“İlhamə Quliyevanın qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib”

Çingiz Qənizadə

“İlhamə Quliyevanın vəfatı Mehriban Hüseynovanın həbsi ilə əlaqədar gedən istintaqın tamamlanması anlamına gəlməməlidir. Prosesə uyğun olaraq İlhamə Quliyevanın qanuni varisinin kim olması müəyyənləşdiriləcək və şikayət əsasında istintaq davam etdiriləcək. Həbsxanada olan vətəndaş Mehriban Hüseynova İlhamə Quliyevanın ona qarşı qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib. Mən isə qanuna uyğun olaraq daxil olan müraciəti Baş Prokurorluğa göndərmişəm. Qanunla onların cavab vermək müddəti var”.

Bunu bir müddət əvvəl xalq artisti İlhamə Quliyevanın qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edən deputat Çingiz Qənizadə deyib. Ç.Qənizadə qeyd edib ki, İlhamə Quliyevanın yoxluğu bəzi məsələlərin araşdırılmasında müəyyən problemlər yarada bilər:

“Bununla belə Mehriban Hüseynovanın dövlət rəsmilərinə müraciətində əks olunan məqamlar araşdırılmalıdır. Ən azı Mehriban Hüseynovanın video görüntülərinin çəkilib mətbuata yayılması, şəxsiyyətinin və nüfuzunu alçaldan hərəkətlər qanunla qadağandır. Eyni zamanda görüntülərdən də aydın olur ki, ona təzyiq var və bu halda həmin addımları atır. Bunlara hüquqi qiymət verilməlidir. Burada söhbət təkcə İlhamə Quliyevadan yox, evdə olan bütün şəxslərdən gedir. Yəni, onlar da eyni dərəcədə məsuliyyət daşıyırılar. Hesab edirəm ki, ölkədə qanun hamı üçündür. Heç kimin titulu, cəmiyyətdəki yeri, ona verilmiş səlahiyyətləri qanundan ali ola bilməz. Ona görə də vətəndaş Mehriban Hüseynovaya qarşı edilən hərəkətlər və KİV-lərdə şəxsiyyətinin, ləyaqətinin alçaldılmış formada videolarının yayılması qanunla qadağan edilir və məsuliyyət yaradır. Bu halları törədənlər məsuliyyət daşıyır və hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Deputat, həmçinin bildirib ki, Mehriban Hüseynovaya qarşı qanunazidd hərəkətlərə hüquqi qiymət verildikdən sonra iş məhkəməyə gedərsə, cəza müəyyənləşəcək:

“Cəza məsələsi məhkəmənin səlahiyyətlərinə aid olan məsələdir. Hadisə zamanı evdə başqa şəxslər də olub. İlhamə Quliyevanın oğlu, onun dostu, başqa bir xanım Mehriban Hüseynovanı aldadaraq evə gətiriblər, təzyiq göstərərək video çəkiliş edib, həmin görüntüləri mətbuatda yayıb, onun şəxsiyyətini alçaldıblar. Eyni zamanda Mehriban Hüseynova köməkçi kimi çalışıbsa, rəsmiləşdirilməli, vergi ödəməli və əməkhaqqı almalı idi. Mehriban Hüseynovanın həbsi ilə bağlı gedən istintaqda bu məqamlar da araşdırılacaq”.

Qeyd edək ki, fevralın 4-də Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə İlhamə Quliyevanın keçmiş köməkçisi, hal-hazırda Bakı İstintaq təcridxanasında həbsdə olan Mehriban Hüseynovanın hüquqlarının pozulması hallarının araşdırılması xahiş olunub.

Azvision.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button