İlham Əliyevi debata dəvət edirəm

Əli Kərimli: “Azərbaycana irticanı xarici qüvvələr gətiriblər, millət özbaşına olanda hakimiyyətə demokratik qüvvələri gətirib”

Məqsədim prezidentliyə namizəd olmaq deyil, heç prezidentlik də deyil

Mən həbs olunmamaq üçün heç nə eləmirəm, önəmli olan budur

Məni həbs edə, öldürə bilərlər

“Qaynar Qazan”da bu dəfəki qonaq AXCP sədri Əli Kərimlidir. Onunla bir aydır danışıqlar gedirdi, ancaq heç cür müsahibə alınmırdı ki alınmırdı. Müsahibə ideyasını isə “Qaynar Qazan”ın 2-ci buraxılışının qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vermişdi. Rauf Arifoğlu müsahibə boyu Əli Kərimlinin üzərinə getmiş, onun haqqında danışmış, onu ciddi tənqid etmişdi. Biz bu mənada Əli Kərimliyə həm də bir cavab haqqı tanımaq istədik. Uzun zaman ötsə də, nəhayət, cənab Kərimli müsahibəyə razılıq verdi. Ancaq bu da asan olmadı. Öncə köməkçisi Faiq Əmirli bir neçə ad çəkərək, onlar haqqında danışmamaq və sual verməmək barədə razılıq əldə etmək istədi. Bu, daha doğrusu, qadağa idi. Razılaşa bilməzdik və razılaşmadıq. Sonra məlum oldu ki, Əli Kərimli heç bir şərtsiz müsahibəyə razılıq verib, amma görüşəndə eyni qaydada və eyni sözləri eşitdik. O ovqatda da müsahibəyə başladıq. Hətta bir ara bizə elə gəldi ki, ümumiyyətlə, müsahibə alınmayacaq.

Ancaq zamanla parlaq bir müsahibə alındı. Nəzərdə tutduğumuz bütün sualları verdik və hamısının da cavabını aldıq. Hətta bir ara verməyi planlamadığımız sualları belə yönəltmək imkanımız oldu. Müşahidələrimizə görə Əli Kərimlidə bəzi tərəddüdlər varmış. Tərəddüdlər aradan qalxdıqca, söhbət tam müstəqil mətbuat sərhədləri daxilində irəlilədikcə, Əli Kərimli də açıldı və bizim qənaətimizə görə, tarixə düşəcək bir müsahibə alındı.

Əvvəldə bir çox qadağalarla üzləşəcəyimizi düşündüyümüz halda, kimlər haqqında danışmadıq ki. Təxminən hamı haqqında. İndi qalır onu oxumaq və müsahibəyə baxmaq. Sonra yenə müzakirə edərik…

Əvəz Zeynallı

 

II hissə

 

(Birinci hissə bu linkdə: https://www.xural.com/?p=26485)

 

Əbülfəzin söylədiyi səbəbləri mən yetərli saymamışam

– Təbii ki… Belə hesab edək ki, bu, həm də üç ilin yığılıb qalan müsahibəsidir. Cəbhə daxilindəki intriqalara toxunduq. Ancaq bir Əbülfəz Qurbanlı məsələsi də var ki, bu haqda tez-tez sual verirlər – görəsən, o, niyə Cəbhədən getdi? Həmişə öndə olardı və mitinqlərdə aparıcılıq edərdi… Bu haqda Nicat Əmiraslanovun bir sualı var: “Əli bəydən soruşun, Əbülfəz bəyi göndərməkdənsə, problemi həll etmək olmazdımı?” Bu haqda Bəxtiyar Hacıyevin də sualı var. Bu, onun üçüncü sualıdır: “Bu məsələ, nə məsələ idi? Bu doğrudan da ciddi məsələdir, yoxsa bizə də eşitdirildiyi kimi siz həqiqətən də onun arxasınca adam göndərmisiniz ki, heç bir problem yoxdur, partiyaya qayıtsın?” Bu barədə cəmiyyətə açıqlanacaq bir şey varmı?

– Əbülfəz Qurbanlı mənim hörmət elədiyim bir şəxsdir. Çox qabiliyyətli gənc siyasətçi olduğuna görə. Karyerasını özü qurub. Amma mən də açığı, ona xoşkönüllü olmuşam. İmkanım daxilində mən də ona yardımçı olmuşam və onun Xalq Cəbhəsinin Gənclər Komitəsinin sədri təyin olunması da, çox gənc yaşlarında sədr müavini təyin olunması da mənim öz şəxsi qərarım olub. Yəni haradansa belə bir istək ifadə olunmayıb – nə təşkilat daxilindən, nə də ki, başqa bir yerdən… Və onun təşkilatdan getməsinə də təəssüfləndim. Bunu təşkilat üçün itki sayıram.

– Əli bəy, Əbülfəz Qurbanlının partiyadan getməsilə bağlı əvvəlcədən məlumatınız olmadı, eləmi?

 

– Mən məlum status yazandan sonra Əbülfəz bəylə bir neçə dəfə danışmışam və təşkilata dönməsini təklif eləmişəm. Əbülfəz bəy özü lazım bildiyi vaxtda yəqin ki, cəmiyyətə özünün mövqeyini izah eləyər. Amma gedən odur, mən deyiləm ki, izahat verim?

– Amma siz onun getməyinin səbəbini bilirsiniz də?

