İlham Cəfərovun məhkəmə şousu…

Ali Məhkəmənin hakimi İlham Cəfərov Övladları “Qürur” duysunlar!

Həyat elə gətirdi ki, çox hakimlərlə üzləşməli olduq. “Yaxşı”sini da gördük, pisini də… Hakim  gördük ki, gözümüzün içinə baxa-baxa hökm oxudu. Elə hakim də oldu, tər tökə-tökə, bütün dünyanın cəzalarını boynumuza yüklədi. Hakimlərlə bağlı təcrübəmiz çoxdur. Artıq hansısa hakimlə bağlı əvvəlcədən kimlərdənsə, nəsə öyrənməyə çalışmırıq.

Üzünə bir dəfə baxmağımız yetərlidir ki, “hansı yuvanın quşu” olduğunu bilək. Azərbaycanın hüquq və ədliyyə sisteminin hansı vəziyyətdə olduğunu kiçik yaşlı övladlarımız bizdən daha yaxşı anlamağa başlayıblar. Onlar vərdiş ediblər. Biz vərdiş edə bilmirik. Onlar hakim əmilərindən heç nə gözləmirlər, amma biz Dövlət babamızdan gözləyirik. Bu qədər ədalətsizliyin ayaq tutub yeriyəcəyinə inanmırıq. İşıqlı günlərin arzusundayıq.

Əvəz Zeynallının Ali Məhkəmədə kassasiya şikayətinə baxılmalı idi. Hər zamankı kimi yığışıb, getdik. Yüksək təmirə heyranlıqla baxa-baxa, “kaş ki, çıxardıqları qərarlar da bu qədər ali ola” ümidilə məhkəmə zalına daxil olduq. Hakimlərin əyləşdikləri hissənin lap başında, tavana yaxın məsafədə yazılıb: “ədalətli mühakimə dövlətin əsasıdır”. Bunu da düz tərcümə etməyiblər, ən azı, bünövrəsi, təməli yazmalıydılar. Nə isə. Hakim İlham Cəfərov zala daxil olar-olmaz, “ayağa qalxın” əmri verildi. Ümumiyyətlə, mən Azərbaycan məhkəmələrdə insanların hansı səbəbdən, məcburən ayağa qaldırılmasını başa düşə bilmirəm. Bu qədər süni bir mühit yaratmaqla, məhkəmə oyunu düzənləməklə insanların gözünə pərdə asmaq mümkündürmü? Məncə, məhkəmələr o qədər ədalətli olmalıdırlar ki, insanlar təbii olaraq ayağa qalxsınlar. Yoxsa, durmağa da tənbəllik edib,  “yerindəcə müşavirə aparmaqla”, cəmi yarım dəqiqəyə insan taleyilə oynayan bu hakimlərə niyə bu qədər hörmətlə yanaşılmalıdır ki? Mən bilmirəm, dünyanın hansı yerində, hansı millət ədalətsiz, sifarişli qərarlar icra edən hakimləri daşa-qalağa basıblar. Amma belə bir hadisənin nə vaxtsa olacağına da adım kimi əminəm. Bu qədər haqsızlıqda boğulan insanların mühakiməsi daha ədalətli olur.

Yenə, nəsə... Zala girib, yerinə oturan kimi İlham Cəfərovun Ə.Zeynallının xarakterinə istiqamətlənən təxribatçı hay-həşirindən sonra onu haqsız olaraq zaldan çıxarması bizə çox şeydən xəbər verdi. Adam göz-görəsi özünü kimlərəsə göstəriridi. 46 yaşı olan bu adam çox güman ki, Ə.Zeynallı haqqında yaxşı məlumatlıdır və onun kimlərlə mübarizə apardığını da yaxşı bilir. Mətbuatın da zalda olduğundan xəbərdardır. Bu hərəkətilə mesaj atdı. Kimlərəsə mesaj atdı və dedi ki, baxın, görün mən nə elədim? Baş redaktor-filan da saymadım...” Bu mesaj həm də cəmiyyətə verilmiş mesajdır. Yəni, “mən heç bu millətin jurnalistini də saymıram, nəinki digərlərini... Belə heç kim də umrumda deyil”... Bu həm də hakimiyyətə atılmış mesajdır. Yəni, “nə olsun ki, başımın üstündə bu boyda şüar asmısınız, belə mən dövlətin əsasını (bünövrəsini, təməlini) belə əcəb eləyirəm, sarsıdıram. Bir filankəs də mənə gözün üstə qaşın var deyə bilməz”. Biz hakim İlham Cəfərovu belə gördük. Gördüyümüz hakimlərin ən, Ən, ƏN-i... Deyilənlərə görə, Naxçıvanda hüquq oxuyan İlham Cəfərov uzun müddət fəhləlik edib, demək evinə halal çörək aparıb... Sonralar isə, böyüyüb, böyüyüb... Və Böyük hakim olub. İndi onu da bilmirəm, evinə apardığı çörək zavod çörəyidir, yoxsa... Bircə onu bilirəm ki, kim olursansa ol, əgər vicdanın və ədalətin yoxdursa, sənə hörmət olunmamalı, cəmiyyətdən təcrid olunmalısan. Qanun vermədiyi cəzanı, cəmiyyət verməlidir... Yoxsa bu Böyük hakimlər cəmiyyətin bir nəfər də olsun sağlam düşüncəli insanına azadlıq verməyəcəklər.

Kimdir CƏFƏROV İLHAM MƏHƏMMƏD OĞLU?

Cəfərov İlham Məmməd oğlu 14 fevral 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşir (indiki Güney Qışlaq) kəndində anadan olub. 1984-1986-cı  illərdə hərbi xidmətini çəkib. 10 il sonra Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 2000-ci ildə oranı bitirib. 1986-1992-ci illərdə müxtəlif yerlərdə fəhlə işləyib; 1993-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi məhkəmə iclas katibi; 2001-2003-cü illərdə Naxçıvan MR Hərbi Məhkəməsində məsləhətçi; 2003-2007-ci illərdə Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsində hakim;2007-2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini; 2008-ci ilin iyunun 13-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Ailəlidir, 2 övladı var. 

Övladları “Qürur” duysunlar!

QİSURİ  

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button