İlham Əliyevin kritik Gürcüstan səfəri başlayır

 İlham Əliyevin kritik Gürcüstan səfəri başlayır

Azərbaycan prezidentinin ziyarəti bir neçə mühüm suala aydınlıq gətirməlidir; Tiflis ikitərəfli əlaqələrdə “qırmızı xətt”i keçərsə, Bakıdan sanksiya xəbərdarlığı da ala bilər…

 
 
İki gün sonra – noyabrın 6-da, bəzi məlumatlara görə isə bu gün – noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri başlayacaq. Xəbər verildiyi kimi, səfər Gürcüstan baş naziri İrakli Qaruibaşvilinin ötən ay Bakıya elədiyi ziyarət çərçivəsində razılaşdırılıb.
Xatırladaq ki, Qaribaşvilinin Bakı səfəri qəfil xarakter daşımış və qonşu ölkə yetkililərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından dərhal sonraya təsadüf eləmişdi.
Belə ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze “Qazprom”la Gürcüstan arasında qaz təchizatına dair danışıqların aparıldığını, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələrin getdiyini, bu məqsədlə Tehrana səfərə hazırlaşdığını söyləmişdi.
Bütün bunlar əlbəttə ki, xeyli müddətdir Gürcüstana ucuz qaz satan, eyni zamanda bu ölkənin energetika bazarında əsas oyunçu olan Azərbaycanı narahat etməyə bilməz. Müşahidəçilərə görə, Qaribaşvilinin Bakıda prezident İlham Əliyevlə 3 saata yaxın davam edən danışıqlarda nəticə hasil olmadığından, İlham Əliyev özü Tiflisə səfər etməyi qərara alıb.
Ayrı sözlə, səfər kritik xarakter daşıyır və bəzi “i”lərin üzərində nöqtə qoymalıdır.
***
Gerçək bundan ibarətdir ki, Tiflis qaz bazarında bir-birinə rəqib olan Rusiya və İranla qaz danışıqlarınnı davam etdirir. Ötən saylarımızda qeyd elədiymiz kimi, ilk baxışda Gürcüstan hökumətinin soyuq qışın astanasında qaz satıcılarının sayını artırmaqla daha ucuz mavi yanacağa ümid eləməsi anlaşıqlı görünə bilər. Ancaq təbii qaz çoxdan postsovet məkanı və Avropa ölkələri üçün geosiyasi amil, Kremlin rəqib dövlətlərə təzyiq və şantaj vasitəsi rolundadır. İşin ən maraqlı tərəfi də zatən, budur.
Belə görünür, Tiflis bir güllə ilə “3 dovşan” vurmaq istəyir. Söhbət Azərbaycanla yanaşı, Rusiya və İranı da Gürcüstan qaz bazarına cəlb eləməklə həm iqtisadi (kommersiya) qazancı əldə eləməyə, həm də ən önəmlisi, siyasi divident götürməyə can atır.
Tiflis hökuməti əlbəttə ki, İran üzərindən sanksiyaların götürlməsindən sonra Tehranın qaz ehtiyatlarının Avropa bazarıma çıxarılmasında tranzit ölə kimi öz önəminin artdığını bilir. Bu marşruta dərhal Ermənistanın da maraq göstərməsi məntiqlidir.
Bir sıra ekspertlərə görə, məsələ ortaya çıxan kimi Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana yollanması məhz İran qazının Gürcüstana çatdırılımasına dair regional layihədə Ermənistanın iştirakına nail olmağa hesablanıb. Belə ki, səfərdən bir gün öncə gürcü KİV-lərində İran qazının Gürcüstana Ermənistan ərazisindən keçəcəyinin mümkünlüyü haqda məlumatlar gedib.
Sərkisyanın öz hədəfinə çatıb-çatmadığı hələlik bəlli deyil. Ancaq faktdır ki, səfər zamanı o, Gürcüstanın rəsmi şəxsləri ilə yanaşı, sabiq baş nazir, indiki hökumətin  sponsoru və ideoloqu, milyarder Bidzina İvanişvili ilə də bir araya gəlib hətta kilsəyə birgə gediblər.
İvanişvili isə Qərbə inteqrasiya kursu götürmüş Gürcüstanla Rusiya arasında yaxınlaşma layihələrinin memarı, hökumətin “boz kardinalı” hesab edilir. Azərbaycandan asılılığı azaltmağa yönəlik son qaz manevrləri də onun adı ilə əlaqələndirilir.
***
Azərbaycan prezidentinin Tiflis səfəri gürcü qaz bazarı, bütövlükdə Gürcüstan ətrafında yaranmış belə bir qəliz dönəmə təsadüf edir və bir neçə mühüm suala və Gürcüstan hökumətinin siyasi iradəsinin sərhədlərinə aydınlıq gətirilməlidir: 
1.Tiflisin Rusiyaya yaxınlaşma planları nə dərəcədə ciddidir və hara kimi nəzərdə tutulub?
 “İvanişvilinin uşaqları” Qərblədir, yoxsa. Rusiya ilə? Kremlə reveransların arxasında hansı zərurət durur?    
Burdaca vurğulayaq ki, Gürcüstan Azərbaycanın yeganə və əsas “Qərb qapısı” hesab edilir və Bakının Moskva ilə münasibətlərinə bu qapının mövcudluğu ciddi təsir edir.
2. Tiflis-İrəvan energetik əməkdaşlığı realdırmı və işğalçı ölkənin energetik durumunun Gürcüstan və İran hesabına yaxşılaşması, blokadasının zəifləməsi gözləniləndimi? 
3. Ermınistandan keçən qaz kəmərinin ardınca Tiflis Rusiyadan Abxaziya və Ermənistana gedən dəmiryolunun bərpasına  da razılıq verə, bununla da işğalçını durumunu daha da yaxşılaşdıra bilərmi?
***
Qoyulan sualların cavabları ilə yəqin ki, Bakı-Tiflis, hətta Tiflis-Ankara münasibətlərinin yaxın perspektivinə aydınlıq gələcək. Bəzi təhlilçilərin ehtimallara görə, yeni situasiyanın diktəsi altında Azərbaycan Gürcüstana sanksiya xəbərdarlığı da edə bilər. Çünki erməni işğalı ikitərəfli münasibətlərdə “qırmızı xətt”dir.
“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button