 

– Xeyr. Onun mənə söylədiyi səbəbləri mən yetərli saymamışam. Özünə də bu barədə fikrimi demişəm. Amma əlbəttə ki, mənə də bir şeylər deyib, ifadə eləyib… Mən hesab eləmişəm ki, o, təşkilatda öz fəaliyyətini davam elətdirə bilər. Mən ümid edirəm ki, Əbülfəz bəy mənim, cəbhəçilərin ona olan etimadını təşkilatdan gedəndən sonra da davam eləyəcək. Çox gəncdir, həyatını bundan sonra necə yaşayacağına özü qərar verəcək. Bizim özümüz də, hamımız onun sonrakı qərarlarına baxaraq, sonrakı addımlarına baxaraq, bundan sonrakı həyatını necə yaşayacağını biləcəyik. Mən hər halda ondan Azərbaycan üçün də, Cəbhə üçün də neqativ bir hərəkət gözləmirəm.

– Maraqlıdır. Görünür, kifayət qədər ciddi hadisələr olub, deməli… Bir sual verəcəm. Amma verməyə də bilərdim…

– Buyurun, verin…

Elsevər Mürsəllini bağışlamaq olarmı?

– “Azadlıq” qəzetinin səhifəsində adı “siyasi məhbus” kimi keçən çox məhbuslar var ki, – mən bu hadisələrin çoxunun şahidi olmuşam – sırf Cəbhənin və sizin əleyhinizə əfv ərizəsi yazdıqlarına görə, azadlığa çıxıblar. Hətta ərizədə sizin ünvanınıza çox sərt ifadələr olub ki, xoşlarına gəlməyib, bir neçə dəfə təkrar ərizə yazdırıblar. Bu haqda mən ətraflı olaraq, faktlara əsaslanaraq yazmışam. Nə qədər ağır ittihamlarla ərizə yazıblarsa, o qədər də tez azadlığa buraxıblar.

– Görürsünüz, xalqa necə xidmət edirik. (İroniyalı təbəssümlə…)

– Əslində, o da bir xidmətdir…

– Bəli… Biri ərizə yazır, ittiham edir, azadlığına qovuşur, biri satır, gedir kreditini ödəyir. Bu da xalqa xidmət.

– Siz bilirsinizmi ki, təkcə “Azadlıq” qəzetinin 3-cü səhifəsində yer alan “Millətin Şərəf lövhəsi”ndən “məni çıxarın!” ifadəsi azadlığa bərabərdir. Bunu biləsiniz. Mən rəsmən bunu görmüşəm, bilirəm. Elsevər Mürsəlli bir neçə dəfə mənə yazdı ki, “Əvəz bəy, bəzi iqtidar saytları mənim dediklərimin üstünə beşini qoyub, mənim dilimdən Əli bəy üçün yazıblar, o da məndən incidiyini bildirib – AXCP-də, Cəmil Həsənli də… Əgr xətirlərinə dəymişəmsə, məni bağışlasınlar, böyüklür eləsinlər. Cəmil Həsənliyə, Əli Kərimliyə hörmətim sonsuzdur. Son günlər Razi Nurullayev adamlarını üzərimə göndərdi və mən də onların cavablarını verdim”. Bu haqda FB səhifəsində var. İndi bilmirəm, onu bağışlayarsınızmı, bağışlamazsınızmı? Belə gəncləri bağışlamaq olarmı?

– Biz kimik ki?

– Hər halda mən üzərimə düşən missiyanı yerinə yetirdim.

– Bağışlayıb, bağışlamamaq Allaha aiddir. Mənim tərəfimdən belə deyək ki, heç bir kinlilik ola bilməz. Mən buna xırda məsələlər kimi baxıram, açığı… Xüsusilə də əgər adam elədiklərinə görə, üzr istəyirsə, əlbəttə ki, onun üzrü qəbul olunur.

– Çox sağ olun, yəqin ki, sevinəcək. Əşrəf Elatlı yazır ki, “Əli bəy, niyə kitab yazmırsınız?” Məncə, hələ tezdir, amma bəlkə sizin verəcəyiniz cavab var?

– Yaxşı fikirdir, əslində özüm də fikirləşirəm, amma cari işlər o qədər çoxdur ki, ona görə də açığı, vaxt yoxdur.

Əli Kərimli təklənib?

– Allah uzaq eləsin, amma həbsxana yaxşı kitab yazmaq yeridir.

(Gülür…)

– O da bir variantdır. Hələ ki, imkan yoxdur, amma olacaq.

– Bu suala təxminən bayaq cavab verdiniz, amma yenə də deyəcəm. Əbil Həsənov soruşur ki, təklənməyinizin səbəbi nədir? Ümumiyyətlə, özünüzü təklənmiş hesab edirsinizmi? Yəqin ki, cəmiyyətdə də bu fikir var – hakimiyyətin resursları üstünüzə gəlir və ona görə də hesab edirlər ki, siz təklənibsiniz. Bəzən adama həqiqətən də elə gəlir. Belə hesab edirsinizmi özünüzü?

