İlham Əliyev Ramiz Mehdiyevi müavinsiz qoydu; PA-dakı dəyişikliyin pərdəarxası

Ölkə başçısı İlham Əliyevin Prezident Administrasiyasının (PA) strukturunda dəyişikliklər etdiyi və yeni təyinatlar verdiyi haqda xəbər yayılıb. Xəbərə görə, İ.Əliyev sərəncam verərək, Ramiz Mehdiyevi PA-nın rəhbəri kimi saxlasa da, buna qədər onun müavinləri olan şəxsləri həmin vəzifədən azad edərək, özünün köməkçisi təyin edib. PA-dakı yeni təyinatlar, məlumata görə, bunlardır:

Ramiz Mehdiyev – PA rəhbəri
Cəmilə Abbasova – prezidentin köməkçisi (əvvəllər də bu vəzifədə olub)
Altay Həsənov – birinci vitse-prezidentin katibliyinin rəisi
Azər Əmiraslanov – prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri (buna qədər yalnız PA şöbə müdiri)
Zeynal Nağdəliyev – prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, şöbə müdiri (buna qədər PA rəhbərinin müavini)
Fuad Ələsgərov- prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri (buna qədər PA rəhbərinin müavini)
Novruz Məmmədov – prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri (buna qədər PA rəhbərinin müavini)
Əli Həsənov – prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri (buna qədər də bu vəzifələrdə idi)
Əli Əsədov – prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, şöbə müdiri (buna qədər PA rəhbərinin müavini)
Natiq Əmirov – prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi, şöbə müdiri
Dilarə Seyidzadə – prezidentin katibliyinin rəisi, prezidentin köməkçisi
Azər Qasımov – prezidentin mətbuat katibi
Elçin Bağırov – prezidentin protokol xidmətinin rəisi
Tələt Məcidov- dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Eldar Nuriyev – dövlət nəzarəti şöbəsinin müdiri
Yusuf Məmmədəliyev – gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Şahin Əliyev – qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Süleyman İsmayılov – sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Səadət Yusifova – strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri.

Bu təyinatlarda yeni sima yoxdur, çünki onların hər biri buna qədər də həmin vəzifələri daşıyıb. Bir çoxunun vəzifəsinin adı belə dəyişməyib. Dəyişən yalnız odur ki, buna qədər Ramiz Mehdiyevin nəzarət etdiyi struktur indi birbaşa İlham Əliyevin öz nəzarəti altına keçir. Məhz indiyədək PA şöbə müdiri vəzifəsilə yanaşı, həm də PA rəhbərinin (yəni Mehdiyevin) müavinləri olan 4 nəfər həmin vəzifədən çıxarılaraq, prezident köməkçisi təyin edilib. PA rəhbərinin müavinləri postu isə belə görünür ki, ümumiyyətlə ləğv olunub. R.Mehdiyevə isə bəlkə də yaşını nəzərə alaraq, yalnız vəzifəsinin quruca adını saxlamağı rəva görüblər.

Bu yerdə qeyd edək ki, Ramiz Mehdiyevin PA-da ən etibarlı kadrı sayılan Fatma Abdullazadə (PA humanitar şöbənin müdiri) yeni təyinatlarda yer almayıb – onu vəzifəsindən azad ediblər. Hər halda məlumat bundan ibarətdir. Ondan başqa, prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin də vəzifədən azad olunduğu deyilir.

Məlumatlı mənbələrdən azadliq.info-ya sızan xəbərə görə, bu dəyişikliklər hakimiyyət orqanlarına artıq 2 gündür bəllidir. Məsələn, hətta rayon icra hakimiyyətlərinə qədər təlimat gedib ki, Zeynal Nağdəliyevə daha Prezident Administrasiyası rəhbərinin müavini yox, prezidentin köməkçisi kimi xitab olunmalıdır.

Dəyişikliklərin pərdəarxası mahiyyəti belə şərh olunur ki, bu, hakimiyyətdə Ramiz Mehdiyevin təsir gücünü tam aradan qaldırmağa yönəlib. Hakimiyyət kluarlarında bunu elə belə də adlandırırlar – “Mehdiyevin devrilməsi”.

R.Mehdiyevin belə “məxməri” şəkildə idarəçilikdən kənarlaşdırılmasına İ.Əliyevin öz xanımını birinci vitse-prezident təyin edəndən sonra başlandığı da diqqət çəkir. Əksər siyasi təhlilçilər bunu Paşayevlərin Naxçıvan klanı ilə çəkişməsi və ikincilərin məğlubiyyəti kimi şərh edir.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button