İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Fevralın 19-da prezident İlham Əliyevlə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın görüşündə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı münasibətlər müzakirə edilib.

İ.Əliyev Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunaraq onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

O, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə öz əksini tapdığını vurğulayıb.

Öz növbəsində T.Klaar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyib, əməkdaşlığın yaxşı perspektivləri olduğunu bildirib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

İ.Əliyev bildirib ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir.

Dövlət başçısının sözlərinə görə, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button