– Bilirsinizmi, Əvəz bəy, baxır məsələyə haradan baxırsan. Bir tərəfdən tam əminliklə hesab edirəm ki, bu günləri bu ölkədə ən çox geniş ətrafı, böyük dəstəyi olan adamlardan biri mənəm. Ölkənin bütün guşələrində, bütün coğrafiyasında, bütün təbəqələrinin arasında tərəfdarlarım var. Mənə etimad edib, ardımca gələn insanlar var. Ona görə də mən özümü necə tək-tənha saya bilərəm? Bu mənada nəinki özümü təklənmiş saymıram, əslində bu şərtlərə görə, ən geniş arxası – xalq dəstəyi olan adamlardan biri syıram özümü. Amma sualın müəyyən mənada əsası da var. Əsası o mənadadır ki, insanlar baxıb görürlər ki, hökumət mediası səhərdən-axşama illər uzunu, aylar boyunca mənim üstümə gəlir və hədəfdə olan insanlar bir-bir sıradan çıxırlar, ona görə də bir çox adamlarda belə təəssüratlar yaranır ki, mən təklənirəm. Həm də o cümlədən vaxtilə 5 il, 3 il, 1 il bundan əvvəl mənimlə bir düşərgədə olanlar da bəzən çıxdaş olurlar – ya düşərgəni tərk edirlər, ya təslim olurlar, ya da kənara çəkilirlər – bunun da hamısı insanların gözü qarşısında baş verdiyinə görə, onlara elə gəlir ki, mən təklənirəm. Demək bu yerdə düzgün ifadə işlənilmir. Əgər mən öz mübarizəmdə sabitqədəməmsə, mən öz səngərimi tərk eləməmişəmsə, amma bu səngəri tərk edənlər varsa…

 

Bir addım belə geri çəkilmək fikrim yoxdur

 

– Gedən təklənir, o zaman…

– Bəli… Bəli, gedən təklənir. Gedən özünün getdiyinə görə məsuliyyət daşımalıdır, hesabat verməlidir. Mən öz mövqeyimdəyəm, bir addım da geri qoymamışam və açığı, kimin hara getməyindən asılı olmayaraq, belə bir niyyətim də yoxdur. Bir addım belə geri çəkilmək fikrim yoxdur.

– Vahid Qasımov sual verir: “Əli bəy daha çox xalqa və ya xalqın nə vaxtsa ayağa qalxmasına, yoxsa aparıcı ölkələrin bu hakimiyyətə nə vaxtsa ciddi təsir edəcəyinə güvənir? Ölkənin büdcəsini talayandan sonra gec olmayacaqmı?”

– Xalqa… Birmənalı şəkildə xalqa… Vahid bəyə də təşəkkür edirəm. Mən uzun illərdir ki, öz yazılarımda, çıxışlarımda o mesajları verirəm ki, qətiyyən kənardan nicat gözləmək olmaz. Heç bir halda. Əlbəttə, bizə xoş olur ki, bizim haqlı davamıza dünyadan adekvat qiymət verilsin… Məsələn, siz də içəridə yatırdınız, ATƏT-in, AŞ-ın bir rəsmisi sizə dəstək durur…

– Dəstək olmasa, çətin olur.

– Aha… Deməli, bu, sizin haqlı davanızdır. İnsanın ümumiyyətlə, daxili tələbatı var ki, haqlılığı etiraf olunsun. Mənəvi baxımdan bizim də tələbatımız var ki, biz haqlıyıqsa, haqlılığımız etiraf olunsun. Amma tam məsuliyyətimlə bunu deyirəm və istəyirəm ki, bizim oxucular bunu bilsinlər ki, qətiyyən ölkənin taleyini kənar səylərə bağlamaq olmaz. Qətiyyən, heç bir halda… Və buna ümid olsaq, biz hələ çox əsarətdə qalacağıq. Heç kim bizim əvəzimizə Azərbaycanda gəlib, köklü demokratik dəyişikliklər aparmayacaq. Günün birində millətimiz ayağa qalxaraq, bu dəyişikliyi həyata keçirməliyik. Tam şəkildə bütün inam, ümid xalqla bağlıdır.

Azərbaycana irticanı xarici qüvvələr gətiriblər

– Bu məqamda yeri gəlmişkən, Emin Quliyev soruşur ki, Əli bəy doğrudanmı inanır ki, bu xalq nə vaxtsa ayağa qalxacaq?

– Əlbəttə… Buna inanmayanlar, bilirsinizmi, nə düşünürlər? Görünür, bunlar Azərbaycan xalqı haqqında çox aşağı fikirdədirlər. Baxın, 100-dən artıq ölkə öz demokratiyasına qovuşub. Onlardan deyək ki, 5-10-u asan yolla, xarici qüvvələrin təsirilə, İkinci Dünya müharibəsindən sonra hakimiyyəti azad edib, xalqa demokratiya qurmaqda köməklik ediblər. Amma bu gün bu ölkələrin böyük əksəriyyəti – Əvəz bəy, siz bunu yaxşı bilirsiniz – əziyyət çəkiblər, mərhumiyyətlər yaşayıblar, inqilablar eləyib, qanlar töküblər, nəhayət, demokratiyalarına qovuşublar. Mən öz millətimiz haqqında yüksək fikirdəyəm və mən inanıram ki, bizim də millət qovuşacaq. Çünki bizim millət əslində iki dəfə demokratiyasına qovuşub. Mən ona görə milli natamamlıq hissinə qapılanları qınayıram ki, biz axı iki dəfə kənar təzyiq olmayanda demokratiyanın əsasını qoymuşuq. Həm Xalq Cümhuriyyəti zamanı, həm də rəhmətlik Əbülfəz Elçibəyin rəhbərliyilə Xalq Hərəkatı zamanı… Nəyə görə bəs saxlaya bilməmişik? Özümüzün müəyyən səhvlərimiz olub. Amma əsas faktor – xarici faktor olub. Fikir verin, deməli, bizə demokratiya nəinki xaricdən gəlməyib, irtica xaricdən gəlib. Hər dəfə özü də… Azərbaycana irticanı xarici qüvvələr gətiriblər. Millət özbaşına olanda hakimiyyətə demokratik qüvvələri gətiriblər.

