abdullayev, axı səninçün 2 milyon nə puldur ki, buna görə bizim deputatxananı biabır edirsən? Vallah şəxsən mən xəcalət çəkirəm, ona görə ki, artıq Avropa bir daha şahid oldu ki, bizdə deputatlığı satırlar! Bu bizə lazım idi? Ay Elşad Abdullayev, bazarlığın alınsaydı və sən də deputatxanaya düşsəydin, bu iki milyonun adını tutardın? Təbii ki, tutmazdın, çünki beş ildə həmən iki milyonu 200 dəfə “çıxardacaqdın”, toxunulmamazlıq əldə edəcəkdin, yenə də tələbələri çapıb-talayacaqdın, necə ki, bunu bəzi fərdlər edə bilirlər, amma alınmadı, bilirsən niyə? Ona görə ki, həmən yığdığın o iki milyonda minlərlə insanın imtanlarda tökdüyü göz yaşı var, kəsilməmək üçün evindən nalə-qarğışla satdığı zinyət əşyalarının ahı var, sən o pulu onsuzda yeyə bilməyəcəkdin, o pulu, əgər dediklərin həqiqətdirsə, heç Gülər Əhmədova da, Ramiz Mehdiyev də yeyə bilməz, minlərlə insanın naləsini də yemək olarmı? Olmaz, hörmətli rektor, olmaz, Allahıva şükr elə ki, həmən haram pul səndən çıxıb, amma mənə yenə də bir şey çatmır: necə olur ki, Elşad Abdullayevin lentə aldığı audio yazılar, video görüntülər prokurorluq tərəfindən “icazəsiz yazılıb” iddiası ilə qəbul edilmir, ancaq elə həmən Gülər Əhmədovanın yazdığı və ancaq öz səsi eşidilən, ƏVƏZin tutulmasında böyük rol oynayan audio yazı qəbul edilir. Deyəsən ikili standartlar xod gedir, sonra da deyirik ki, Avropada ikili standartlar var, yəqin bizdən oğrayıblar, axı bizim “analoqumuz” yoxdur….

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
“Tolışon Sədo” N:32(44), 22 sentyabr 2012

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button