– Bəli, millətimiz təbiətən demokratiyaya meylli millətdir.

– Bəli, atalar üçdən deyib. İnanıram ki, bu ölkəyə demokratiya üçüncü dəfə də gələcək.

Əgər belə davam edərsə…

 

– Həsən Səftərli yazır ki, “niyə Azərbaycan xalqını inqilaba səsləmirlər? Hər şey göz qabağındadır. Azərbaycanda mövcud hakimiyyət Azərbaycanın yerli əhalisinə qarşı gizli genosid aparır”.

– Əvvəla, inqilab dəyişikliklər üçün heç də yaxşı üsul deyil. Hətta ölkədə bütün bu çətinliklərə baxmayaraq, rastlaşdığımız bütün bu haqsızlıqlara, yaşadığımız mərhumiyyətlərə baxmayaraq, mən günü bu gün də inqilabi dəyişikliklər istəmirəm. Mən istəyirəm ki, bizim imkanlarımız olsun, demokratiyaya yumşaq keçid edək. Yox, əgər nə zamansa, bu ölkədə inqilab olacaqsa, bu, Əli Kərimlinin və ya bir başqasının çağırışı ilə olmaz.

– İnqilablar zatən çağırışlarla olmur, qəfildən olur…

– Bəli… Bütün savadlı adamlar bunu bilməlidirlər… Əgər belə gedərsə, inqilabı yetişdirəcək hökumətin özü, qərarı da verəcək xalq.

– 1987-ci ildə siz təşkilatı niyə yaratmışdınız? Milli-mənəvi dəyəri olan abidələri qorumaq üçün…

– Bəli…

– Bir də baxıb gördünüz ki, inqilab baş verdi…

– Bəli… Hətta özümüz də təəccübləndik ki, niyə belə tez oldu?

…razılaşdırılmamış mitinqlərdən imtina eləmişik

– Tehran Abdullayev soruşur ki, niyə Avropa Olimpiya Oyunları zamanı mitinq keçirilmədi?

– Oyunlar zamanı rəsmən mitinqlər qadağan olundu və bunu qanuna da saldılar. Həmin dövrdə ölkədə dünyamiqyaslı yarışlar keçirildiyi üçün aksiyalar rəsmən qadağan olundu. Açığı, biz razılaşdırılmamış mitinqlərdən bir müddətdir ki, imtina eləmişik. Onsuz da, cəmiyyətin ciddi demokratik resursları tükənir. 2014-15-ci illərin həbsləri, vətəndaş cəmiyyətinin tamamilə sıradan çıxarılması, müxalifətə vurulan zərbələr, 80-100 nəfər siyasi məhbus – bunlar onsuz da bizim resurslarımızı məhdudlaşdırıb. Üstəlik də razılaşdırılmamış mitinqlər əlavə sanksiyalara imkan yaradır. Həm iri miqyaslı cərimələr, həm əlavə həbslər… Ona görə də tək Avropa oyunları keçirilən zaman yox, ümumiyyətlə fikir versəniz görərsiniz ki, biz çalışırıq, xüsusi ehtiyac olmasa, indi də razılaşdırılmamış mitinqlərə getməyək. Bizdə razılaşdırılmamış mitinqlər yoxdur.

– Teymur Həsənov soruşur – tanımıram, amma mənə elə gəlir ki, cəbhəçidir – “Sizdən çox xahiş edirəm, Əli bəydən soruşun görək, İlham Əliyevlə debatda ona hansı sualı vermək istəyər?”

– Kaş ki, elə bir debat imkanı olsun. Suallar çoxdur.

 

İlham Əliyevlə debat istəyirəm və buradan müraciət edirəm

– Yəni verəcəyiniz əsas bir sualınız yoxdur?

– Verəcəyim sualların hamısı əsasdır. Ona görə də mən elə bir debat imkanı istəyirəm. Sizin bu proqramı da mənim müraciətim kimi qəbul edə bilərlər.

– Maraqlı olar. Çox maraqlı olar. Əslində, azad mətbuatda nə gözəl olar ki, siz prezident İlham Əliyevlə debatda olasınız… Onun da zənn edirəm ki, kifayət qədər arqumentləri var, sizin də kifayət qədər arqumentləriniz var.

– Niyə olmasın ki? Niyə olmasın ki? Baxın, sizin İlham Əliyevə sual ünvanlamaq imkanlarınız yoxdur, çünki İlham Əliyev tək sizə yox, 12 ildir ki, Azərbaycan mətbuatının heç bir sualına cavab vermir…

– Çox təəssüf ki, ölkə mətbuatına qapalıdır…

– Heç olmasa, ona xidmət edən adamlar var… Həm rəsmi, həm də qeyri-rəsmi, onun nümayəndəsi səlahiyyətlərini üzərinə götürən adamlar niyə izahat vermirlər ki, İlham Əliyev öz mövqeyinə arxayındırsa, özünün də bizə ciddi iradları, ittihamları varsa, niyə də bu cür debatlar olmasın? Bütün televiziyalar da onun sözünə baxır…

İlham Əliyevlə heç salamımız da olmayıb

– Təbii ki… Yeri gəlmişkən, sizin İlham Əliyevlə münasibətlərinizin yaxşı dövrləri olub, deyəsən…

– Heç bir vaxt… Heç vaxt tanışlığımız da olmayıb, heç vaxt salamımız da olmayıb, heç vaxt yaxşı münasibətlərimiz də olmayıb.

– Heç bir vaxt?

– Heç bir vaxt!!!

– Maraqlıdır… Mən elə bilirdim, olub. Cavid Zülfüqarlı deyir ki, çox arzu edirəm, cənab Əli Kərimli sizə müsahibə verməsin. Bilmirəm, nəyə görə… Yəqin o da cəbhəçidir.

– Başa düşürəm. O, sizdən şübhələnib ki, siz məni birdən bu müsahibə ərzində – qismən də haqlı çıxdı – ikinci dərəcəli məsələlərə sövq edə bilərsiniz. Mən bilirəm, yəqin ki, o motivlə deyib onu…(Gülür…)

– Məncə haqlı çıxmadı…

– Qismən yəni…

– Amma mən hesab edirəm ki, Əli Kərimlinin bu müsahibəsi, müxtəlif suallara baxışı məhz indiki zamanda çox lazımdır…

– Buyurun…

– İlqar Mahmud – Güman ki, musavatçıdır – sual verir ki, Qubad İbadoğlunu demokrat adlandırmışdınız, Razi Nurullayev də AXCP-dən çıxan demokratdırmı?

– Belə müqayisələrə bizim Müsavat Partiyasının üzvləri tərəfindən tez-tez rast gəlirəm.

 

Mən bu adam haqqında birinci dəfədir danışıram

– Mən çalışdım ki, cəbhəçilərin suallarını ayrı kateqoriyalaşdırım, müsavatçıların suallarını da ayrı… Çünki onların hər birinin öz fikirləri var…

– Aha… Mən bildiyim qədərilə Qubad bəy öz partiyalarının daxilində alternativliyini irəli sürəndə heç partiyanın özündən onun əməllərinə qiymət verilməmişdi axı… Belə deyil? Baxın, Razi məsələsi gündəmə necə çıxıb? Mən bu adam haqqında birinci dəfədir ki. Danışıram. Özü bu barədə necə açıqlama verib? Nə baş verib? Onu partiyadan necə uzaqlaşdırmışıq?

– Siz qovmusunuz da partiyadan. Elə çıxıb…

– Aha… Çağırmışam, sübutlarımı təqdim etmişəm, qərarımı da vermişəm. Nə zaman Müsavat partiyasında Qubad bəylə bağlı belə bir hadisə olub?

– Heç bir zaman…

– Ona görə də zəhmət olmasa, bu məsələləri belə müqayisə eləməsinlər.

– Müsavatla bağlı daha bir sual. Çox güman ki, bu bəy də müsavatçıdır. Elmar Nəbi sual verir ki, Müsavat Partiyası sizin üçün nədir – dost, rəqib, düşmən, sıravi partiya, yoxsa nə? Müsavat Partiyası ilə bağlı başqa bir sual daha var.

– Bəlkə Müsavatla bağlı bütün sualları qruplaşdırasınız?

Müsavat Partiyası ilə də bütün zamanlarda çalışmışam ki, birlik yaransın…

– İlkin Əli Məmmədli deyir: “Əli bəy, hər dəfəsində Müsavat Partiyası ilə ayrılacağını bilə-bilə niyə onlarla blok qurur?”

– Mən hər zaman çaışmışam ki, ölkədə müxalif mövqeyində olan qüvvələr birlikdə olsunlar. Niyə buna çalışmışam? Çünki çox istəmişəm ki, dəyişiklik olsun, tez olsun. Sualların da birində var idi ki, büdcə qurtaracaq, rezervlər qurtaracaq, gec olmayacaq ki? Mən də onun narahatçılığını yaşayıram, açığı… Etiraf eləyirəm, istəyirəm, ölkədə dəyişikliklər tez olsun ki, ölkə uçurumun içində tam olaraq qalmasın, heç olmasa… Heç olmasa uçurumun ətrafında olanda bizim bu ölkəni dəyişikliklərə aparmaq imkanımız yaransın. Yoxsa uçurumun içərisindən çıxmayaq bir də… Ona görə də həmişə səy göstərmişəm ki, ölkənin bütün demokratik qüvvələri birlikdə olsunlar. Müsavat Partiyası ilə də bütün zamanlarda çalışmışam ki, birlik yaransın… Bəli, 2005-ci ildə xoşagəlməz hadisələr oldu aramızda… “Azadlıq” blokunu tərk elədilər. Amma buna baxmayaraq, 2010-cu ildə birlikdə blok yaratdıq – İctimai Palatanı yaratdıq, daha sonra Milli Şuranı yaratdıq. Amma axı, gedən mən deyiləm. Mən hər dəfə bu birlik üçün çalışmışam. Elədir? Mən hansısa bir ittifaqdan çıxmamışam axı.

– Əli bəy, bu birlik üçün öz liderliyinizdən imtina edərsinizmi?

– Əvəz bəy, neçə dəfə eləmişəm.

– Bəli… Eləyibsiniz də… İctimai Palatada elədiniz, Milli Şurada da onun kimi…

– Bəli, ondan əvvəl də…

 

50 yaşım oldu, hələ namizəd deyiləm…

– Heç öz namizədliyinizi irəli sürmədiniz…

– Bəli. Mən nə vaxt namizəd olmuşam ki? Yəqin sizin də yadınıza gələr. O vaxt mənim hələ 35 yaşım tamam olmamışdı, Azərbaycan Konstitusiyasında müddəa var ki, yalnız 35 yaşı tamam olanlar Azərbaycan prezidentliyinə namizədliklərini irəli sürə bilərlər. Bir qrup adam səs-küy salmışdı ki, bunun 35 yaşı tamam olan kimi, prezidentliyə namizəd olacaq. İndi artıq mənim 50 yaşım tamam oldu. Yenə hələ namizəd deyiləm. Olmamışam da…

– Amma yenə də o fikir qalmaqdadır…

– Bu başqa bir məsələdir. Mən çox adam üçün opponentəm.

– 2018-ci ildə namizəd olacaqsınızmı?

– Mənim məqsədim prezidentliyə namizəd olmaq deyil. Heç prezidentlik də deyil. Mənim məqsədim Azərbaycanın gerçəkdən bu sülalə hakimiyyətindən qurtarılması və burada demokratiyanın qurulmasıdır.

– Onun üçün də namizədliyinizi verməlisiniz axı…

– Yox. Mütləq deyil ki, bu, mənim namizədliyimlə olsun. Bu mütləq deyil! Əgər situasiya tələb eləsə – doğrudan da, məsələn 2013-cü ildə mənim bir araya gətirə bilmədiyim müxtəlif partiyaları Rüstəm bəy İbrahimbəyov bir araya gətirdi. İndi bir dəstə adam buna görə az qala bizə ittiham irəli sürürlər ki…

– Yeri gəlmişkən, bununla bağlı bir sual vermək olar?

– Buyurun…

 

…görürdüm ki, demokratik düşərgə Əli Kərimlinin namizədliyi ətrafında birləşə bilmir

– Bəxtiyar Hacıyev yenə sual verir: “2013-cü ildə  Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüləndə onun Rusiya vətəndaşı olmasını, seçkilərdə iştirakı üçün Rusiya vətəndaşlığından çıxmasının vacibliyini, bunun üçün Rusiya prezidenti Putinin razılıq verməli olduğunu bilirdilərmi? Vahid namizədliyi irəli sürülən şəxsin vətəndaşlığı barəsində məlumatı dəqiqləşdirmədən seçkilərin taleyinin Putindən asılı olduğunun problem oldacağını  düşünmürdülərmi?”

– 2013-cü ildə AXCP-nin də, mənim də nüfuzum kifayət qədər yüksək idi və hökumət yenə də mənim üstümə gəlirdi. Amma mən İctimai Palatada olanda, müxalifətin geniş birliyinin yaranması ilə bağlı səy göstərdim. Bəlkə də uzun illərdən bəri olan rəqiblik münasibətlərinə görə, hansısa başqa motivlərlə bu alınmırdı. Mən görürdüm ki, hər halda demokratik düşərgə Əli Kərimlinin namizədliyi ətrafında birləşə bilmir. Çox rahatlıqla – bunun xüsusi olaraq altını cızıram ki…

– Çox aydın görürdünüz…

– Bəli… Bir çoxları o birləşməyə gəldilər, amma onları ictimai rəy məcbur elədi. 2013-cü ildə, vahid namizədin ətrafında.. Amma mən bu işin təşəbbüskarlarından biri idim. İlk olaraq geri çəkildim və dedim ki, kaş bizi birləşdirən vahid namizəd olsun. Vahid namizəd birinci mərhələdə Rüstəm bəy oldu, onun problemləri çıxandan sonra Cəmil Həsənli oldu və mən yenə də açıqürəkliliklə Cəmil Həsənlini də müdafiə elədim. Elədirmi?

– Bəli…

– Hanı burada mənim ambisiyam? Bu güzəştə getmək demək deyil?

 

Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsəydik…

– Bəli…

– Bu, əvvəlki sualınızın cavabı idi. İndi Rüstəm bəylə bağlı məsələ…  Rüstəm İbrahimbəyov Azərbaycanda ən tanınmış, Azərbaycana yalnız müsbət imic gətirən dünya miqyaslı bir sənətkardır, ziyalıdır. Xüsusilə son illərdə Azərbaycan xalqının mövqeyindən ciddi çıxışlar etməyə başladı. Hökumətlə münasibətlər, yollar aralandı. Müxalifətin birləşərək birlikdə səy göstərərək birləşməsinə öz töhvəsini vermək istədi. Belə bir şəraitdə biz niyə Rüstəm bəyin sinəsindən vurub geri qaytarmalıydıq? Əslində biz razılıq verməsəydik, bu gün bizə irad bildirənlər, hamısı bizi bunda günahlandıracaqdılar…

– Deyəcəkdilər ki, nə üçün ona imkan vermədiniz?

– Bəli… İttiham olunacaqdıq ki, gül kimi Rüstəm bəy var idi, gəlirdi, müxalifəti birləşdirəcəkdi, siz öz ambisiyalarınıza görə, qoymadınız. Belə deməyəcəkdilər? Siz obyektiv bir jurnalist kimi deyin, belə olmayacaqdı? Əgər biz o birliyi yaratmasaydıq, Rüstəm bəyin də vahid namizədliyini irəli sürməsəydik…

– Təbii ki, deyiləcəkdi…

– Amma biz o Birliyi yaratdıq. Sonra nə oldu? İlham Əliyev Rusiya prezidenti ilə razılığa gəldi ki, Putin onun hakimiyyətdə qalması üçün Rüstəm İbrahimbəyova problem yaratsın. İndi burada qınanılası kimdir? Qınanılası, ölkədə demokratik seçkilərə imkan verməyən, ədalətli rəqabətdən qorxmuş ölkənin hazırkı dövlət başçısıdır. Ona kömək eləmiş və Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə eləmiş Putindir. Amma bunlar nə edirlər? Bizim üzərimizə yönəldirlər… Ki, bəs onun belə bir problemi vardı. O zaman mən soruşuram – Gürcüstanın ondan əvvəl prezidenti seçilmiş İvanidzenin Rusiya vətəndaşlığı yox idi?

İvanidzeyə niyə problem yaratmadılar?

– Var idi..

– Ona problem yarandı? Yaranmadı… Ümumiyyətlə, Azərbaycanda təqribən 700-800 min Rusiya vətəndaşlığı olan adam var. Onların hansı istədiyi vaxt Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığında qala bilmir? Var belə bir hal? Rüstəm bəydən başqa ikinci bir adama belə bir maneə yaradılıb? Yoxdur, axı, belə bir hal… Baxın, fikir verin, bu gün Gürcüstanda, Ukraynada başqa ölkələrin vətəndaşları, hətta Ukraynanın vətəndaşı olmayan adamlar bir günün içində vətəndaşlıqlarını alıb, bunu edirlər, amma Rüstəm bəy Azərbaycan vətəndaşlığını heç bir zaman da tərk eləməmişdi. O, Azərbaycan vətəndaşı idi və hüquqi baxımdan da heç bir problem yox idi. Əgər ona qeyri-qanuni maneə yaradıblarsa, bu bizim günahımız deyil.

– Rüstəm bəy hökumətə problem yarada bilərdi?

– Əlbəttə…

Siyasi məhbuslara qarşı ayrı-seçkilik

– Bizim siyasi məhbuslardan Orxan Eyyubzadə belə bir sual verir ki, “Əli bəy nə üçün siyasi və vicdan məhbusları arasında fərq qoyur? Nə vaxtadək tanınmışların məhkəmələrinə gələcək, digərlərinin yox?” Yeri gəlmişkən, mən təşəkkür etmək istəyirəm, siyasi və vicdan məhbuslarını müdafiə etməyinizə görə… Mən hər zaman – çıxanda da, indi də, sonra da təşəkkür etmişəm, edəcəm – başda siz olmaqla, ölkənin demokratik qüvvələri, beynəlxalq təşkilatlar olmaqla bizim çox illər içəridə qalmağımıza imkan vermədiniz.

– Sağ olun…

– Amma belə bir müşahidə məndə də var. Cəmiyyətdə maraqlı bir düşüncə tərzi var – siyasi məhbus sanki içəridə olanda yaxşıdır. Yəni həbsdə olanda hamı siyasi məhbusu müdafiə edir, həbsdən azad olanda isə özünə qarşı qəribə bir ögeylik hiss etməyə başlayır. Sanki hamı bir himə bənddir ki, anında desin ki, sən də hökumətə satıldın. Amma satılmayanları da var axı… İçəridən çıxıb, mövqeyini dəyişənlər də var, dəyişməyənlər də var axı…

– Baxın, görürsünüzmü, deyirsiniz ki, dəyişməyənlər də var…

– Bəli…

– Yəni istisnalar var… Çox təəssüf ki, dediyiniz təəssüratı məhz bu yaradır. Çox təəssüf ki… Amma bunu bəri başdan deyim ki, Əvəz bəy, insanlar ki millət yolunda, haqq davasında, azad söz naminə, müxalifətçilik mövqeyinə görə gedib bu mərhumiyyəti yaşayırlar, onların hamısı hörmətə layiqdir və mənim tərəfimdən onların hamısına hörmət olunur. Bir şey də var ki, o adam özü-özünə pislik eləməyənə qədər şəxsən mənim tərəfimdən hamıya hörmət var. Heç kim də qalxıb deyə bilməz ki, mən nə vaxtsa siyasi məhbusa ögey münasibət bəsləmişəm.

– O zaman Orxan nə üçün belə bir qənaətə gəlib?

– Bilmirəm, ola bilsin ki, mən onun məhkəməsinə getməmişəm. Yəqin ki, ona görə… Amma burada bir məsələ də var. Əvəz bəy, birinci onu etiraf etmək istəyirəm ki, 2014-15-ci illərdə bu repressiya dalğası ki hətta gəlib bizim xanımlarımıza da – Leyla xanıma, Xədicə xanıma çatdı, İntiqam Əliyev kimi hüquq müdafiəçisini əhatə elədi, ağır durum yarandı. Siz də bilirsiniz ki, insanların hüquq bərabərliyi onların bütün mənalarda bərabərliyi deyil də…

 

Xüsusilə qadınları həbs edəndən sonra qərara gəldim ki…

– Təbii ki…

– İnsanların fəaliyyətləri fərqlidir, tərcümeyi-halı, kimlikləri fərqlidir… Yəni Azərbaycan cəmiyyətinin gerçəkdən də elitası həbs olunandan, xüsusilə də xanımlar həbs olunandan sonra mən etiraf edirəm ki, bir az da siyasi məhbuslara diqqətimi artırdım və mən hesab elədim ki, artıq bu adamlar özlərini tək hiss eləməsinlər, möhkəm hiss eləsinlər. Elə bil Azərbaycan cəmiyyəti tam sınağa çəkildi, elə bil Azərbaycan cəmiyyətini sındırmaq istəyirdilər. Bu 80-100 siyasi məhbusu bütün dünyanı qarşılarına alaraq, tuta-tuta nəyə yönəlmişdilər? İstəyirdilər ki, bəli, müqaviməti sındırsınlar. Mən də şəxsən özümə borc bildim ki, təkcə əlimdən gələni bu nisbi azadlıqda elədiklərimlə yox, çıxışlarla, yazmaqla, müsahibə verməklə yox, həm də artıq məhkəmələrə getməklə bu dəstəyi ifadə eləyim. Bu adamlar özlərini mənəvi cəhətdən güclü hiss eləsinlər. Hətta məhkəməyə buraxmayanda da vəkil desin ki, Əli Kərimli qapının arxasındadır və səninlə öz həmrəyliyini ifadə eləmək üçün gəlib. Mən bunu bir jest olaraq elədim.

– Böyük dəstəkdir.

– Amma bunu da qəbul eləmək lazımdır ki, mən axı hamının da məhkəməsinə gedə bilmərəm. Ona görə də Orxan bəy gərək məndən narazı qalmasın.

– İşin başqa bir tərəfi də var. Bəzən gedilən məhkəmədə deyirlər ki, Əli Kərimli gəldi və ona görə də daha ağır cəza verdilər (Gülür…)

Məni həbs edə bilərlər

– Sizi həbs edə bilərlərmi?

– Əlbəttə…

– Mən hər zaman qeydlərimdə yazmışam ki, həbs olunanlardan biri də Əli Kərimli ola bilər. Vəkillərimə də bu haqda fikirlərimi bildirmişəm. Amma siz necə düşünürsünüz, həbs, daha ağır məhdudlaşdırmalar ola bilərmi?

– Hər şey ola bilər. Bilirsinizmi, hökumət öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü mənimlə bağlı istənilən ekstremal addımı ata bilər. Bu gün ona imkanları da var. Sadəcə, hər zaman onların qarşısında bu məsələ ilə bağlı hesablama qalır.

– Qənimət bəy yaxşı bir yazı yazmışdı ki, Nobel mükafatı almaq üçün Əli Kərimlini həbs eləmək lazımdır.

– Pis perspektiv deyil, prinsipcə… (Gülür)

Həbs nədir, öldürə də bilərlər

– Yəqin onlar da elə güman edirlər ki, Nobel mükafatı ala bilərsiniz, ona görə də həbs eləmirlər.

– Bilmirəm, Nobel ala bilərəm, ala bilmərəm, amma hər halda hökumət başa düşür ki, mən həbsdə də indikindən artıq onlara baş ağrısı olaram. Ona görə də, əgər bu qərarı indiyədək verə bilməyiblərsə də, onu fikirləşirlər, yəqin ki… Yoxsa, başqa vaxt həbs nədir, öldürə də bilərlər. Amma onu da fikirləşirlər ki, öldürərlər, sonra da məsələ tribunallıq olar. Axı, söhbət dünyanın tanıdığı adamdan gedir, prinsip etibarilə. Ona görə də, özləri indi ölçüb-biçəcəklər. Mən həbs olunmamaq üçün heç nə eləmirəm, önəmli olan budur. Qərar artıq özlərinə bağlıdır.

– Yəqin ki, artıq haqqınızda cild-cild, ayrı-ayrı maddələrlə cinayət işi hazırdır. Amma görünür, o riskə hələlik gedə bilmirlər. Pasportunuzu ala bildinizmi? Xaricə getmək imkanlarınız açılıbmı?

– Almamışam. Əlbəttə ki, imkan olsa, pasportumu alsam, bu bizim beynəlxalq əlaqələrimizə çox kömək edər və mən getmək istəyərəm. Amma hələ ki, pasport məsələsilə bağlı Avropa Məhkəməsinin qərarı qüvvəyə minməyib. Oktyabrın 16-da qüvvəyə minəcək. Ondan sonra da mənə elə gəlir ki, onlar dərhal pasportu gətirib, mənə verməyəcəklər. Maksimum bu proseduru uzadacaqlar. Amma açığı, Avropa Məhkəməsinin qərarından sonra bir az gec və ya tez pasport alacağımı artıq düşünürəm.

– Əli bəy, bu sualı mütləq verəcəm.

– Buyurun…

– Çünki bilirəm ki, bu sualı verməklə sizə qarşı sui-istifadə edirəm…

 

II hissənin sonu

11997404_939435799451428_171175066_n 11998117_939435796118095_770397504_n 11995544_939435822784759_1052951351_n 11845200_939293309465677_304625747777645163_o 11997875_939435812784760_1225729830_n 11997152_939435819451426_836021586_n 11995710_939435816118093_456315564_n 11958117_939293312799010_8487733858856377075_o 11998707_939435826118092_1078175946_n

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button